adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Oktyabr 2020 17:21
209169
LAYİHƏ

ALBAN  ABİDƏLƏRİNİN MƏSKƏNİ - ZAQATALA

TARİXİ  ABİDƏLƏRİN  DƏRİN  SİRRLƏRİ VAR...

 

Zaqatala rayonu tarix və mədəniyyət abidələri ilə çox zəngindir. Əvvəlki yazılarımda Zaqatala şəhərinin mərkəzində yerləşən Alban məbədi və Zaqatala qalası haqqında qeydlərimi aparmışdım. Bu dəfə isə rayondaolan tarixi sınaqlardan keçərək bu günə qədər gəlib çatmış tarixi məkanlardan söhbət açacağam. Bu abidələr hər bir bölgənin ümumilikdə Azərbaycanımızın qədim tarixə malik olduğunu bir daha təsdiq edir. Söz yox ki, bunların içində kifayət qədər tədqiq olunmamış, lakin tarixi dəyəri böyük olan yerlər mövcuddur. Əlbəttə ki, tarixi abidələri qorumalı, onları yaşatmalı, tarixi ilə maraqlanmalı və kimliyindən asılı olmayaraq öyrənməliyik.

Bəs, görəsən Zaqatala rayonunun ərazisindəki müxtəlif dövrlərə aid olan abidələrin mühafizəsi necə təşkil olunub. Əvvəlcə Respublika Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini, Zaqatala mühafizəçiləri üzrə məsul şəxs Möminət Heydərova ilə ətraflı söhbət apardıq. O, bildirdi ki, rayonda qeydiyyata alınan 108 abidə mövcuddur. Abidələrin mühafizəsi ilə, bu işdə xüsusi təcrübəsiolan, tarixi məkanlara ürəkdən bağlı, onların qorunması üçün xüsusi zəhmət çəkən və tez-tez baxış keçirən 10 nəfər məşğul olur. Bu kollektivin üzvlərindən olan Abdurahman Musayev, Şəmsiyyət Abdullayeva, Aşurey Nusalova, Pərvanə Zülfüqarova, Ruqiyyət Ramazanova, Tərgül Məmmədova, Rəna Hüseynova, Kamil Vəliyev və digərləri rayon ərazisində bölünərək tarixi abidələrin mühafizəsi ilə məşğul olurlar. Eyni zamanda onlar çox çətinliklərə baxmayarq, həmin tarixi abidələri təmiz saxlamaq, sökülməməsi, dağılmaması, kimlərsə tərəfindən qazılmaması, məhv edilməməsi üçün çalışırlar. M. Heydərovanın sözlərinə görə mühafizəçilər, tarixi abidələrin tarixini, köklərini, neçənci əsrdə, kimlər tərəfindən, nə məqsdələ qurulması, tikilməsi ilə maraqlanır - araşdırmalar aparırlar.

Onlar bu tarixi abidələri seyr etmək istəyən insanlara qoşunalaraq, onların maraqları dairəsində tarixi abidələrlə tanış edir və abidələr barəsində ətraflı məlumatlandırırlar. Möminət xanımın sözlərinə görə bu abidələr öz əhəmiyyət dərəcəsinə görə bölünürlər. Zaqatala bölgəsində yerləşən onlarla məbədlərin tikintisi eramızın IV-V əsrlərində aparılıb. Bu abidələrin içərisində məscidlər, minarələr, qalalar, yaşayış evləri də vardır. Möminət xanım qeyd etdi ki, Zaqatala rayonunda 47 qədim məscid var. Belə ki, rayonun Əliabad qəsəbəsində, İkinci Tala, Yuxarı Tala, Muxax, Mosul, Car, Yuxarı Çardaxlar, Suvagil, Mamrux, Göyəm və digər kəndlərdəki ən qədim tarixə malik məscidlər sovet dövründə başqa məqsədlər üçün istifadə olunsa da, müstəqillik qazanılandan sonra həmin irili-xırdalı məscidlər əhalinin ixtiyarına verilib. Həmsöhbətim söylədi ki,abidə mühafizəçiləri Qafqaz müsəlmanları idarəsinin Zaqatala rayonu üzrə qazılığı ilə birgə fəaliyyət göstərən və göstərməyən məscidlər, pirlər, ziyarətgahlar haqqında mütəmadi olaraq araşdırmalar aparır və məlumatlar toplayırlar. Möminət xanımla söhbət əsasında məlum oldu ki, tarixi sirlər yatan, təhqiqatlar böyük ehtiyac olan - Alban abidələrinin əksəriyyəti rayonun dağlar qoynunda yerləşən - Yuxarı Tala, Yuxarı Çardaxlar, Mamrıx, Car, Axaxdərə, Qəbizdərə, Taxtalar, Mazıx və digər kəndlərində inşa edilib. Söhbətimizə qoşulan uzun illər abidə mühafizəçiləri işləyən Abdurahman Musayev və Şəmsiyyət Abdullayeva xidmət etdikləri ərazilərdəki tarixi abidələrdən maraqlı faktlar söylədilər. Onların bildirdiklərinə görə rayon ərazisindətikilən bu monastrların, məbədlərin, tarixi tikililərin və Pəri          adlanan bir neçə qalanın oxşarlığı və tarixi kökləri ilə bağlılığı var. Onlarda etiraf etdilər ki, Zaqatala rayonundakı hər bir tarixi abidənin bərpasına, elmi əsaslarla araşdırmasına böyük ehtiyacı vardır. Abdurahman Musayev Yuxarı Tala kəndindən Pipan ərazisində yerləşən Alban monastrından daha ətraflı danışdı. Qeyd etdi ki, Yuxarı Tala kəndində abidələr çoxdur. Bu da onu təsdiq edir ki, bu torpaqlar qədimi yaşayış məskəni olub və eramızdan əvvəl 3 -cü əsrdə təşəkkül tapan və eramızı VII əsrinə qədər 1000 illik bir dövr hökmranlığını sürən - Alban dövlətinin mövcud olduğu yerlərdir, bu yerlər. Bütün bunları sübut edən maddi - mənəvi, tarixi nümunələr və abidələr var. Düzdür, bu tarixi yerləri az sayda insanlar seyr edir, maraqlanır və narahat olur.

 

TARİXİN  YADİGARI  - PİPAN

 

Qeyd etdiyimiz kimi - Alban dövlətini quranlar tarixi yaşatmaq üçün əsasən təbiətin əsrarəngiz güşələrində məskən salır və abidələr inşa edirdilər. Şübhəsiz ki, bu albanların tarixi köklərindən qaynaqlanır. Abdurahman müəllim bilirdi ki, Pipan - Yuxarı Talanın yuxarısında, yəni, gündoğan istiqamətində, dağların ətəyində yerləşir. Kənddən xeyli yüksəklikdədir. Burada qədimdən yaşayış var.

Təcrübəli mühafizəçi - bələdçi Abdurahman Musayev rayon ərazisində olan digər Alban məbədlərinin "Pipan"dakı Alban monastrının bənzəri olan dəlillər-cəhətlər çoxdur. İki növbədə yaşayış yerlərində inşa edilən Alban abidələrinin əksəriyyəti sıx meşələr içərisində tikilib. Digər tərəfdən isə "Pipan"ın ərazisində çox saylı yerə basdırılmış küplərin olması - bu yerlərin qədim yaşayış yerlərinin olmasına əyani sübutdur. Hətta söyləyirlər ki, yerli əhali həmin iri küplərin bir neçəsini çıxarmaq istəyib, ancaq bacarmayıblar. Hal-hazırda həmin tarixi əşyalar mühafizə olunsa da arxeoloji qiymət verilməli, onlar qeydiyyata alınmalıdırlar, lakin təşəbbüs göstərən hələlik yoxdur.

Alban monastrı - səfalı, valehedici mənzərəli dağların qoynunda yerləşir.

Buralar əsil turizmin inkişaf etdirilməsi üçün əlverişli yerlərdir.

Amma bu təşəbbüsü də göstərən yoxdur. Qeyd edək ki, "Pipan"ın yuxarı hissəsində - meşələrin içərisində Alban gülləsi yerləşir. Abdurahman Musayevin verdiyi məlumata görə, ikinci tarixi abidə olan - Alban monastrı - "Pipan"dan xeyli aralı, dəniz səviyyəsindən 2000 metr hündürlükdə - "Buxov" dağında inşa edilib. İndi isə sökülüb, dağılan - bu Alban abidəsinin əsaslı təmirinə və bərpasına böyük ehtiyac var.

Haşiyə: Məlum olduğu kimi bir müddət əvvəl - Mədəniyyət Nazirliyində aparılan yoxlamalar zamanı, Nazirliyin məsul şəxslərinin dövlət tərəfindən tarixi abidələrin bərpası, təmiri, qorunması üçün ayrılan milyonlarla vəsaitin mənimsənildiyi aşkar edilib və bu cinayət əməllərinə görə də bir qrup nazirliyin məsul əməkdaşları cinayət məsuliyyətinə cəlb ediliblər. Halbu ki, həmin vəsaitlər sökülüb-dağılan tarixi abidələrin-incilərin bərpası, yaşadılması və yaşaması üçün ayrılmışdır.

Əgər, həmin vəsaitlər düzgün istiqamətləndirilsəydi - bu gün tarixi abidələrin mühafizəçiləri öz vəsaitləri hesabına tarixi yaddaşlarımızın yaşadılmasına çalışmazdılar.

Qeyd etdiyim kimi, Yuxarı Tala kəndinin yuxarı hissəsində, dağ silsiləsində ciddi bərpa olunması və tam təhqiqat mövzusu olan - Alban məbədinin uzaqda yerləşməsi bir sıra problemlər yaradır. Abdurahman müəllimin sözlərinə görə abidənin girişi arko formasındadır, divarı 1 metr, 20 santimetrdir, məbədi uzun bir salonu xatırladır, uzunluğu 15 metr, eni 9 metrdir, hündürlüyü isə 10 metrdir.

Mühafizəçi öz gördüklərinə istinadən deyir ki, Şimal divarında üst örtük hissəsində çox saylı küpə şəkilli günbəzlər var, bu günbəzlərin əksəriyəti divar boyu kiçik və böyük ölçüdə düzülüb və dururdu.

İndi isə həmin incilər nadanlar tərəfindən dağıdılıblar. Güman ediblər ki, içərisində qızıl var. Mühafizəçi hətta bur faktı da xatırlatdı ki, tarixi yaddaşı olan Alban monastrının 90 -cı illərdə partladıblar. O zamanlarda nadanlar qızıl axtarıblar. Həmin tariximizə qəsd edənlər bir neçə dəfə qrup şəklində gələrək gah dağıntı, gah qazıntı işləri aparıblar. Təəssüflər olsun ki, hələ də belə tarixi abidələri qorumaq əvəzinə dağıdanlarda var və belələrinə qarşı hər bir vətəndaş sərt mübarizə aparmalıdır.

Zaqatala rayon abidə mühafizəçiləri üzrə məsul şəxs Möminət Heydərova söhbətin davamında bildirdi ki, mühafizəçilər ayda iki dəfədən az olmayaraq ərazilərə bölünmüş abidələrdə olur və onların ətrafını kol-kosdan, zir-zibildən, artıq bitmiş sarmaşıqlardan və yabanı ağaclardan təmizləyirlər. Eyni zamanda qeyd olunmuş abidələr dövlət tərəfindən qorunur, bütün abidələrə inventar nömrəlri mühafizəçilər tərəfindən dəmir lövhələrə yazılaraq tarixi abidələrin üzərinə vurulub.

Mədəni irsimizin qorunması, təbliğivə tarixi abidələrlə tanışlıq istiqamətində müəyyən işlər görülməkdədir. Bu işləri davamlı edən rayonun tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsi Zaqatalaya gələn ziyarətçilərə, qonaqlara, turistlərə rayonun tarixi abidələri barəsində ətraflı məlumatlar verilir və onları tarixi məkanlarla tanış edirlər. M. Heydərovanın sözlərinə görə hər il aprel ayının 18 - Beynəlxalq Abidələr və Tarixi yerlər günü və 18 may Beynəlxalq Muzeylər günü münasibəti ilə müxtəlif tədbirlər keçirilir, məktəblilər, gənclər Zaqatala Tarix Diyarşünaslıq Muzeyinə, Alban abidələrinə, Zaqatala Qalasına və tarixi abidələrə ekskursiyalar təşkil olunur. Həmçinin bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, turizmin inkişafı çərçivəsində-Azərbaycanda fəaliyyət göstərən 50 -dən artıq diplomatik nümayəndələrin rəhbərləri Zaqatalada olmuş-rayonun tarixi məkanları ilə tanış olmuş və rayonun tarixi ilə tanış olmuş, Zaqatala Qalasında olublar. Lakin hələ də rayonda qeydə alınmayan abidələr, daş salnamələr, pirlər, ziyarətgahlar az deyil. Söz yox ki, məsul şəxsin də etiraf etdiyi kimi tarixi abidələrin təmirinə ehtiyac çoxdur və abidələrin tarixinin öyrənilməsi, tədqiqi, araşdırılması isiqamətində də işlər istənilən səviyyədə deyil.

Əlbəttə ki, Zaqatala rayonunda mövcud olan tarixi məkanlarla bağlı sözümüzü yekunlaşdırırıq. Növbəti yazılar rayonun digər kəndlərindəki alban abidələri barəsində olacaq. Tariximizi yaşatmaq, tarixi abidələrimizi qorumaq və öyrənmək isə hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

 

Elman Maliyev

AJB-nin üzvü. araşdırmaçı-jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.