adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Fevral 2023 15:09
623
ƏDƏBİYYAT

Ayaz Arabaçıdan bir şeir

Bahardan oxuyur bu qış küləyi,
Bahardan oxuyur bu boz sərçələr.
Bahardan oxuyur şair ürəyi-
Bu-günə sabaha könlüm dirçələr..
Şütüyər təzədən sirli qartarlar,
Təzədən  canlanar ömür vağzalı..
Mənim bu bahara çox ümidim var-
Belimdə anamın isti yun şalı..
Qaynayar təzədən torpağın qanı,
Çöllərin təzədən nəşəsi artar.
Təzədən isinər günəşin  canı,
Çıxıb zirvələrə özünü dartar.
Rədd olub yox olar bu soyuq kədər,
Başımız üstündən duman seyrələr.
Babam bir papiros çəkənə qədər,
Durnalar təzədən qayıdıb gələr.
Bir qapı döyülər astaca tıqq-tıqq,
Bir gözəl qapıya sevincək çıxar.
Görər ki, hər yanda bahardı, artıq,
Toz-torpaq içindən min çiçək çıxar.
Bir də, zarafata yağış başlayar,
Bir də, yaxınlıqda bir at fınxırar.
Alaram, yığaram kim nə xoşlayar,
Ağır çamadanlar qolumu qırar.
Titrəyər kiminsə çiynimdə əli.
Yerində fırlanıb kişnəyər o at,
Ucalar gözümdə ümid heykəli,
Bir azca dadlanar bu yoxsul həyat...
Bahardan oxuyur bu qış küləyi,
Bahardan oxuyur bu boz sərçələr.
Bahardan oxuyur şair ürəyi-
Bu-günə sabaha könlüm dirçələr..