AZAL ADB-nin dəstəyi ilə dayanıqlı aviasiya üzrə texniki layihəyə başlayıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC və Asiya İnkişaf Bankı (ADB) "ESG-nin əməliyyatlaşdırılması" (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.
Adalet.az AZAL-a istinadən xəbər verir ki, layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Memorandumu AZAL-ın prezidenti Samir Rzayev və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal imzalayıb. Tədbirdə ADB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.
ADB-nin maliyyələşdirdiyi texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək "ESG-nin əməliyyatlaşdırılması" layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.
Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və "yaşıl" aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.
"ADB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda, o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək," – deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.
"ADB Azərbaycanın aviasiya sektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi qarşımıza məqsəd qoyuruq", – deyə ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal qeyd edib.
Həmçinin ADB və AZAL arasında əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri araşdırılır.
ADB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və "Sıfır/Sıfıra Yaxın Emissiya Planı"nın ("Net/Near Zero Emissions") icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.
Digər Xəbərlər
09 Dekabr 2025 17:51
ANAMA və GICHD minatəmizləməyə dair memorandumun icrasını müzakirə edib
09 Dekabr 2025 17:20
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
09 Dekabr 2025 17:13
Namizəd Səfərov saxlanıldı
09 Dekabr 2025 16:27


Bakı -°C

