adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2022 14:14
719
ELM VƏ TƏHSİL

AzMİU tələbələri diplomatik bacarıqlarını yoxladılar - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) AzMUN - Azərbaycanda BMT Modeli Kulublar Şəbəkəsi Fəaliyyətinin Dəstəklənməsi Proqramının təqdimatı keçirilib. 

Adalet.az xəbər verir ki, AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək tələbələrə hazırki geosiyasi vəziyyətdə gənclərin üzərinə düşən öhdəliklərdən danışaraq AzMUN proqramının əhəmiyyətinə diqqət çəkib. Orxan Naqdiyev bildirib ki, qloballaşma və dünyada toqquşan maraqlar ixtisasından aslı olmayaraq hər bir gəncin ölkəsini, xalqını və dövlətini diplomatik platformalarda təmsil etmək bacarığını labüd edir. Tələbələri proqrama qoşulmağa səsləyən prorektor qeyd edib ki, Prezident İlham Əliyevin dərin diplomatik səriştəsi və yüksək idarəçilik bacarığı Azərbaycan gənclərinə örnək və böyük məktəbdir. 

Daha sonra AzMUN komandasının rəhbəri Leyla Məmmədzadə və komandanın üzvləri Günəş Əliyeva, Fəxri Həsənov və Fərhad Abbasov proqram haqqında təqdimatla çıxış edərək geniş məlumat veriblər. Bildirilib ki, AzMUN proqramı Azərbaycanda gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların bu istiqamətdə motivasiyası və bir-biri ilə aktiv əlaqələrinin qurulmasına xidmət edir.

Tədbirin sonunda tələbələr arasında BMT modeli simulyasiya oyunu təşkil edilib və müxtəlif suallarla, müzakirələrlə onların diplomatik bacarıqları yoxlanılıb.