adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Fevral 2023 10:07
627
MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyasında Leyla Vəkilovaya həsr olunmuş anım tədbiri keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində  Leyla Vəkilovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra BXA-nın müəllim heyəti yaddaşlarda gözəl insan, peşəkar pedaqoq kimi böyük iz qoyan balet və klassik rəqs məktəbinin əvəzolunmaz siması Leyla Vəkilova haqqında xatirələrini paylaşıb.

Bildirilib ki, Leyla Vəkilova  Azərbaycanda milli balet məktəbinin inkişafında mühüm rol oynayıb:

“Leyla Vəkilova rəqslərində xüsusi  ifa tərzi, incəliyi ilə seçilirdi.  O, yüksək səhnə mədəniyyətinə və ifa texnikasına malik sənətkar olub. Peşəkar pedaqoq kimi hər zaman tələbələrinə dəstək verib, onların qayğısına qalıb. Bakı Xoreoqrafiya Məktəbində dərs deyən SSRİ Xalq artisti xoreoqrafiya sahəsində milli kadrların hazırlanmasında əvəzsiz rol oynayıb. Onun yetirmələri bu gün də sənət fəaliyyətlərini uğurla davam etdirirlər”.

Sonda Babək Abbaszadənin Azərbaycanın görkəmli nümayəndəsi Leyla Vəkilovanın həyat və yaradıcılığına həsr etdiyi “Qanadlı xatirələr” sənədli filmi nümayiş etdirilib. Filmdə Leyla Vəkilovanın müxtəlif illərdə A. Adamın “Jizel”, R. Qlierin “Qırmızı lalə”, P. Çaykovskinin “Sonalar gölü”, L. Minkusun “Don Kixot”, Ə. Bədəlbəylinin “Qız qalası”, Q. Qarayevin “Yeddi gözəl”, S. Hacıbəyovun “Gülşən” və digər balet tamaşalarında oynadığı yaddaqalan obrazları göstərilib.