adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Dekabr 2022 11:22
388
SAĞLAMLIQ

Bakı Xoreoqrafiya Akademiyasında QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) gənc nəsli zərərli alışqanlıqlardan çəkindirmək, narkomaniya, alkoqolizm və s. vərdişlərə qarşı mübarizə aparmaq məqsədilə “Biz sağlam həyat tərzini seçirik!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf  Tahir Eynullayev, elmi katib, dosent Həbibə Məmmədova, Tədris şöbəsinin müdir müavini Mirələsgər Aslanov, akademiyanın müəllim-tələbə heyəti və Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova iştirak edib.

Tədbiri giriş sözü ilə Tədris şöbəsinin müdir müavini Mirələsgər Aslanov açaraq, iştirakçılarını salamlayıb.  M. Aslanov dünya üzrə sürətlə yayılan İİV virusu və onun törətdiyi QİÇS xəstəliyinin beynəlxalq aləm üçün böyük bəla olduğunu, mövcud virusun cəmiyyətin sağlam inkişafına təhlükə yaratdığını və bu xəstəliyə yoluxmamaq üçün gənc nəslə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib.  

Sonra Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova çıxış edərək, QİÇS xəstəliyi, onun tarixçəsi, simptomları, yayılması, QİÇS-dən müdafiə yolları, laborator diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verib. 

“Dünyada hər il orta hesabla 2,5 milyon insanın İİV infeksiyasına yoluxur və 2 milyona yaxın insan bu xəstəlikdən vəfat edir. Məhz bu səbəbdən İİV virusunu pandemiya adlanır. Bu, virus dünya səhiyyə sistemi üçün qlobal problemlərdən biridir. Bu gün Azərbaycanda  İİV infeksiyası ilə mübarizə məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. İİV infeksiyası üzrə epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır və hazırda ölkədə sözügedən infeksiya ilə mübarizə aparan tibb müəssisələri şəbəkəsi mövcuddur”, -  o bildirib.

Daha sonra BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf  Tahir Eynullayevin çıxış edərək, tələbələrə İİV və QİÇS-lə mübarizəyə dair məlumat verib. O, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə sadiq, dövlətinə və millətinə faydalı nəsil olaraq yetişməsi  üçün sağlam həyat trəzini seçməyi tövsiyə edib.

Tədbir çərçivəsində İİV və QİÇS-lə mübarizə üçün tərtib edilmiş maarifləndirici təlim videoslayd şəklində nümayiş etdirilib. 

Diskusiya şəklində davam edən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələsgər Aslanovdur.