13 Iyun 2022 13:20
2478
MÜSAHİBƏ

"Bəzi adamlar elə bilir ki, bir və ya iki ay təhsil alıb istədiyi kimi..." - MÜSAHİBƏ

Əsrlərdir ki, insan mənəviyyatının əvəzsiz qidası sayılan musiqi hər birimizin qəlbində özünə yer tapa bilib. Hətta belə bir deyim var ki, kainatda hər şeyin ritmi var və hər şey rəqs edir. Beləliklə bu dəfə də musiqidən danışacağıq. Müsahibimiz, peşəkar ifaçı, vokal müəllimi tanınmış müğənni Murad Musayevdir.

- Murad bəy, necə oldu ki, müğənni olmağa qərar verdiniz?

- Deyim ki, mənə bu sahədə bacarıq irsi olaraq keçib. Əvvəlcə bir məqamı ifadə edim ki, mənim ata babamgil 1936 – cı ildə Şuşadan indiki Cəlilabad şəhəriylə sərhəd Farsabad şəhərinə qaçqın kimi məskunlaşıblar. Daha sonra babam tələbə ikən Lənkərana gəlib. Orda ailə qurub. Mən özüm də elə Lənkəranda doğulmuşam. Daha sonra Bakıya köçmüşük. 1996 – cı ildə 26 nömrəli musiqi məktəbinin fortepiano şöbəsinə daxil olmuşam. Eyni zamanda vokal dərsləri almışam. Elə həmin ildə Azərbaycan Dövlət Televiziyasının nəzdində olan “Çiçəklər” ansanblının solisti olmuşam. 2003 – cü ildə isə Milli Konservatoriyaya qəbul olmuşam. Bir çox Xalq artistlərindən və müəllimlərdən peşəkar musiqi təhsili almışam.

- Bu sənət yolunda ən çox sizə kimlər dəstək olub?

- Lap ilk addımlarımdan mənə Yusif Mustafayev dəstək olub. O həm də rəhmətlik atamın dostu idi. Mən bayaq qeyd etdiyim musiqi məktəbinə və “Çiçəklər” ansanblına da onun sayəsində daxil olmuşam. 2000 – ci illərdə idmana həvəsim çox idi. İdmanla ciddi məşğul idim. Qısa müddətdə ölkə cempionu oldum. 2003 – cü ildə mən İdman İnstitutuna hazırlaşırdım. Həmin vaxt Yusif müəllim bizə qonaq gəlmişdi. Söhbət əsnasında soruşub ki, Murad nə ilə məşğuldur? Atam da deyib ki, Murad İdman İnstitutuna hazırlaşır. Lakin Yusif müəllim etirazını bildirdi ki, Muradın istedadı var o musiqiçi olmalıdır. Onun idmançı olmasına icazə verə bilmərəm. Elə məhz həmin gün may ayının 30 – u tarixində məni özüylə bir toy məclisinə apardı. Və təbii ki, mənim musiqiyə də həvəsim çox idi. Elə o gündən mən də qərar verdim ki, musiqiçi olum. Və həmin ildə də Konservatoriyaya qəbul olundum.

- Daha çox hansı janrlara müraciət edirsiniz və bunun özəl səbəbləri varmı?

- Qeyd edim ki, 1998- ci ildə 26 nömrəli musiqi məktəbində Gülnarə Yusifovadan ilk vokal təhsilimi aldım. Daha sonra 2000 – ci ildə Xalq artisti mərhum sənətkarımız Mobil Əhmədovdan vokal dərsləri almışam. Mobil Əhmədov dahi Bülbülün tələbələrindən olub. Qeyd edim ki, üzərimdə Gülnarə xanımın zəhməti çox olub. Əslində İncəsənət Universitetinə qəbul olmaq istəsəm də qismətim Konservatoriya qəbul olmaq imiş. Bunun üçün də şükür edirəm. Daha sonra ilk muğam müəllimim isə mərhum sənətkarımız İslam Rzayev olub. Daha sonra Nəzakət Teymurovadan və Qəzənfər Abbasovdan dərs almışam. Sonuncu kursda isə Alim Qasımovun sinifində təhsil almışam. Və mən çox sevinirəm ki, belə sənətkarlardan dərs almışam.

- Bu gün həm də bir pedaqoq kimi çalışırsınız. Bu mənada ölkəmizdə ifaçılıq sənətini necə qiymətləndirirsiniz və vokal dərslərini tədris etməyə necə başladınız?

- Bu günkü gün üçün bu sual çox ağır sualdı. Mən peşəkar ifaçılardan dərs aldığımız üçün mənim üçün bu mövzu çox həssasdır. Qeyd edim ki, dərs aldığım ifaçılardan biri də Teymur Əmrahdır. 2009 – cu ildə “Azəri –star” musiqi müsabiqəsində ondan dərs almışam. Onun dərs zamanı ifası zəif uşaqlardan daha sonra aldığı müsbət nəticələri gördüm və bu mənim üçün böyük bir məktəb oldu. Məni heyrətləndirən o idi ki, bu adam az istedadı olan adamların ifalarını necə də gözəlləşdirir. Çalışmışam ki, bütün müəllimlərdən musiqini daha yaxşı mənimsəyim.

Vokal dərsləri və pedaqoji fəaliyyətə isə 2017 – ci ildən başladım. Bu da Allahın bir qisməti idi. Demək bir xanım mənə müraciət etdi ki, mən ifaçılıqla bağlı hazırlaşmaq istəyirəm və məndən köməklik istədi. Və mən razılaşdım. Tədris üçün müəyyən şərait də qurdum və xanımın gəlməsini gözlədim. Lakin bu xanım gələnə qədər mənim artıq 4 tələbəm var idi. Elə oldu ki, o xanım ümumiyyətlə gələsi olmadı. Beləliklə tələbələrimin sayı getdikcə artdı. Maraqlı bir təsadüf nəticəsində şükürlər olsun ki, bu fəaliyyətimə də başlamış oldum. Bu gün tələbələrim arasında çox peşəkar ifaçılar var. Və mən onlarla fəxr edirəm. Hətta onların çoxu xalqın sevimliləridir. Mənim ən çox zövq aldığım məqam odur ki, hər hansısa bir nəfəri sıfırdan hazırlaşdırıram və onun bəhrəsini görəndə isə bu mənim üçün çox dəyərli olur. Elə ifaçı var ki, gözəl səsi var lakin təhsil almağa maddi imkanı yoxdu. Belə şəxslər mənə müraciət edib və mən onlara dəstək olmuşam hazırda həmin şəxslər çox gözəl ifaçılıq bacarığına malikdirlər. Misal üçün bu gün 20 qədər tələbəm var ki, el şənliklərində çox peşəkardırlar. Mən həm də məclisin aparıcılığını da öyrədirəm. Bir sözlə işimdən böyük zövq alıram.

- Tələbələrinizdən gözləntiləriniz nələrdi?

- Tələbələrimdən gözləntim əsas odur ki, bayağı musiqidən bacardıqları qədər uzaq olsunlar. Həvəsi olan istənilən bir insanı bu işdən uzaqlaşdırmıram. Ona bir şans verirəm ki, özünü doğrultsun. Ən azı bir ay məşğul olaq yaxşı nəticə olsa davam edək, olmasa başqa sahədə özünü sınasın. Bu minvalla məndən dərs almağa təxminən beş il ərzində yüz əlli nəfər adam gəlib. Bəzi adamlar elə bilir ki, bir və ya iki ay təhsil alıb istədiyi kimi ifaçı ola biləcək. Lakin bu sənət çox zəhmət tələb edir. Mən ümumən 18 ildir ki, peşəkar şəkildə ifaçılıqla məşğulam. Lakin mən öz ifamda da nəsə çatışmazlıqları görəndə ehtiyat edirəm və dərhal yanlışları düzəltməyə çalışıram. Bu da musiqi tərbiyəsindən irəli gəlir. Ümumiyyətlə tələbələrimə və cəmiyyətə bayağı musiqidən tamam uzaq olmağı tövsiyyə edirəm.

- Sonda ifaçılıq sənətinə sahiblənmək istəyən gənclərə hansı tövsiyyələriniz var?

- Sualınızın kökü çox dərinlərə gedib çıxır. Mən bu dərinliklərə baş vursam çox adamlar məndən inciyəcək. O inciyəcək adamlar isə bu gün bir çox tanınmış, hegamon bəstəkarlardır. Təbii ki, onlar mənimlə razılaşmazlar, lakin siz məni düzgün anlaya bilərsiniz. Misal üçün siz yeni ifaçılıq fəaliyyətinə başlamısınız. Çox gözəl. Bir bəstəkardan mahnı alıb oxumaq istəyirsiniz. Müraciət etdiyiniz bəstəkar görəcək ki, sizin bu sahədən gəliriniz yoxdur. O sizə maksimum güzəşt etsə təxmini iki min manat dəyərində mahnı satacaq. Bundan sonra bu mahnını peşəkar aranjıman etdirmək üçün də ən azı min beş manat civarında maddi xərc çəkməlisiniz. Bu da təbii ki, təzə başlayan adam üçün bahadır. Buna görə də yeni başlayan şəxs mahnı axtarışına çıxır. Və hər hansısa bəstəkarlıq bacarığı olan bir adamın heç bir nota köçürülməyən həvəskar bəstəsini çox ucuz qiymətə almalı olur. Beləliklə həmin şəxs, aranjıman da daxil olmaqla iki yüz və üç yüz manat məbləğlə qeyri – peşəkar bir mahnı əldə etmiş olur. Beləliklə, qeyri – ciddi, qeyri – peşəkar musiqi, qeyri – ciddi söz cəmiyyətə aşılanır. Beləcə də gənclər də bu ifaları dinləyir və düşünür ki, musiqi elə belə olur və nə gözəl mahnıdır. Təbii ki, intellektual gənclər belə ifaları dinləməyəcək. Lakin təhsili olmayanlar üçün bu mahnılar hər zaman maraqlı olur. Bir acı həqiqət də var ki, hazırda cəmiyyətimizdə 70 faiz peşəkar musiqidən uzaqdı. Yəni böyük musiqi savadsızlığı var. Ona görə də bayağı musiqilər çox sevilir. Yəni bu mövzu çox dərindi. Çalışdım ki, müəyyən qədər sualınızı cavablandırım.

- Murad bəy maraqlı müsahibə üçün sizə təşəkkür edirəm və yaradıcılığınızda sizə yeni uğurlar arzu edirəm.

- Mən də sizə təşəkkür edirəm sizə də uğurlar.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə