adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Dekabr 2022 14:57
981
MEDİA

BİZƏ QƏZET LAZIM DEYİL!

Son illər qəzetlərin üzərinə bir səlib yürüşü təşkil ediblər. Gözəgörünməz qüvvələr qəzetləri hörmətdən salmaq üçün bütün vasitələrdən istifadə edirlər. Təki qəzetlər hörmətdən düşsün, bağlansın. Və əsas gücü verirlər saytlara. Çünki saytlarla işləmək asandır, istənilən vaxt istənilən materialı saytdan çıxarmaq olur, amma qəzetdən yox. Qəzet sənəddi, yüz il, min il qalır arxivdə. Amma saytlardan pozdurarsan, ya da Amerika istədiyi vaxt saytları bağlayar, vsyo.

Deməli, iş o yerə çatıb ki, bir çox rayonlarda hətta qəzet köşkləri yoxdur. Yəni oxucu istədiyi qəzeti istədiyi köşkdən ala bilməz. Qəzet köşkləri olmayan rayonların siyahısı məndə var, amma yazmıram. Yeni ilə qədər gözləyəcəm, hansı rayonda qəzet köşkü yoxdursa onda həmin rayonun icra başçısı, əleykümə salam.

Yeri gəlmişkən, heç bir rayonda kitab mağazası da yoxdur. Oxucu kitabı hardan alsın? Elə bil ki, bu millətin qəsdinə durublar – kitab oxuma, qəzet oxuma, yalnız sosial şəbəkələrdə trolların yazılarını oxu. Millətə qarşı düşmənçilikdi, bunu icra edənlər fərqindədirlərmi?

Deyəcəksiniz ki, qəzetlərə abunə olsunlar. Abunə də siyahıyladı, hansı qəzetə nə qədər, siyahı yuxarıdan verilir. Hətta elə bir siyahı verilir ki, icra başçıları siyahıdakı qəzetləri yazdıra bilmir, ona görə ki, əllərində heç bir təşkilat qalmayıb ki, onlara deyə bilsinlər.

Problem böyükdür, mövzuya qayıdacağıq.