adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Iyun 2022 12:41
1274
ƏDƏBİYYAT

Bünyamin Ülvi: Mən boyda dünyanı bu boyda dünya...

Taleyin oynuna niyə gətirdi?
Götürüb boynuna niyə gətirdi?
Bilmirəm qoynuna niyə gətirdi?
Mən boyda dünyanı, bu boyda dünya!

Özü özü boyda ayıbdı, görmür?
Məni oyum-oyum oyubdu, görmür?
Özünü korluğa qoyubdu, görmür?
Mən boyda dünyanı, bu boyda dünya!

O məni özünə bağlaya bilməz,
Ölsəm, anam kimi ağlaya bilməz,
Bircə yol yolumdan saxlaya bilməz,
Mən boyda dünyanı, bu boyda dünya!

Məni qəm, onu çən, hər gün bürüyür,
O daşdı, mən ömür, ömür çürüyür...
İllərdi elədən belə sürüyür,
Mən boyda dünyanı, bu boyda dünya!

Yerimi soruşur, oba da bilmir,
Səbadan soruşur, səba da bilmir,
Ay Allah, itirib tapa da bilmir,
Mən boyda dünyanı, bu boyda dünya!

Göylərə səfərmi eyləyəcəkdi?
Ya böyük hünərmi eyləyəcəkdi?
Tapsa bəxtəvərmi eyləyəcəkdi?
Mən boyda dünyanı, bu boyda dünya!

Falımı düz demir, rəml ata bilmir,
Mənim günəşimi parlada bilmir,
Başıma fırlanır, fırlada bilmir,
Mən boyda dünyanı, bu boyda dünya!

Deyəsən o məni devirəcəkdi,
Sonra adam kimi sevinəcəkdi,
Bir ovuc torpağa çevirəcəkdi,
Mən boyda dünyanı, bu boyda dünya!

Daşır, mənim kimi daşa da bilmir,
Arxamca bir yolluq daş ata bilmir...
Utanıb ölürmü, yaşada bilmir,
Mən boyda dünyanı, bu boyda dünya!