adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2022 13:06
233
GÜNDƏM

Buyurun, məni də söyün! - İlqar kamil yazır

"Sonuncu şam namazı" - Yeni film haqqında xüsusi qeydlər

Dünən sosial şəbəkələrdə bir xeyirli iş üçün yardım kampaniyası başladıldı, və cəmi bir saat ərzində, şükür olsun, lazım olan məbləğ yığıldı. Təşəkkür paylaşımının aşağısında dəyərli rejissorumuz Elçin Ağazadə zarafatla (nəzərə alın ki, hər zarafatın həqiqət payı var) yazmışdı: "Bir dənə mənim üçün də elan paylaş, kino çəkim: "Sonuncu şam namazı". 

Elçin Ağazadə bəlkə zarafat edirdi, amma məncə, əslində elə ən işıqlı yol da budur: işi daha keyfiyyətli işlə, pis romanı daha yaxşı romanla, pis sənəti çox gözəl bir sənət nümunəsilə cavablandırmaq! Ki, yeni əsər bağırmadan, qışqırmadan, astaca desin: "Elə deyil, bax, belə çəkərlər!" Tutalım, dindarlar arasında o dedikləriniz də var, lakin bunlar da var və bunlar daha çoxdur!" 

Fəqət bu yeni filmin çəkilişinə büdcə toplamaq üçün bir kampaniya başladın, görün məlum filmə təhqirlərin birini beş qəpikdən dağıdan qaqaşlar bu iş üçün bircə qəpiklərindən keçəcəklərmi? Məsələ budur. Dərd budur. Narahatlıq budur. Söyüş ona görə söyülür ki, havayıdır. Təhqir ona görə edilir ki, pulsuzdur. Siz buna nə cürsə bir ödəniş tətbiq edin, görün sosial şəbəkələrdə bircə dənə söyüş tapacaqsınız? 
Zibili zibillə təmizləməzlər, qardaşım, olmaz, alınmaz, əksinə get-gedə daha böyük bir zibil təpəsi formalaşar. Odur, əziz aydınlarımızı bu zibilləmə tendensiyası da narahat etməlidir, hətta bir çimdik artıq. 

Məsələn, mənə görə, Əli Şəriətini məhz bu fikirinə görə öldürüblər. Adam çıxışlarında bar-bağırırdı ki, ay ziyalılar, ay ictimai xadimlər, sualı düzgün qoymamısız, sual "hardan başlamalı?" deyil, "burada hardan başlamalı!!!" olmalıdır! Məhz burda, bu yerdə, bu məkanda, bu diyarda! Bir eybəcərliklə bu məmləkətdə necə döyüşməli, bu yurdda necə mübarizə aparılmalı! Mərhum universal islahatçılıq anlayışını hər məsələ üçün qəbul etmirdi, fransa xalqı üçün misilsiz fiqur olan Sartrı gətirsən, məsələn, deyirdi, İranda heç bir iş görə bilməz. 

Filan narahatlığı İran, Turan, Ərəbistan necə həll edib? Bizə nə? Belə məsələlər həmişə ümumbəşəri ola bilmir. Bizim ölkənin öz spesifik xüsusiyyətləri var, biz 70 illik SSSR-i əsarətində yaşamış (və öz dəyərlərini yaşatmış) xalqıq, fikirlərimiz, tənqidlərimiz və intonasiyalarımızda (!) bunu mütləq nəzərə almaq lazımdır. Xüsusən də onun formasında!

Odur ki, əsas, cavabdır, və mənə görə məlum filmə ən praqmatik, ən effektiv və ən mənalı cavab yeni bir film çəkmək olardı.

Başladın bir kampaniya, ya Allah, büdcə toplansa, filmin ssenarisi, böyük məmnuniyyətlə, məndən hədiyyə!

İkinci variant: buyurun, məni də söyün!