adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Yanvar 2023 16:53
3323
HÜQUQ

Cəmil Məmmədli barəsində cinayət işi açıldı - YENİLƏNİB

Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

Bildirilib ki, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Məlumatda o da bildirilib ki, Cəmil Məmmədli saxlanılmayıb.

***

Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədlinin itkin düşdüyü iddia olunub.

Adalet.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb. Qeyd olunub ki, C.Məmmədli dünən axşam saatlarında yerli polis şöbəsinə çağrılıb, daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi isə Cəmil Məmmədlinin tutulma xəbərini təkzib edib. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, jurnalist Cəmil Məmmədli polis şöbəsinə dəvət olunub, daha sonra isə sərbəst buraxılıb: “Onun saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

Daha sonra dostu Vüsal Başaratvi C.Məmmədlinin səs yazısını yayıb. Həmin səsdə jurnalist qeyd edib ki, hazırda Bakıdadır və Daxili İşlər Nazirliyinə qəbula gedir.