adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyul 2022 10:32
1259
ƏDƏBİYYAT

Ekshibisionizm

Ə. Teymur az yaşlı qızı zorladığına görə oğlu Miranşahı axtalatdırmışdı.

 

Ekshibisionizm, tibbdə buna esgibisionizm deyilir, nədir? Həkimlər ekshibisionizmi hər hansı psixoloji patalogiya, yaxud baş-beyinin orqanik zədələnməsi, eləcə də, içki aludəçiliyinin,narkomaniyanın səbəbi kimi izah edirlər. Bu terminin açıqlamasını hər kəs özü öyrənə bilər, sadəcə, onu deyə bilərəm ki, ekshibisionizm, ya sadizm, ya da mazoxizmdir; qorxutmaq və ya qarşı tərəfin aqressiv reaksiyası ilə öz istəklərini təmin etməyə deyilir. Qədim yunan filosofu Feofrast bu barədə yazır: "Abırsızlığı təyin etmək çətin deyil, bu açıq-aşkar görünən və eyni zamanda alçaqcasına edilmiş xuliqanlıq hərəkəti, insanın ən yaramaz vəziyyətidir. Belələri sərbəst qadınlara tuş gələndə tez plaşını qaldırır və...”

Hər ölkə ekshibisionizmə öz dininə, hüquq məcəlləsinə, milli adət-ənənəsinə görə münasibət bildirir. O mədəniyyətlərdə ki, çılpaq gəzmək ayıb deyil, o zaman ekshibisionizmi müşahidə edən də olmur. Qərb sivilizasiyasında eyni əməlin meydana çıxmasını, guya, cinsi istəklərin susdurulmasına xidmət edən puritan ideologiya ilə əlaqələndirirlər. Amma heç bir ölkədə cinsi istəklərin susdurulması deyə bir ideologiya yoxdur və ola da bilməz, amma cinsi istəklərin idarə olunması vacib sayılır və qanunla tənzimlənir. Bunun əksini düşünmək bütün insanların cinsi hüquqlarının qəddarcasına pozulması deməkdir.

Ekshibisionizm iki yerə ayrılır: həqiqi və qeyri-həqiqi. Həqiqi ekshibisionistlərin qurbanları, adətən, uşaqlar və çox gənc qızlar olurlar, amma bunun pedofiliya ilə həmişə əlaqəsi olmur, ona görə ki, ekshibisionistlər üçün yaş həddinin əhəmiyyəti yoxdur. Məsələn, ötən əsrin 79-80-ci illərində bu kimi hadisələrə şəxsən şahidlik etmişəm. Beş illik ali məktəb həyatımın yalnız bir ilini – yuxarıda tarixini göstərdiyim tədris dövrünü qızlar yataqxanasında yaşamışam. Əsasən, bazar günləri ekshibisionist tipli adam yataqxananın ətrafında peyda olur və yarımçılpaq vəziyyətdə bir yerdə dayanıb fasiləsiz olaraq otaqların pəncərələrinə baxırdı. Bu hadisə balkonda ipə paltar asan, yaxud pənəcərədən boylanan qızların nəzərindən yayınmırdı. Onlar əllərinə keçən kartof-soğanı həmin adam dayanan səmtə tullayırdılar. Sonralar heç vaxt belə hadisə ilə qarşılaşmadım və uşaq sadəlövhlüyü ilə düşündüm ki, hökümət bu tip xəstələri göz qabağından yığışdırıb.

Ekshibisionist öz aktını həyata keçirməklə nə gözləyir? O, hərəkətinin qarşılığında təbii və müəyyən kompleks reaksiya: qorxu, maraq, təccüb görmək istəyir. Başqa cür reaksiya bu kimi adamları təmin etmir, hətta görməməzlik, laqeydlik nümayişi onların obyekt olaraq seçdiyi qadına əziyyət vermək, gözümçıxdıya salmaq, hər yerdə təqib etmək kimi aqressiv rəftar etmələrinə səbəb olur.

Mən ona görə "qadına” deyirəm ki, ekshibisionizm kişiliyini itirmiş kişilərin özlərini kişi kimi hiss etmək cəhdindən irəli gəlir, amma qadınlıq itirilmir. Həyatda ekshibisionist qadınlara nadir hallarda təsadüf olunsa da, onların niyyəti ekshibisionist kişilərin niyyətləri ilə üst-üstə düşmür.

Mütəxəssislər tərəfindən həqiqi ekshibisionistlərin cavan, yəni təxminən 40 yaşa qədər olduqları söylənilir.

Heyvanlar aləmində ereksiya orqanlarının şişirdilməsi müəyyən hərəkətə keçmək üçün bir çağırış jestidir; bunu aqressiya, hücuma hazırlıq, güc göstərmə və hakim olmaq istəyi kimi də başa düşmək olar. Analoji halın insan cəmiyyətlərində fallik jestlərlə baş verməsinin simvolik mənası və yayılması ilə bağlı E. Master izah edir ki, ekshibisionizm köhnədənqalma instinktlərlə özünəinam hissinin, varlığını nümayiş etdirməyin tənasül alətilə təsdiqlənməsidir.

Həqiqi ekshibisionistlər Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10 baxışı üzrə) F65.2 kodu ilə xəstə sayılırlar və həkimlərin fikrinə görə, onların emosional tutmaları arasındakı müddət adi tələbatdan daha uzun çəkir.

Qeyri-həqiqi ekshibisionistlər nə yaş məhdudiyyəti tanıyırlar, nə də filan-filan koda görə xəstədirlər, onlar, sadəcə, öz əməllərini fallik jest, telefon xuliqanlığı və yaxud skatofiliya şəklində həyata keçirən əxlaqsızlardır.

Şəxsi fikrimə görə qeyri-həqiqi ekshibisionistlər bir mənbədən idarə olunurlarsa, daha təhlükəlidirlər. Görəsən, getdiyi bütün idarə və müvafiq yerlərdə qadının mütəmadi olaraq müxtəlif adamların fallik jestlərinə məruz qalması, yaxud eyni üsulla əlaqədə olduğu və olacağı bütün adamlardan onun əleyhinə istifadə olunması adi hadisədir? Kim bunu adi hadisə kimi qələmə verərsə, ya onun dünya görüşü məhduddur, ya da prosesin mahiyyətini gizlətmək üçün əks təbliğatla məşğuldur.

Ekshibisionizm termini daha çox kimlərə tanışdır? Əlbəttə, həqiqi ekshibisionizmi müalicə etməyə çalışan həkimlərə və ekshibisionizmin fəsadları ilə mübarizə aparan hüquq-mühafizə orqanlarına. Bu termin adı altında baş verən hadisələrin təsir dərəcəsi, episentri haqqında məlumat da onlara məxsusdur. Nəzərə alsaq ki, həm həkimlər, həm də hüquq-mühafizə orqanları ekshibisionizmlə mübarizə aparır və asayişin təmin olunması naminə aparmalıdırlar, onda müxtəlif yerlərdə müxtəlif adamların eyni qadına qarşı eyni şəkilli fallik jestlərini kim təşkil edə bilər və belələri ictimai qınaqdan necə kənarda qalırlar?

Bir şəxsin üzərində istənilən ölkəmiqyaslı səbəbsiz təzyiq cılız bir adamın layiq olmadığı vəzifəyə yiyələnməsi ucbatından baş verir. Bəzən onlar öz çirkin əməllərinə "tapşırıq” adı altında siyasi don geyindirməyə də çalışırlar, amma müvafiq orqanlara şikayət edəcəyin təqdirdə qorxudan yarpaq kimi əsirlər. Başa düşə bilmirsən, bu nə oyun, yaxud hansı oyundan kənar vəziyyətdir ki, heç bir "cəza üsuluna” uyğun gəlmir?

Qeyri-həqiqi ekshibisionistlər öz sıralarını qurban seçdikləri obyekt haqqında işlərinə yarayan şaiyə, böhtan, iftira yaymaqla çoxaldırlar.

İctimai qadınları zorlamaqla təhdid edən bəzi ölkələrdə müvafiq hərəkətlərdən təzyiq vasitəsi kimi istifadə oluna bilər və bu zaman qurban onunla niyə belə davranıldığının səbəbini yaxşı bilir. Əgər obyekt özünə qarşı təşkil olunan hər hansı uzunmüddətli repressiyanın səbəbini başa düşmürsə, deməli əliuzun şəxsin qərəzli və iyrənc təzyiqinə məruz qalıb: məmur özbaşınalığı və s. Vay o gündən ki, həmin qərəzli şəxs güc strukturlarında çalışsın.

Onu da qeyd etmək yerinə düşər ki, ekshibisionist olmaqdan ötrü insan təbəqəsi, insani kateqoriya, vəzifə, titul, dərəcə və s. heç bir rol oynamır; bu əməldən yeganə daşındırıcı xüsusiyyət insanilikdir.

Bəzi ölkələrdə ekshibisionizm çılpaqlıq ədəbsizliyi olaraq cinayət tərkibli hərəkət sayılır, amma dünyanın heç bir yerində normal hadisə kimi qarşılanmır. Aərbaycan Respublikasında da ekshibisionizm məsuliyyətə səbəb olur. Bu məsələni araşdırarkən, təbii, AR – nın Cinayət Məcəlləsinə göz gəzdirdim və eyni zamanda təhqiqatçı bir polisdən soruşdum ki, əgər ekshibionist xəstə olarsa, o, öz əməlinə görə məsuliyyət daşımır? Cavabı belə oldu ki, xəstə xəstəxanada olar.

Ekshibisionizmdən ən çox əziyyət çəkən, yuxarıda qeyd etdiyimiz kimi, uşaqlar və gənclərdir. Müəyyən təcrübəsi olan qadın ekshibisionistin təsirinə iyrənc bir hadisənin şahidi olduğu qədər məruz qalır, o da ancaq bir-iki dəfə. Bir insanın həyatına davamlı ekshibisionist müdaxilə cəhdi heyvanların uyğun əməllərinə müvafiq olaraq öz təsir effektini saxlaya bilmir.

Bildiyimiz kimi, insan olmağın əsas funksiyası mübarizədir, amma həyasızlıqla mübarizə aparmaq çətindir. Kimsə şüurlu və davamlı şəkildə ekshibisionizmlə məşğul olursa, deməli ən yaramaz heyvandır. Təcrübəsi olan qadınlar bu kimi heyvanlardan mümkün qədər qoruna bilirlər, amma uşaqlar və gənclərin zərər çəkməməsi, əsayişin pozulmaması üçün müvafiq orqanlardan bu məsələyə xüsusi diqqət tələb olunur. Yəqin ki, günü-gündən inkişafda olan AR – nın qeyrətli hüquq-mühafizə işçiləri bu məsələnin də öhdəsindən asanlıqla gələ bilirlər.

Göyərçin Kərimi AYB-nin üzvü