adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Dekabr 2022 12:26
2124
MÜSAHİBƏ

Elman Rəfiyev: "Buna görə bir çox tamaşaçımızı itirdik" - MÜSAHİBƏ

Həmsöhbətimiz bir çox sevilən rolların ifaçısı əməkdar artist, Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyevdir.  

-Deyərdim ki, ölkənin mədəniyyəti teatrdan başlayır. Pantomima Teatrının direktoru olaraq, Mədəniyyət Nazirliyindən teatrınıza qayğı görürsünüz?

-Günümüzdə mədəniyyətə töhfə verən bir çox teatrlar var. Mən o teatrların birində çalışıram. Dövlət Pantomima Teatrının həm direktoru, həm də aktyoruyam. Bu da mənim alın yazımda var imiş. Mən qismətə çox inanıram. Əgər Mədəniyyət Nazirliyinin dəstəyi olmasa, teatrlar tənəzzülə uğrayar. Biz hər zaman nazirlikdən teatrımıza qayğı hiss edirik. Bizim bu binamızın ( red: DPT-nın binası) Mədəniyyət Nazirliyinin maddi bazası hesabına səhnə və tamaşaçı zalı təmir olundu. Bunu Mədəniyyət Nazirliyi teatra olan qayğıdan irəli sürdü. Biz bir qurumuq. Teatrda olan problemlər üçün müraciət edirik. Nazirlik də bunu nəzərə alır. Digər məsələ isə aktyorların qostrol səfərinin səbəbkarı Mədəniyyət Nazirliyidir. Qostrol səfərini nazirlik maliyyələşdirir. Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətini xarici ölkədə təmsil etmək üçün teatrlara maliyyə ayrır. 

-Bu, həm aktyora, həm də tamaşaçıya hörmətdir. Elə deyil?

Bəli, əlbəttə. Teatrın təmirsiz vaxtında biz bir çox tamaşaçımızı itirdik. İnsanların bir çoxu təmirsiz zalda əyləşib tamaşaya baxmağı özünə sığışdırmırdı. Hətta elə insanlar olurdu ki, etiraz edirdilər. Tamaşaçılar tərəfindən “biz bu zalda əyləşə bilmərik”, “ bu kreslolar nədir”, “ bura çox şəraitsizdir” kimi fikirlər səslənirdi. Yəni belə insanlarla da rastlaşmışıq. İnsan var gəlir sənətə baxmağa, insan da var öz komfortun axtarır. Bu labüddür. Hörmətlə yanaşıram.

 

-Elman bəy, cəmiyyətdə müəyyən statusu olan tanınmış simalar sizin tamaşalarınıza bir küncdə oturub baxdıqlarını görmüşəm…

-
 Bəli, belə tamaşaçılarımız da var. Bizi hər halımızla sevən və yalnız sənət dəyər verən tamaşaçılarımız da var.

“Bəzi mətbuat nümayəndələri mənim başıma gələn hadisədən şou yaratdlar”

-Son zamanlar Kukla teatrında baş verənlərlə bağlı fikrinizi bilmək maraqlı olardı…

-Kukla teatrının direktoru Rəşad Əhmədzdə mənim yaxın dostumdur. Hətta mən ona böyük qardaşım deyirəm. Rəşad Əhmədzadənin teatrdakı fəaliyyəti bir örnəkdir. O, gənclik illərindən böyük səhnələrdə və böyük sənətkarlarla birilkdə çalışıb. Hətta deyərdim ki, onun iş fəaliyyəti mənim iş fəaliyyətimdən qat- qat üstündür. O, hər şeyi dəqiqliklə icra edən insandır. Mən elə şeylər var ki, Rəşadla məsləhətləşirəm. İnanıram ki, haqq- ədalət öz yerin tapacaq. Müəyyən anlaşılmazlıqlar olur. Ancaq istəməzdim ki, bəzi mətbuat nümayəndələri ondan şou düzəltsinlər. Necə ki, mənim başıma gələn hadisədən şou yaratdlar. Teatr nə qazanır ki, ordan da nəsə yesin?! Bəzən qazandığımız uğurlarla yox, mənfi hadisələrlə məşhurlaşırıq. İnanıram ki, Kukla teatrında olan bu anlaşılmazlıq öz həllin tapacaq. Rəşad Əhmədzadə ömrünü Azərbaycan mədəniyyətinə sərf edən insandır. O, öz işinin peşəkarıdır. Onun adı mənfi işlərdə heç vaxt hallana bilməz. Çünki o, suyu üfürə-üfürə içən insandır.

- Mənimlə razılaşarsınız ki, Azərbyacan bütövlükdə teatral cəmiyyət deyil. Sadəcə cəmiyyətdə bir toplum var ki, onlar teatrı sevirlər.

- Doğru qeyd etdiniz. İndi teatra marağı olan çox az adam var. Amma bu, həmişə belə olmayıb.Bir zamanlar insanlar teatrlara axın edirdilər.

- Bir zamanlar “üçlük” idiniz… Ancaq sonra yollarınız ayrıldı…

- “Üçlük” yox, “Məşhur üçlük”. Bu adı bizə Əmirhüseyn Məcidov vermişdi. Qurban (red: Məsimov) Kukla teatrında öz ampulasındadı, mən gördüyünüz kimi Pantomima teatrında çalışıram, Pərviz(red: Məmmədrzayev) kino sahəsinə kifayət qədər uğur qazandı. Öndə qeyd etdiyim kimi, mən qismətə inanıram. Bizim yaşadıqlarımız alın yazımızdır. Və biz də bunu yaşayırıq.

-Amma bu üçlüyün arasında siz daha çox tanınmağa başladınız…

- Bilirsiniz, Pərviz kino sahəsində uğurlu işlər gördü. Qurban teatrda baş rejissor olsa da, bir zamanlar hər kəs tərəfindən sevilən məşhur seirala da çəkildi. Deməzdim ki, onlar tanınmır. Onların öz tamaşaçısı var. Düşünürəm ki, mən də Xəzər.TV-də yayımlanan “Ata ocağı” serialından sonra daha çox məşhurlaşmağa başladım.
Düşünürəm ki, hər üçümüzün sənət fəaliyyəti olduqca uğurludur. Yəni hər üçümüz də gördüyümüz işlərin ən mükəmməlini etməyə çalışırıq. Və buna da müəyyən qədər nail oluruq. Bunun da bir səbəbi var ki, bizi sözün əsl mənasında sənət fədaisi yetişdirib. Bu şəxsiyyət isə xalq artisti Bəxtiyar Xanzadədir.
Bəxtiyar Xanızadə Azərbaycan mədəniyyəti üçün uğurlu aktyorlar və rejissorlar yetişdirib. Nicat Kazımov, Rövşən İsax, Siyavuş Hüseynli, Azər Axşam, Pərviz Məmmədrzayev, Qurban Məsimov v.s onlarla aktyor və rejissorlar var ki, Bəxtiyar müəllimdən dərs alıblar.
Bəxtiyar müəllim öz tələbələri ilə çox məşqlər edir. Hətta hazırlanan bir tamaşaya tamaşaçı kimi baxır, rejissor və ya aktyor kimi yox. Dövlət Pantomima Teatrının aktyorları daim çalışırlar. Yeni tamaşalar üzərində məşq olunur. Mən deyərdim ki, teatr canlı sənətdir.

-Günümüzdə Pantomima teatrının tamaşaçısı sizi qane edir?

- Bəli. Bura bu teatrı sevənlər gəlirlər. Zal kiçik olsa da böyük sevgi ilə dolur. Tamaşa bitəndən sonra getmək istəmirlər. Bu yaxınlarda 7-ci sinif şagirdləri tamaşaya gəlmişdilər. Çingiz Aytmatovun “Manqurt” tamaşasına baxdılar. Tamaşadan sonra onlar rejissorla söhbət etmək istədilər. Təsəvvür edin ki, 7-ci sinif şagirdləri də bu teatrı sevdilər.

-Tamaşalarınızda uğursuz məqamlar olub?

-Bizdə uğursuz məqamlar demək olar ki, yox dərəcəsindədir. Bəxtiyar Xanızadə 1988-ci ilə bu teatrı yaradanda dedi ki, mənim yaratdığım teatrda hər şey zərgər dəqiqliyi ilə olmalıdır. Əgər biz tamaşaçı qarşısına çıxırıqsa, bir tamaşanı uzun müddət məşq etməliyik. Tam olaraq tamaşaya hazır omayana qədər onu tamaşaçıya təqdim etmirik. Bizim tamaşaçı qarşısında nəyisə səhv etməyə ixtiyarımız yoxdur. Çünki Bəxtiyar müəllim bizi işinin peşəkarı kimi yetişdirib.
Ustadımız tamaşaçı zalında əyləşib aktyora deyir ki, rolu elə oynamalısan ki, mən tamaşaçı olaraq bu obraza inanım.
Əlbttə ki, ekstrimal hallar qaçılmazıdr. Aktyor səhnədə yıxıla bilər, sürətli hərkət edəndə paltarı sökülə bilər, 1-2 dəqiqə səhnəyə gec çıxa bilər, qaranlıqda divara dəyə bilər bu kimi hallar ola bilər. Amma bu vəziyyətdən elə çıxmaq lazımdır ki, tamaşaçı baş verənləri hiss etməsin. Və biz də bunu bacarırıq.

“Aktyor serialdan o məqamda ayrılır ki…”

- İndi serialların çoxu uzunömürlü olur. Məlumdur ki, həmin seriallar tamaşaçılar tərəfindən sevilməsə 500, hətta 1000 bölümə qədər uzadılmaz. Bəs belə uzunömürlü seriallara çəkilmək aktyorları yormur ki?

-Doğru qeyd etdiniz ki, bu serial baxılmasa, reytinq toplamasa serialin çəkiliş heyəti həmin serialı sonlandırar. Məsələn, "Ata ocağı" serialı insanlar tərəfindən sevildiyi üçün bu qədər uzunömürlü serial oldu. Sualın ikinci hissəsinə cavab olaraq deyim ki, mən heç bir rolu oynamaqdan qətiyyən yorulmuram. Əksinə, hər gün işimdən daha çox zövq alıram. Mən kamera qarşısına keçməkdən inanılmaz zövq alıram. Özümü xoşbəxt hiss edirəm. Aktyor bu peşəni ona görə seçir ki, hər kəsdən fərqlənsin, məşhur olsun. Mən özüm bu sənətə seçilmək üçün gəlmişəm. Küçəyə çıxanda seçilim, cəmiyyət içində seçilim.
Küçəyə çıxanda heç kəs demir ki, Pantomima teatrının dirketoru, hamı deyir ki, aktyor Elman Rəfiyev.
Mənim ürəyimdə teatrın öz yeri var, kinonun isə öz yeri.Aktyor serialdan o məqamda ayrılır ki, ona başqa serialdan yüksək qonarar təklifi gəlir.

-Düşünürəm ki, bu da normal haldır. Aktyorun da sosial həyatı var…

-Əlbəttə, aktyorun da ailə qayğıları var. Hər kəs bizi ekranda obrazlarla tanıyır. Təbii ki, heç kəs bizim ailə qayğılarımızdan xəbərdar deyil. O üzdən də aktyor yüksək qonararlı obrazı seçirsə, onu qınamaq olmaz.

-Aktyor sənətini sevir, oynadığı rolları sevir, həm də ailəsini sevir. Yəni aktyor işindən qazanc əldə etməlidir axı…

-Bütün aktyorlar üçün ən həssas məqam budur. Biz sevdiyimiz peşə ilə məşğul oluruq ki, ailəmizi dolandıraq. Əvvəllər aktyorların maaşı çox aşağı idi. Ancaq Afaq xanımın (red: Bəşirqızı) məlum çıxışı aktyorların maaşına müsbət təsir etdi.

-Görünür, səlahiyyətli şəxslərdən çox Afaq Bəşirqızı teatrın qayğısına qalır…

- Bildiyim qədəri ilə Afaq xanıma orda söz verilməməli idi. Ancaq o, məqamında sözünü dedi. Düşünürəm ki, Afaq xanım bütün teatrlar adından haqq səsini ucaltdı.
Bu cəsarətinə görə, Afaq xanıma öz minnətdarlığımı bildirirəm.

Əntiqə Kərimzadə