27 Sentyabr 2024 19:11
59
SİYASƏT

"Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmalıdır" - Hikmət Hacıyev

"Ermənistan son 30 ildə Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, insanları qovub, məscidlərimizi və digər abidələrimizi yerlə-yeksan edib. Biz keçən il ərazi bütövlüyümüzün bərpası üçün hərbi əməliyyat keçirən zaman dinc əhalini bombalamadıq, istədikləri təqdirdə, qala biləcəklərini bildirdik, həmçinin əhalinin Ermənistana getməsi üçün dəhlizlər yaratdıq. Şərt ondan ibarət idi ki, onlar Azərbaycan vətəndaşlığını və qaydalarını qəbul etsinlər, əvvəllər olduqları “boz zona”da yaşamağı dayandırsınlar. Lakin onlar bunu qəbul etmədilər və demək olar ki, hamısı getməyə qərar verdi".

Adalet.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə geniş müsahibəsində deyib.

"Qarabağ ermənilərinin böyük əksəriyyəti, xüsusilə də kişilər hərbi fəaliyyətə cəlb olunub, Azərbaycana qarşı keçirilən əməliyyatlarda və döyüşlərdə iştirak edib. Geri qayıtmaq istəsələr, bizim vətəndaşlığımızı və qanunlarımızı qəbul etməli olacaqlar. Ancaq Ermənistan da öz növbəsində Qərbi Azərbaycan icmasına eyni hüquqları verməyə, onların öz evlərinə qayıtmalara imkan yaratmağa hazır olmalıdır", - deyə Prezidentin köməkçisi qeyd edib.