26 Sentyabr 2024 11:58
254
DÜNYA

Erməninin kanat yolu 3-cü dəfə beynəlxalq mükafata layiq görülür,Balakən kanat yolu isə "göz dağı"dır

Ermənistanın Zəngəzur vilayətindəki yerləşən “Tatev” kanat yolu yenidən turizm sahəsində “World Travel Awards 2024” nüfuzlu beynəlxalq müsabiqəsində “2024-cü ilin dünyanın aparıcı kanat yolu” nominasiyası üzrə namizəd olub.

Adalet.az xəbər verir ki, bu barədə “Tatev” kanatının ictimaiyyətlə əlaqələr şöbəsindən erməni mediasına məlumat verilib.

Məlumatda deyilir:"Layihə 2021 və 2023 - cü illərdə iki dəfə bu nominasiyada qalib olub . İndi o, Boliviya, Braziliya, Vyetnam, Kanada, Yeni Zelandiya, ABŞ və Cənubi Afrikadakı kanat yolları ilə də rəqabət aparır.

“Tatev” kanat yolu dünyanın ən uzun sərnişin kanatıdır. O, təkcə 5752 m uzunluğuna görə deyil, həm də cəmi 10 ay ərzində tikilmiş dünyada bu miqyasda yeganə mühəndis quruluşu kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Oxucularımıza bildirək ki, bu kanat yolu dünyada uzunluğuna görə ən uzun sərnişin daşıyan kanat yoludur . Kanat Ermənistan ərazisində Bərguşat dərəsi üzərində yerləşir. Alidzor və Tatev kəndlərini birləşdirir.

Kanat İsveçrə şirkəti olan Doppelmayr Garaventa Group tərəfindən inşa edilib. Açılışı isə 16 oktyabr 2010-cu ilə təsadüf edir. Layihə Ruben Vardanyan və Veronika Zonabend tərəfindən başlanmış “Tatev Revival” layihəsi çərçivəsində həyata keçirilir. Kanat yolu qeyri-kommersiya layihəsidir, bütün gəlirlər Tatev Monastırının bərpasına və yerli icmanın inkişafına sərf olunur.

 

 Bəs bizdə?


Yeri gəlmişkən, "Bəs Azərbaycanda kanat yolunun vəziyyəti necədir ?" sualına cavab tapmaq üçün internet üzərindən xırda bir araşdırma apardıq. 2024-cü ilin avqust ayının son ongününü ifadə edən bir məqalə ilə rastlaşdıq.
“Balakən rayonunda 2008-ci ildə açılan kanat illərdir istifadəsiz qalıb. Turistlər kanat adı ilə gəlirlər, görürlər bağlıdır, kor-peşman qayıdırlar”.

Bu şikayətlə “Qafqazinfo”ya rayon sakinləri müraciət edib.

Onlar bildirirlər ki, kanat yolu istifadəyə veriləndən sonra cəmi bir neçə il normal qaydada işləyib. Sonradan hansısa detalında nasazlıq yaranıb: “Kanat yolu rayonun mənzərəli yerində inşa olunub. Turistlər gələndə buradan ətrafı seyr edirdilər. İllərdir ki, hansısa xarab detala görə fəaliyyətini dayandırıb. Halbuki bunu təmir eləmək elə də çətin iş deyil”.



Problemlə bağlı Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, kanatın təmiri nəzərdə tutulub: “Kanatın troslarında müəyyən yeyilmələr var, bəzi detallarda amortizasiya var. Böyük xərc tələb edən bir ehtiyat hissəsində nasazlıq yaranıb. Biz onu tədbirlər planına salmışıq. Növbəti ildə təmir olunacaq. Bu vaxta qədər bağlı olması da tələb olunan vəsaitə görə idi”.

Qeyd edək ki, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən kanat yolu 2008-ci ildə istifadəyə verilib. Yolun uzunluğu 1200 metrdir. Altı kabinəli buraz (tros) yolundan saatda 216 nəfər istifadə edə bilər.


Əntiqə Rəşid