adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 May 2022 11:27
371
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Nasaz avtomobillər...

Onlar sizi yarı yolda qoya bilər

Heç kimə sirr deyil ki, indi hər markada müasir avtomobillər var. Təbii ki, avtomobil nə qədər təzə, yeni olsa onunla mənzil başına getmək daha rahatdır və təhlükəsizdir. Çünki yeni avtomobillər müasirliklə yanaşı, texniki cəhətdən də bütün tələblərə və ölçülərə cavab verir. Amma uzun müddət istismar olunan və texniki baxışdan keçməyən nəqliyyat vasitələri isə birmənalı olaraq həm sürücülər, həm də sərnişinlər üçün çox təhlükəlidir. Elə məhz buna görə də ildə bir dəfə markasından və istismar müddətindən asılı olmayaraq bütün avtomobillər texniki baxışdan keçirilir və bu texniki baxışlar zamanı həmin avtomobillərdə mövcud qüsurlar, çatışmazlıqlar aşkarlanır.

Təbii ki, yol polisi müayinə zamanı nəqliyyat vasitələrində aşkar etdiyi nöqsanları onların sahiblərinə bildirir və bundan sonra sürücülər mövcud texniki nasazlığı aradan qaldırır və bu problemlər həll ediləndən sonra yol polisi tərəfindən bir il müddətinə həmin nəqliyyat vasitələrini idarə etmək üçün texniki sənədlər verilir.

Aydındır ki, ölkəmizdə nəqliyyat vasitələrinin sayı bir milyondan çoxdur və onların heç də hamısı texniki cəhətdən saz deyil. Belə olanda bu avtomobillər texniki baxışdan keçirilir və bayaq dediyimiz kimi aşkar olunan nöqsanlar onu idarə edən sürücülərə çatdırılır. Bir faktı da qeyd edək ki, əksər sürücülər nəqliyyat vasitələrini müəyyən edilmiş vaxtlarda texniki baxışdan keçirsələr də, bəziləri bu müddəti pozur, hətta illərlə maşınlarını texniki baxışdan keçirməkdən yayınırlar.

Əlbəttə, hər hansı texniki baxışdan keçməyən avtomobil istismar olunarkən və respublika əhəmiyyətli, eləcə də şəhərdaxili yollarda hərəkət edərkən ağıllı radarlar vasitəsilə aşkar edilir və bu qanun pozuntusuna görə həmin sürücülər 50 manat civarında cərimə olunurlar. Ümumiyyətlə, hər bir sürücü öz hüquq və vəzifələrini yaxşı bilməli, üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməlidir. Belə vəzifələrdən biri də nəqliyyat vasitələrinin sürücülər tərəfindən hər il texniki baxışdan keçirilməsidir.

Aparılmış araşdırmalar və təhlillər nəticəsində məlum olub ki, hələ də ölkəmizdə bu il texniki baxışdan keçməyən çoxlu sayda avtomobillər var. Bu barədə bizə Baş Dövlət Yol Polisi idarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi Xalid Əzimov məlumat verir. Cənab rəis deyir ki, əməkdaşlarımızın araşdırması nəticəsində məlum olub ki, rayon və kənd yerlərində radarlara düşməyən çoxlu sayda texniki baxışdan keçməmiş nəqliyyat vasitəsi var və həmin nəqliyyat vasitələri ilk növbədə ekoloji tarazlığı pozur, atmosferə normadan artıq zərərli qazlar atır, üstəlik də idarə olunarkən başqa avtomobillər üçün təhlükə törədir. Xalid Əzimov bizimlə söhbətində onu da bildirdi ki, biz bir daha həmin sürücülərə müraciət edərək xatırladırıq ki, onlar nəqliyyat vasitələrini texniki baxışa təqdim etsinlər. Çünki elə avtomobillər var ki, nəinki bir il, iki il, üç il və daha çox illər keçsə də, texniki baxışa təqdim olunmur. Çünki onların sahibləri həmin texniki baxışdan keçməyən nasaz avtomobilləri kənd yollarında idarə edir, texniki baxışdan keçirmədiklərinə görə respublika əhəmiyyətli yollarda hərəkət etmirlər. Artıq yol polisi bu cür nəqliyyat vasitələrinin sahiblərini də aşkarlamağı bacarıb. Ona görə də bir daha onların nəzərinə çatdırırıq ki, əgər hər hansı bir nəqliyyat vasitəsi istismar olunursa, mütləq həmin avtomobillər ildə bir dəfə texniki müayinədən keçirilməlidir. Əgər nəqliyyat vasitəsi texniki müayinədən keçirilmirsə, bu birmənalı olaraq «İnzibati Xətalar Məcəlləsi»nin müvafiq maddəsi ilə sürücülər inzibati məsuliyyətə cəlb olunurlar. Yəni sadə dillə demiş olsaq, onlar cərimə edilirlər. Buna görə də hər bir sürücü məsuliyyətli olmalı, istər rayonlarda, istərsə də kəndlərdə avtomobilləri idarə edərkən ilin sonuna kimi həmin nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidilər.

Cənab rəisin fikirlərindən göründüyü kimi, hər bir sürücü avtomobilin texniki baxışdan keçirilməsinə barmaqarası deyil, məsuliyyətlə yanaşmalıdır. Barmaqarası yanaşmaq cərimə deməkdir, üstəlik də texniki cəhətdən nasaz avtomobilə hərəkət insanın həyatını təhlükəyə atır. Deməli, kimliyindən asılı olmayaraq, istər o avtomobil yeni olsun, istərsə də uzun müddətdir istismar edilsin, mütləq həmin nəqliyyat vasitəsi texniki müayinə təqdim edilməlidir.

Birmənalı olaraq hər bir sürücü yola çıxarkən idarə etdiyi avtomobilin bütün texniki göstəricilərinə diqqət yetirməlidir. Onun mühərrik sistemindən tutmuş, şinlərinə, işıq cihazlarına qədər və hətta şüşə təmizləyənə kimi diqqət mərkəzində saxlamalıdır. Çünki avtomobildə nasazlığın yaranması hər bir sürücünü və sərnişini yarı yolda qoya bilər və eləcə də onların həyatına təhlükə yaradar.

Bütün bunların qarşısını almaq üçün isə yeganə çıxış yolu avtomobilləri Baş Dövlət Yol Polisi İdarəsinin şəhər və rayonlarda yerləşmiş Texniki Müayinə Mərkəzində müayinədən keçirməkdir. Əgər avtomobillər vaxtında müayinədən keçirilərsə, bütün mövcud təhlükə aradan qaldırılar, nə sürücülər, nə də sərnişinlər üçün heç bir çətinliklər mövcud olmaz.