23 Sentyabr 2024 10:07
444
ƏDƏBİYYAT

GƏNCLİYƏ GÜVƏNMƏKDƏ HAQLIYAM... - İSMAYIL İMANZADƏ yazır

Keçən həftənin ikinci günü idi, gənc yazar dostlarım,-Elçin Məhərrəm və Nicat Hunalap özləri kimi cavan bir oğlanla yanıma gəlmişdilər. Bəstəboylu, çöhrəsindən dürüstlük yağan bu gənclə tanışlıq zamanı öyrəndim ki o,- Babək Quluzadə-Ağdam əsillidir, Bakıda yaşayır və halal bir işin qulpundan yapışmaqla həm özünü dolandırır, həm də mənsub olduğu ailəyə köməklik etməyə çalışır. Babəkin dizayner olduğunu biləndə çox sevindim. Xeyli vaxdan bəri rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubiley mərasimi münasibətiylə “Bənövşə” jurnalının xüsusi buraxılışını nəşrrə hazırlamaqçün dərginin səhifələnməsi və dizayn edilməsi üçün Mingəçevirdə axtarışda olsam da əllərim boşa çıxmışdı. Elə bil Allah Babəki mənim yanıma öz ayağıyla gətirib çıxarmışdı. Xeyli söhbət elədik, istəyimi, könlümdən keçənləri ona izah elədim. Hər şeyin arzuladığım kim olacağını deyib,-getdi.

Dünən bölmədəki otaqda jurnalın üz qabığını tərtib edəndə, Elçinlə Nicat gözlənilmədən yanıma gəldilər. Elə mənə ilk xeyir-dua verənlər də onlar oldular. Nahar fasiləsində evə qayıdan kimi jurnalın xüsusi buraxılışının sxemini elektron poçtla Babəkə göndərdim.

Bu axşam bir saat qabaq Babəkdən sevindirici xəbər aldım, üz qabığını işləyib elektron poçtumla göndərdiyini söylədi. Onun dizayn edib göndərdiyi iş könlümcə oldu. İnşallah, növbəti günlərdə ayrı-ayrı səhifələrdə yer alacaq yazı və foto-şəkillərin sxemini də Babəkə göndərəcəyəm. Ümid edirəm ki həftənin sonuna kimi jurnal nəşrə hazır olacaq, bundan sonra Bakıya getmədən dərginin PDF-sini nəşriyyatlardan birinə göndərəcəyəm.

Bir daha yəqin etdim ki mən gəncliyə güvənməkdə haqlı imişəm. Babək, əllərinə sağlıq, əzizim, narahat olma, işlərin sonunda zəhməthaqqını şərtləşdiyimiz qaydada ödəyəcəyəm. Gördüyün işə görə alacağın pula elə bəri başdan halallıq verirəm. İlk baxışdan anladım ki sən istedadlı olduğun qədər də ədəb-ərkanlı oğlansan!

 

22.09.2024 -22-28