adalet.az header logo
  • Bakı 19°C
08 Avqust 2022 11:58
315
MƏMLƏKƏT

Gözəl gələcək, qadınla gələcək...

Bəli, övladlarımız Allah - talanın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdəndir, onun oğlan, yaxud qız olmasının heç bir fərqi yoxdur.

Onlar məsum, zəif, valideyni məhəbbətinə ehtiyaclı, hər şeydən xəbərsiz halda dünyaya gəlirlər.
Öz ata - analarından istədikləri isə məhəbbət , şəfqət və nəvazişdir. Təəssüflər olsun ki, bəzi valideynlər bunu da o məsumlardan əsirgəyirlər. Yuxarıda oxuduğumuz ayə cahiliyyət dövründə yaşayan ərəblərə aiddir. Onlar oğlan uşaqlarına yüksək qiymət verər , amma qız övladlarını sevməzdilər. Ayənin on dörd əsr bundan öncə nazil olmasına baxmayaraq , bu səhv təfəkkür tərzi müxtəlif millətlər və nəsillər arasında hələ də qalmaqdadır. Peyğəmbərimiz (s.ə.s) buyurub: “Qız yaxşılıq , oğlan isə nemətdir. Nemət haqqında sorğu -sual olunar, yaxşılığa isə savab verilər.” İmam Səccada (ə) övladının dünyaya gəlməsi xəbəri verilərkən o həzrət (ə) heç vaxt onun qız, yaxud oğlan olmasını soruşmaz, onun sağlamlığı ilə maraqlanar, sağlam olduğunu bildikdə buyurardı: “Şükür Allaha ki, məndən xəstə övlad yaratmadı . ” Övladına fərq qoyan , oğlanı qızdan üstün tutan valideyn bilməlidir, bir çox ata-analar var ki, illər hətta bütün ömrü boyu övlad arzusu ilə yaşayır, bəziləri də bu nemətin şirinliyini belə dadmadan dünyadan gediblər. Onlar yalnız uşaq səsi eşitmələrini arzulayırdılar.

Allah bizi əlimizdə olan nemətlərin qədrini bilənlərdən etsin. Kişi - qadın cütlüyü Allahın yaratdığı elə möcüzəli varlıqdır ki, onlardan hansının daha vacib, yaxud üstün olduğunu söyləmək ən azı məntiqsizlik, Allahın yaratdıqlarına inamsızlıq əlamətidir. Hərəsinin öz təbiətindən doğan özünəməxsus xüsusiyyətləri və funksiyaları vardır ki, bunları qarşı-qarşıya qoymaq, ailədə , cəmiyyətdə onların yerini, vəzifələrini dəyişməyə cəhd göstərmək, hansısa aşağılamaq mənasız bir işdir.

Dünya xalqlarının tarixinə nəzər saldıqda , aydın görünür ki, gender bərabərliyi baxımından Türklər müsbət mənada bütün xalqlardan fərqlənmişdir. Azərbaycan - Türk qadınına cəmiyyətdə necə önəmli bir yer verildiyi açıq aydın tariximizdə və ədəbi abidələrimizdə öz əksini tapmışdır. Hələ uc min bundan əvvəl Qədim türk dövlətlərindən biri olan Massaget dövlətinin hökmdarının qadın olması (Tomris) sübut edir ki, qadın həmişə türk - xalqlarında ən yüksək mövqeyə layiq olmuşdur. “Dədə - Qorqud” boylarında bir sıra kamil, gözəl qadın surətləri vardır. Bu qadınlar döyüşkən safürəkli, döyüş günlərində at minib qılınc çalan qadınlardır. Onlar yeri gələndə oğuz igidlərini əvəz edərək el-obanın şərəfi uğrunda vuruşurlar. Qadının haqqı tanrı haqqına bərabər tutulan oğuz elində ananın , qadının mövqeyi çox yüksək tutulmuşdur. Ailə şərəfini qoruyub saxlamaq , yurd sevgisi, çətinliklərlə mətanətlə sinə gərmək, ər, övlad, ata-ana qayğısı bu qadınların ən səciyyəvi xüsusiyyətləridir. Onlar islamdan öncə yaşayıb, örtük bilməyən türk qadınlarının nümayəndələridir. Boylarda analar öz uşağını ərini qorumaq bacarığı ilə seçilir. Dirsə xanın qadını öz qoçaqlığı , bacarıq və hünəri ilə sevilir, örnəyə çevrilir.

 

Oğuz eli də ona görə basılmazdır ki, onun belə igid , tədbirli qadın, qızları vardır. “Dədə Qorqud” dastanında Burla xatun , Selcan xatun igidliyi, isməti və gözəlliyi ilə seçilən qadınlardandır. Qadına böyük hörmətlə yanaşan Nizami Gəncəvi yaratdığı surətlərlə qadınları ən yüksək insani sifətlərlə göstərmiş, “İsgəndərnamə” poemasında yaddaqalan qadın obrazları yaratmışdır. Bunlardan biri də Bərdə hökmdarı Nüşabədir. Ağıllı, tədbirli, müdrik, uzaqgörən və cəsarətli bir insandır. Nizami onun simasında Azərbaycan qadınlarına məxsus olan ən nəcib sifətləri qələmə almışdır. Nüşabənin Makedoniyalı İsgəndərlə rəftarı, ayrı-ayrı məqamlarda ona söylədiyi sözlər onun nə qədər yüksək bir insan olduğunu nümayiş etdirir.

Erkək tinətliyəm , olsam da qadın ,
Hər işi bəllidir mənə dünyanın.
Mən də biraslanam , düşünsən bir az,
Aslanın erkəyi - dişisi olmaz.

Nizamiyə görə insanın üstünlüyü qadın və kişi olmasından asılı deyildir. Lap qədimlərdən türk qadınları kişilərlə bərabər ictimai həyatdafəal iştirak etmiş, hətta öz qəhrəmanlığı və bacarığı sayəsində hökmdarlıq səviyyəsinə yüksəlmişlər. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun 15-ci yüzillikdə təkcə Şərqdə deyil , Avropada da yeganə diplomat qadın kimi sülhsevər missiya ilə başqa dövlətlərə səfər etmiş, qanlı toqquşmaların qarşısını almağa çalışmışdır. Ümumiyyətlə tarixi təcrübə göstərir ki, qadın hökmdarlar daha ədalətli, daha sülhsevər olmuşlar. Bütün bu tarixi faktlar Türk xalqının gender nümunəsini özündə yaşadan bir xalq olduğunu göstərir . Bu tarixi ənənənin davamı idi ki, məhz XX əsrin əvvəllərində müsəlman aləmində qızlar üçün xüsusi məktəblərin açılması ilk dəfə Azərbaycanda yəni Bakıda olmuşdur. Azərbaycanlı qızlar ucun də məktəblər açılırdı. Ən nümunəvi qız məktəbi 1901-ci ildə Bakıda H. Z. Tağıyevin açdığı məktəb idi. 1918 - ci il may ayının 28-də Türk dünyası və islam aləmində həmçinin Şərqdə ilk demokratik Cümhuriyyəti yaradan Azərbaycan Milli Şurası noyabrın 28-də parlamentin yaradılması haqqında qanun qəbul etdi. Ölkə qanunvericiliyinə əsasən respublika ərazisində yaşayan bütün xalqlara və hər iki cinsin nümayəndələrinə seçki hüququ verildi. Bununla da Azərbaycan Şərqdə qadınlara ilk seçki hüququ verən ilk ölkə kimi tarixə daxil oldu.

Bütüm bunlarla bildirmək istəyirəm ki, Azərbaycan gender mövzusu ilə bağlı aparılan bütün söhbətlərin bir nümunə kimi tədqiqat obyekti olmalıdır. Bəli, insan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda “gender” anlayışı formalaşmışdır ki, bunu da “ sosial cins” kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik “gender” bərabərliyi kimi qəbul edilir. Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməlidir. Bu proses, eyni zamanda , hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyat keçirilən siyasətdən asılı olmuşdur. Elmi - texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradır. Yeni texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şərait gender problemlərinin həllinə , yəni qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir.

Bəzi hallarda gender problemlərini qadınların vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması kimi qələmə verirlər. Lakin gender problemlərinin təkcə qadın problemləri kimi qiymətləndirilməsi düzgün deyil . Gender problemlərinin öyrənilməsi və bu sahədə olan problemlərin həlli həm kişilər, həm də qadınlar üçün vacibdir. Bu problemlərin həlli qadın və kişi arasında olan əmək bölgüsü münasibətlərinin yaxşılaşdırılmasına və insan potensialının inkişaf göstəricilərinin yüksəlməsinə xidmət edir.Müasir dövrümüzdə qloballaşma yolunu tutan mütərəqqi dövlətlərdə qadınlar yüksək vəzifələrə təyin edilir. Misal ucun: Dünya parlamentlərində qadınlar, orta hesabla , bu qurum üzvlərinin 1, 8 % - ni təşkil edir . Azərbaycanda bu rəqəm 12%-dən çoxdur. Maksimal göstərici isə qadınların qanunvericilik qurumlarında tamamilə təmsil edilməsi nəticəsində yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur. Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender - bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur.

Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir. Gender İnkişaf Əmsalının ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər, həmçinin Avropanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə edilir. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan , Portuqaliya, Çexiya, Macarıstan və bir sıra başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır.

Lakin Azərbaycanda bu göstəricinin daha da yüksəlməsi ucun şərait var və bu sahədə müvafiq siyasət həyata keçirilməkdədir. Gender problemini həll etmək ucun Azərbaycan Respublikasında ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər arasında hökumətin tərkibində Qadın problemləri üzrə Dövlət komitəsinin yaradılmasını, sonralar isə bu komitənin səlahiyyətlərini genişləndirməklə onun yeni dövlət strukturuna - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinə çevrilməsini göstərmək olar. Bununla yanaşı , Azərbaycanda gender problemləri ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Bir çox beynəlxalq təşkilatlar, ilk növbədə BMT-nin müxtəlif agentlikləri , ölkədə gender problemlərinin həllinə yönəldilmiş siyasətin həyata keçirilməsinə maraq göstərirlər.

BMT və Beynəlxalq Əmək Təşkilatının “eyni əməyə görə eyni ödəniş prinsipinə əsaslanan Konvensiyasının (1951-ci il) maddələri bir çox ölkələrin milli qanunlarında , o cümlədən Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən gender bərabərliyinə yönəldilmiş beynəlxalq tədbirlərə qoşulub və bir çox saziş və təşəbbüslərin iştirakçısıdır. Azərbaycanın nümayəndə heyətləri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Gender bərabərliyinin təmin edilməsi ucun qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədlər ; Yoxsulluqla mübarizə, Qadınların təhsil və təlimi, qadınların sağlamlığını aid etmək olar. Yoxsulluqla mübarizə sahəsində bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, yoxsulluq sahəsində gender qeyri - bərabərliyi mövcuddur.
Azərbaycanda da bu göstəricinin aşağı salınması üçün müvafiq siyasət həyata keçirilir. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri - bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri - bərabərliyi mövcud deyil. Qadınların sağlamlığı baxımından bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmasına baxmayaraq, qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan , bir qayda olaraq, çoxdur. Lakin buna baxmayaraq , ölkəmizdə qadınların sağlamlıq problemləri mövcuddur və onlar aradan götürülməlidir. Davamlı insan inkişafına yönəlmiş Korporativ Sosial baxımdan məsuliyyətli siyasətin həyata keçirilməsi bu proseslərin təşkilatlanması üçün xüsusi qurumların yaradılması zərurətini gündəmə gətirdi.


Belə qurumlar ilk dəfə Azərbaycan Respublikasında yaradılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyasının məqsədlərinə müvafiq olaraq BP tərəfindən idarə edilən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2002-ci ildə fərdi bölmədə fəaliyyət göstərmək ucun İnsan İnkişafı Mərkəzi təşkil etmişdir. Bu mərkəz oz fəaliyyətini Səngəcal Terminalının Genişləndirilməsi Proqramı çərçivəsində həyata keçirməyə başlamışdır . Mərkəzin əsas məqsədi insan potensialının formalaşması və davamlı inkişafa yönəlmiş layihələrin planlaşdırılması onların həyata keçirilməsi üçün müvafiq bilik və bacarığın yaradılmasıdır.
Bu, dünyada birinci İnsan İnkişafı Mərkəzi olmaqla fərdi sektorda davamlı və sosial baxımdan məsuliyyətli siyasəti planlaşdıran və uğurla həyata keçirən təşkilatdır. Bunları nəzərə alaraq , 2005-ci ilin dekabrında BMT-nin Nyu- Yorkdakı Baş Qərargahı bu mərkəzin Azərbaycanda təşkilini və bu istiqamətdə alınan nəticələri “ innovativ ideya və fəaliyyət ” kimi qiymətləndirib və bu barədə üzv olan ölkələr arasında xüsusi məlumat yaymışdır. Beləliklə, davamlı insan inkişafının institutlaşması sahəsində ilk addım atılmışdır. Davamlı insan inkişafı institutlaşması sahəsində Azərbaycan Respublikasında daha bir təşəbbüs həyata keçirilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən 2004 - cü ildə qeydə anmış “İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə kömək” ictimai birliyi Qaradağ rayonunun “Ümid “ qəsəbəsində ilk dəfə təşkil olunmuşdur. İctimai birliyin əsas məqsədi bilik və təcrübəyə yiyələnməklə yeni istehsal sahələrinin yaradılması və davamlı gəlir əldə etmək idi. İndi birlik işçilərinin sayını bir neçə dəfə artırmışdır. İstehsal olunan müxtəlif məhsullar həm ölkədə istifadə olunur, həm də ixrac edilir. Tam şəffaflıq şəraitində fəaliyyət göstərən bu birlik , eyni zamanda, demokratik idarəetmə nümunəsi ola bilər. “Ümid” qəsəbəsinin qadın sakinləri tərəfindən həyata keçirilən sosial baxımdan məsuliyyətli fəaliyyət bir çox beynəlxalq və milli məqsədlərə nail olmağa xidmət edir. Bu məqsədlər arasında gender bərabərliyi , yoxsulluqla mübarizə , regional
inkişaf, demokratiyanın inkişafı və qərar qəbuletmə prosesində əhalinin iştirakının genişləndirilməsi və. s göstərmək olar. Bu fəaliyyət həm BMT-nin Dünya sammitində nəzərdə tutulmuş minilliyin inkişaf məqsədlərinin, həm də ölkədə qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən milli inkişaf proqramlarının yerinə yetirilməsinə xidmət edir.

Dövlətimizə qarşı mənfur Ermənistan dövləti tərəfindən ərazi iddiası nəticəsində yüz minlərlə insanlar ağır faciələrin qurbanı olmuşdur. Minlərlə günahsız insanlar içərisində qadınlar və az yaşlı körpə qız uşaqlarına qarşı daha çox qəddarlıq törədilmişdir. Kişilərdən fərqli olaraq qadınlar müharibə dövründə ikiqat əzab çəkir, məhrumiyyətlərə düçar olur. Qadınlar müharibə dövründə ayrılığa dözür və böyük çətinliklərə məruz qalırlar. Günahsız olmalarına baxmayaraq etnik toqquşmalar və ya vətəndaş müharibələri zamanı öldürülür, yaralanır, əsir düşürlər. Evlərindən qaçmaq məcburiyyətində qalır, oğullarını, qardaşlarını, ərlərini itirirlər. Kişilərdən fərqli olaraq qadınlar bu itkini daha ağır, daha çətin keçirir, mənəvi və psixoloji zərbə alırlar . Çox vaxt təcavüzkara qarşı müdafiəsiz olan qadınlar zorlanır və digər təhlükələrə məruz qalırlar.

Gözəl və zərif olması təbiətin ona verdiyi funksiya və vəzifələri yerinə yetirməsi ucun qadına itirdiyi ocağını qaytarmaq cəmiyyətdə azad münbit mühit yaratmaq vacibdir. Cənubi Amerikada, Mozambikdə, Salvadorda, Livanda, Fələstində, o cümlədən Azərbaycanda da minlərlə qadın, münaqişələrin qurbanlarına çevrilirlər. Maraqlıdır ki, hər cür məşəqqət və məhrumiyyətlər görmüş məcburi köçkün qadınlar hökumətdə, yaxud digər icra qurumlarında heç bir vəzifə və səlahiyyət sahibi olmasalar da, bir şəbəkədə birləşərək yaşadıqları regionda sülhün, əmin-amanlığın bərpa olunması üçün səy göstərirlər. Qısa müddətdə bu şəbəkənin genişlənməsi, yüzlərlə məcburi köçkün qadını öz sıralarında birləşdirməsi aralarından hökumət tərkibində , parlamentdə fəaliyyət göstərən lider qadınların yetişməsi göstərir ki, Azərbaycan qadınları güclüdür və ən çətin anda da öz sözlərini deməyi bacarırlar. Azərbaycan qadını istər sovet dövrü, İkinci Dünya müharibəsində istərsə də müstəqillik dövrü Qarabağ müharibəsində çox məşəqqətlər çəkib, çox çətinliklərlə qarşılaşıblar. Ən çətin məqamlarda qadınlarımız nəinki hazırlıqlı, hətta ərlərinə, qardaşlarına oğullarına dayaq olublar. Qadın ana kimi ovladların tərbiyəçisi, himayəçisi olduğundan kişilərin qüvvəsinin koku, mayası məhz qadınlarla bağlıdır. Bu mənada hər yerdə qadınlar həm, dözümlü, həm də istənilən münaqişənin həllinə hazırlıqlı olurlar. Qızların erkən ərə verilməsi də cəmiyyətimiz üçün yolverilməzdir.

Yeniyetmə qızlar valideyn arzusuna, daha çox iddiasına tabe olaraq, vaxtından əvvəl ailə qurmağa məcbur edilir və nəticədə yeni növbəti zorakılığa məruz qalır. Ümumi təhlillər göstərir ki, öz hüquqlarını bilməmək, həddindən artıq dözümlülük göstərmək zərif cinsin nümayəndəsini zəif məxluqa çevirir, nəticədə zorakılıq obyekti olur. Müşahidələr də göstərir ki, yeni-yetmə qızların erkən ailə qurmağa vadar edilməsi çox vaxt faciə ilə nəticələnir və onlar həyatdan küskün olur, tənhalığa çəkilir, özlərində fəal həyat mövqeyi formalaşdırmaqda çətinlik çəkirlər. 14 yaşlı qızı ərə vermək, onu ailə məsuliyyətinin altına itələmək günahdır, hətta cinayətdir. Lakin etiraf etmək lazımdır ki, bu məsələlərin lehinə olan insanların sayı cəmiyyətdə çoxluq təşkil edir.

Unutmaq olmaz ki, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri var. İstər gender istərsə də digər məsələlərə toxunduqda milli xüsusiyyətləri nəzərdən qaçırmaq olmaz. İslam dinində qadınlara çox geniş hüquqlar verilir. Ancaq Azərbaycan xalqının şüurunda gender anlayışı hələ islamdan çox-çox əvvəl formalaşmışdır. İslamda göstərilən qadın hüququ, qadın əxlaqı, qadın əzəməti tarix boyu türk xalqlarının ayrılmaz etik xüsusiyyətlərindən olmuşdur. Gender nəzəriyyəsinin yaranması Avropada 20-ci əsrin 70-ci illərində baş vermişdir. Azərbaycanda və digər keçmiş sovet ölkələrində isə bu nəzəriyyə XX əsrin 90-cı illərində yaranmışdır.

Azərbaycanda genderlə bağlı müxtəlif yanaşmalar mövcuddur. 1) Genderin yaranması Avropaya aiddir çünki, Avropada qadınlara münasibət , mənfi olmuşdur. İctimai, iqtisadi, siyasi və mədəni həyatda qadınların iştirakı qəbul edilmişdir. 2) Azərbaycanda və Sovet ölkələrində qadın və kişilərə eyni hüquq verildiyi üçün hal-hazırda burada genderlə bağlı heç bir problem yoxdur. 3) Müxtəlif dinlərin və orada insanlara verilən dəyərlər. Gorundumu kimi gender sözü gender nəzəriyyəsi Avropada XX əsrdə meydana çıxmasına baxmayaraq, bu nəzəriyyədə göstərilən əməli işlər ictimai, mədəni dəyərlər, bundan çox - çox əvvəl Azərbaycan xalqının ictimai, siyasi və mədəni həyatında yaşanılmışdır .Nəzəriyyənin özü də mahiyyət etibarilə Azərbaycan xalqının keçdiyi tarixi mədəni həyatından götürülmüşdür. Sadəcə olaraq bu anlayış başqa bir ad altında bizə yeni bir ideya kimi göstərilmişdir. Digər siyasi mədəni və ictimai nəzəriyyələr kimi bu da Avropalılar tərəfindən bizim mənəvi irsimizdən oğurlanmışdı desək yanılmarıq. Necə ki utopik sosializm nəzəriyyəsi böyük mütəfəkkir filosof şair, Nizami Gəncəvi tərəfindən yazılsa da bir necə yüz il sonra Avropalılar bunu yeni bir nəzəriyyə kəşf etmişlər kimi ortaya çıxartmışlar. Bu fikirlərimizin tarixi doğruluğuna aydınlıq gətirmək üçün Avropada baş qaldırmış qadın hüquqları ilə bağlı olan feminizm hərəkatının yaranması və inkişaf mərhələlərini nəzərdən keçirməyimiz kifayətdir.

 Bir hərəkat kimi feminizm XIX əsrdən inkişaf etməyə başlamış, ideologiya kimi üç əsas inkişaf mərhələsindən keçmişdir. Həmin mərhələlər şərti olaraq feminizm dalğaları adlandırılmışdır. İlk mərhələ Liberalizm Dalğası adlanır (1840-1925) Feministlərin əsas tələbləri mülki hüquqlar və seçki prosesində səs hüquqlarının əldə olunması ilə bağlı idi. İkinci mərhələ marksizm-sosializm dalğası adlanır (1960-1970). Üçüncü mərhələ post strukturalizm dalğasıdır (1980-ciildən bu günə dək).


Feminizmin ən müasir olan bu dalğası radikal və postmodern feminizmin qarışığı kimi qəbul edilir. Feminizm ifadəsi sufrajist hərəkatının “qürubunda” yenidən dəbə düşdü və səs uğrunda uzun müddətli “səlib yürüşü”nü bütün müxtəliflikləri ilə birlikdə müasir feminizmdən ayıran “su ayrıcı”na çevirdi. 1940-1950 - ci illərdə feminist hərəkatında tənəzzül baş verdi. Artıq qocalmış veteranları əvəz edən yox idi. İkinci Dünya müharibəsi qadınların məqsədlərini sarsıtmışdı. Müharibədə qadınlar xüsusilə müdafiə sənayesinin əsas işçi qüvvəsini təşkil etmiş, ictimai işlərdə isə onların rolu o qədər böyük olmamışdı. Qadınlar siyasətin formalaşdırılmasına təsir edə bilmirdi.


Ona görə də müharibədən sonrakı dövrü “feminizm böhranı erası” adlandırmaq olar. 50 - ci illərdən “ailə dekadası “ kimi də daxil olmuşdur. Bu dövrdə ailədə qadının rolu vurğulanır və feminizm normadan kənara çıxma kimi qiymətləndirilirdi. Feminizm hərəkatının 1960-cı illərdən başlayan II mərhələsi həm bu hərəkatın , həm də gender məfhumunun inkişafında yeni və əhəmiyyətli bir dövrü əhatə edir. 1960 - cı illərdə əmək bazarına misilsiz sayda evli qadınların axını başladı. Kollec bitirən qadınların sayının artması və mayalanmaya qarşı həblərin ( onsuz da azalan doğum sayına imkan yaradan) ortaya çıxması əməkbazarında qadınların sayının çoxalmasına yardım etdi. Bu, Gender inkişafında əhəmiyyətli yer tutsa da çatışmazlıqlar, yarımçıq insani ideologiyalar çoxluq təşkil edirdi. Qadın - kişi cütlüyü fenomen kimidir.

Bir - birini izləməli, biri digərini təsiri ilə harmoniya yaratmalıdır. Təsadüfi deyildir ki, özünü kişiyə oxşatmaq istəyən qadın, qadına oxşamaq istəyən kişi cəmiyyətdə tarixən qəbul olunmamış, anormallıq kimi qiymətləndirilmişdir. Kişi qadını daim zərif, gözəl, təravətli, qadın isə kişini öz yanında güclü. cəsarətli və ağıllı görmək istəyir. Ölüm - dirim savaşına gedən kişi heç vaxt istəməz ki, qadın onunla bərabər döyüşsün. Qadının onu sədaqətlə gözləməsi, mənəvi dayaq durması kişi üçün əvəzolunmaz qüvvə mənbəyidir. Cəmiyyətdə bu tənasüb pozulanda kişinin də qüvvəsi tükənir, qadının da gözəlliyi itir. Aralarındakı gözəgörünməz təbii çatlar yaranır. Dini və milli zəmində ideoloji mübarizələr nəticəsində zaman - zaman cəmiyyətlərdə bu tənasüb pozulmuş, müxtəlif məqsədlərə qurban verilmişdir: bəzi hallar istisna olunmaqla qadının cəmiyyətdəki fəaliyyətinə müxtəlif qadağalar qoyulmuş , ailədə rolu kiçildilmiş, elm və təhsildən kənarda saxlanılmaqla çox vaxt kölə halına salınmış, ona qarşı zorakılıq adi hala çevrilmişdir. Əslində feminizm “dalğaları” da məhz bundan irəli gəlmiş və zəruri bir mübarizəyə çevrilmişdir. Azərbaycan cəmiyyətində sözügedən tənasübün pozulmadığını iddia etmək mümkün deyil. İstər əski sovet dövründə, istərsə də indiki müstəqillik dövründə qadın haqları kifayət qədər ciddi qorunmuş, bununla bağlı fikirlər , təşəbbüslər, hətta qəbul olunmuş qanunvericilik aktları belə çox vaxt kağız üzərində qalmışdır . Halbuki demokratik cəmiyyətin qurulmasında bu çox vacib amildir.

Azərbaycanın birinci xanımı , vitse- prezident Mehriban Əliyeva bu gün nəinki ölkəmizdə , hətta beynəlxalq aləmdə tanınan şəxsiyyətlərdən biridir. O, YUNESKO – nun və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev fondunun Prezidenti, millət vəkili kimi xalqın sevimlisinə çevrilmişdir. Sevindirici haldır ki, Azərbaycanda bütün fəaliyyət sahələrində, hətta siyasətdə də qadınlarımız var və onların sırası genişlənməkdədir. Dövlət qurumlarında , hakimiyyətin bütün pillələrində çalışanlara nəzər salıb araşdırma aparsaq əvvəlki dövrlərlə müqayisədə onların sırasında qadınların xüsusi çəkisinin xeyli artdığının şahidi olarıq.

Bu gün qadın deputat kimi Milli Məclisdə xalqı təmsil edir, qadın siyasi partiyalarda peşəkar siyasətçi kimi fəaliyyət göstərir, qadın hüquq müdafiəçisidir, qadın qeyri-hökumət təşkilatına rəhbərlik edir, qadın nazirdir, idarə rəhbəridir, və. s. Mehriban xanımın fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə stereotiplərin aradan qaldırılması, xanımlarımızın ictimai həyata cəlb edilməsi ucun müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. İnanıram ki, Azərbaycan qadını öz əməli və mənəvi, əxlaqi keyfiyyətləri ilə dünyada keyfiyyət ölçüsü kimi etalon mövqeyini layiqincə qoruyacaq, qoruyacaq, qoruyacaq .


Kərim Novruzov,
Ağdam rayon 95 saylı köçkün tam orta
məktəbin direktoru