adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Yanvar 2022 12:36
304
MƏMLƏKƏT

İşıqlar tez-tez sönür

Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binada işıqlar tez-tez sönür. Artıq buna bina sakinləri öyrəşiblər. Göyün üzünü bulud aldı, yağış, qar yağdı, elə həmin an binada işıqlar sönür. Yanvarın 17-də səhər saat 8:30-da işıqlar yenə söndü. Düz saat 13:00-a qədər işıqlar yanmadı. Qəribə olsa da, deməliyik ki, binamızın bir neçə sakini əlaqədar quruma işığın sönməsi ilə bağlı məlumat da veriblər. Məlum qurum isə onlara bildirir ki, qəza xidməti hadisə yerindədir. Belə görünür ki, yanvarın 17-də axşama ya işıqlar yana, ya da yanmaya.

 

Özü də işıq sönəndə, binanın 2-ci blokunda yaşayan sakinlərdən biri liftdə qalmışdı. Qızın anası qonşuları köməyə çağırırdı. Sözün düzü mən də nə qədər əlləşdim, lifti aça bilmədim. Yazıq uşaq 2-3 saat liftdə qalıb. Tay bilmirik, onu kim və necə çıxardı. Amma bildiyimiz odur ki, 13 nömrəli binada işıqlar sönəndə sakinlər tez-tez liftdə qalır. «Azərişıq» isə həmişə bəyan edir ki, qışa ciddi hazırlaşmışıq. Hələ bizim binada istilik sistemləri çox yaxşı işləyir. Yəni, sakinlər elektrik sobasından deyil, istilik sistemindən istifadə edir. Bəs onda əcəba, 13 nömrəli binada işıqlar niyə tez-tez sönür?! Qoy bu suala «Azərişıq» cavab versin.

 

Emil FAİQOĞLU