adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Oktyabr 2020 17:13
41786
LAYİHƏ

Kim desə dünyadan doydum, yalandı...

(əvvəli ötən sayımızda)

 

Həmin lent yazısı Azərbaycan radiosunun Qızıl fondunda saxlanılır. Təkcə bu deyil, aşıq Əhliman Şirvanlının, aşıq Ağamurad Mərzəngəlinin və sair sənətkarların repertuarında aşıq Əhmədin şeir və qoşmaları geniş yer tutur və bu gün də toylarda, məclislərdə, el şənliklərində böyük fəxrlə səsləndirilir. Aşıq Əhmədin ustad aşıq Şakirin vəfatına həsr etdiyi qəzəl tipli şeirləri bu gün də dillər əzbəridir və xanəndələr tərəfindən xüsusi bir hissiyatla oxunur:

 

Şakir, əcəl səni məndən ayırdı,

De, hansı diyarda görərəm səni?!

Ovda gəzdiyimiz şehli çəməndə,

Turaclı bağlarda görərəm səni!

 

De, hara gedirsən bu bahar çağı?

Getmə, sənsiz qalar Şakir oylağı.

Gəzib-dolaşaram qışda qışlağı,

Yazda yaylaqlarda görərəm səni!

 

A qardaş, bu susmaq sənə yaraşmaz,

Dur, qurbanın olum, çal-oxu bir az.

Bir əlimdə qələm, bir əlimdə saz,

Çiçəkli bağlarda görərəm səni!

 

Əziz dost, nə qədər sağam dünyada,

Gələcəm yanına payı-piyadə,

Gündüz sinəndə saz, yaşıl tarlada,

Axşam toy-mağarda görərəm səni!

 

Əhməd deyir nədir bu qara xəbər?

Yayılır elbəel, şəhərbəşəhər,

Bu diri dünyada görməsəm əgər,

Girib daş məzarda görərəm səni!

 

Mən aşıq Əhmədi toylarda, məclislərdə, el şənliklərində, dövlət tədbirlərində çox görmüşəm. Bakıda, Filarmoniyada onun maraqlı ifalarına, xüsusən də özünə məxsus bir ahənglə şeir demək, bədahətən söz qoşmaq məharətinə heyran qalmışam. "Sinədəftər" sözü ki, var, bu eynilə aşıq Əhmədə də aid idi. O, sözə dəyər verən, sözün müqəddəsliyini uca tutan, sözün cövhərini oxucuya məharətlə çatdıran sənətkarlardan olub. Mən eşitmişəm ki, böyük ustad aşıq Mikayıl Azaflı aşıq Əhmədi "Şirvanın Ələsgəri" adlandırıb.

...1970-ci il idi. Bakıda - A.Şərifzadə adına "Aktyorlar evi"ndə aşıq Əhmədin 50 illiyi ilə əlaqədar onun yaradıcılıq gecəsi keçirilirdi. Mən onda tələbəydim. Aşıq Əhmədlə bağlı xəbəri eşidəndə böyük fəxrlə həmin tədbirə getdim. Tələbə yoldaşım Şəmistan da (tanınmış hərbi jurnalist - tədqiqatçı, polkovnik leytenant Şəmistan Nəzirli) mənimlə idi. O da aşıq Əhmədin yaradıcılığını çox sevirdi. Aşıq Əhmədin məclisinə hörmətli, tanınmış ziyalılar, sənət adamları gəlmişdi. Sevimli müğənnimiz Rübabə Muradova, ustad aşıq Əkbər Cəfərov da həmin tədbirdə iştirak edirdilər. Aşıq Əhmədin bir sənətkar kimi çıxışları maraqla qarşılandı. Bir daha yəqin edildi ki, aşıq Əhməd Azərbaycan aşıq sənətinin çox istedadlı nümayəndələrindən biridir. Keçmiş tələbə yoldaşım Şəmistanla aşıq Əhmədin həmin yaradıcılıq gecəsini bu gün də yada salır, ustada rəhmət diləyirik.

 

Sözlə yaradılan mənzərə

 

...Dil aç, telli sazım, Şirvan elindən - deyən aşıq Əhməd özünün "Salam verək" şeirində Vətən coğrafiyasının sanki kiçik bir mənzərəsini yaradıb. Bu mənzərədə o, sazı ilə birlikdə şairlər məskəni Qazağa, yurdumuzun dilbər guşəsi  gözəl Qarabağa salam göndərmək, Göyəzən dağını, şair Vurğunun bir vaxt qədəm qoyduğu yerləri, bərəkətli tarlaları, pambıqlı düzləri gəzib-dolaşmaq, səs-səsə verib, pərdə-pərdə ötərək hər yerdə şeir süfrəsi açmaq, elləri, oymaqları bu söz mətahına, şeir süfrəsinə qonaq etmək arzuları əks olunub:

 

Dil aç, telli sazım, Şirvan elindən,

Gəl gedək Qazağa bir salam verək,

Vaqiflə bir yerdə Cıdır düzündən

Gözəl Qarabağa bir salam verək.

 

Göyəzən dağının gəzək zirvəsin,

Pambıqlı çöllərin, çarpaz cərgəsin.

Açaq söz mətahın, şeir süfrəsin,

Hər elə, oymağa bir salam verək.

 

Ötək pərdə-pərdə, verək səs-səsə,

Ürək şad olarmı deyib-gülməsə.

Vurğun gəzən yeri bizə kim desə

Əhməd, o torpağa bir salam verək.

 

Sənətkar ehtiramı

 

Aşıq Əhmədlə bağlı düşüncələr məni xəyalən ötən tarixli günlərə apardı. O günlərə ki, Ümummilli liderimiz Heydər Əliyev hər dəfə Kürdəmirə gələndə onu ilk qarşılayanların önündə ustad aşıq Əhməd də olurdu. Yadımdadır, belə görüşlərin birində sinəsində saz ulu öndərin qarşısında dayanan aşıq Əhməd həmin fərəhli anlarda bu misraları söylədi:

 

Əhməd deyir, nursan Azərbaycana,

Sənə bənzər Heydər doğmaz hər ana,

Qüdrətinlə yaraşıqsan cahana,

Fikrin bənzər Peyğəmbərə, rəhbərim!

Xoş gəlmisən, Kürdəmirə, rəhbərim!

 

Aşıq Əhməd şeirini deyəndən sonra özünün bir neçə şeirlər kitabını xatirə olaraq sevimli rəhbərə təqdim etdi. Sənətə və sənətkara həmişə yüksək dəyər verən Ulu öndər ustadın ona hədiyyə etdiyi kitabları özünə məxsus xoş təbəssümlə və həssaslıqla qəbul etdi.

Bu səmimi görüşlərdən sonra aşıq Əhmədin görkəmli rəhbərə olan dərin ehtiramı onun "Xoş gəlmisən Kürdəmirə, rəhbərim!" kitabında öz geniş ifadəsini tapmışdır.

 

Şəhid olan saz

 

Aşıq Əhməd 1941-ci ildə müharibəyə gedəndə sazını da özü ilə aparmışdı. Ağır döyüşlərin birində lap yaxınlıqda partlayan düşmən mərmisi torpağı göyə sovurdu. Əhməd sazı ilə birlikdə torpağın altında qaldı. Gözünü açanda özünü qospitalda, həkimlərin əhatəsində gördü.

Huşu başına gələndə sazını soruşdu.  Dedilər, rəhmətliyin oğlu, o partlayışda saz qalar?!  Saz bir yana, az qala özün o dünyalıq olmuşdun. Əhməd kişi bu əhvalatı danışanda qəhərləndi, dedi: Vəziyyətim nə qədər ağır olsa da məhv olub itən sazıma görə ağladım. Bu itki məni aldığım yaralar qədər incidirdi...

Bəli, saz elə o itən oldu. Doğma sazının xiffəti aşıq Əhmədi uzun illər rahat buraxmırdı. Elə o ağır günlərdə "İtən sazım" adlı şeir yazdı. Cəbhədən qayıtsa da sazını unuda bilmirdi. Ürəyini boşaltmaq üçün sonralar "İtən sazım" adlı bir şeirlər kitabı yazıb çap etdirdi.

 

Aşıq "İtən sazım" şeirində yazırdı:

 

Qanlı-qadalı illərdə

Sinəm üstə ötən sazım,

Əsgər kimi cəbhələrdə

Şəhid olub itən sazım.

Əhməd sızlar bir anantək,

Qəlbim sınıb, sən sınantək,

Min-min adsız qəhrəmantək

Məzarda lal yatan sazım.

 

... Xalqımızın başına gətirilən müsibətlər - Qanlı 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ uğrunda döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin vətənpərvərlik nümunələri, quduz düşmənə qarşı mübarizə aparan xalqımızın haqq işi aşıq Əhməd  yaradıcılığında geniş yer tutmuşdur.

Mən dəfələrlə görürdüm ki, ömrünün yaşlı çağlarını yaşayan aşıq Əhməd dəfələrlə döyüş bölgələrinə gedir, səngərlərdə keşik çəkən, sinəsini sipər edən əsgərlərimizlə görüşür, öz şeirləri və ifaları ilə onları qələbəyə ruhlandırırdı.

... Aşıq Əhmədlə son görüşümüzdə o, mənə bir şəkil verdi. Saday bəyin şəklidir - dedi - qazamatda olanda  çəkilib.

Bu o Saday bəydi ki, ömrünün axırınacan başının dəstəsi ilə Çar hökümətinə, sonralar da Sovetlərə qarşı mübarizə aparıb, elə bu yolda da canını qurban verib...

Mən şəkli ondan alıb çox maraqla, diqqətlə baxdım və minnətdarlıq hissi ilə dedim: Aşıq, çox sağ ol ki, bu tarixi şəkli indiyəcən qoruyub saxlamısan...

Vaxtilə adını atamdan, babamdan eşitdiyim Saday bəyin şəklini ilk dəfə görürdüm. Şəkli özünə qaytarmaq istəyəndə dedi: Yox, qoy səndə qalsın, itib-batmasın. Yazı-pozu adamısan, vaxt olar nəsə bir şey yazarsan...

Ustad aşıq Əhmədlə bu söhbətimizdən 12 il keçib. Arada diktofonumu açıb aşıq Əhmədin səsini eşidirəm və bu lent yazısından təsəlli alıram.

Aşıq Əhməd 2008-ci ildə dünyasını dəyişdi. Özü bu dünyadan getdi, amma sənətinin izi qaldı, bir-birindən əziz xatirələri qaldı. Bir də vaxtilə yaşadığı küçəyə verilən adı qaldı. "Aşıq Əhməd küçəsi" - divara vurulmuş bu kiçik lövhə bu ustad sənətkarın böyüklüyündən xəbər verir və hər kəsdə qürur hissi oyadır. Allah ustada rəhmət eləsin!

 

Tofiq Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.