adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2021 15:30
2003
ƏDƏBİYYAT

Kitabı oğurlanan Aysel, kitabı satılmayan Oğuz, kitab satmaqdan çox şəkil çəkdirən Kəramət…

Bir kitablıq tənhalığımı da götürüb “Əl oyunları” idman sarayına gəlmişəm.

Bu həm də əslində tənha adamların olduğu sərgidir.

Yazıçıların, şairlərin…

Aysel beş-on addım kənarda məni görüb gülümsünür. Gülüşlərin ucundan tutubAyselə çatıram.

 

- Xoş gördük, Aysel, necəsən? 

- Salam, Emin. Gördüyün kimi, sən?

- Yorğun. Kitab satışı necə gedir? Məmnunsanmı?

- Çox yaxşıdır, çox. Baxıram, hamı ağız büzür, gileylənir. Niyə? Şahbaz bəy gözəl bir sərgi təşkil edib, camaat da gəlir.

- Haa.. Nə gözəl, sevindim.

- Sən niyə kitablarını götürüb gəlmirsən bura? Gəl, yanımızda otur, kitabını sat da.

- Açığı dəvət olunmamışam, həm də kitabım qalmadı.

- Satdın hamısını?

- İki yüz əlli kitab idi, satdım, ən çox bölgələrdən sifariş oldu, poçtla yolladım.

- Nə gözəl!

Ayseli kitabları ilə üz-üzə qoyub Əl oyunları sarayında var-gəl edirəm. Girişdə musiqiçilər əyləşib, bir-birindən gözəl musiqilər ifa edirlər. Biri bal satır, biri öz əl işlərini, kitab stendləri bir-birini əvəz edir. 

Gəzə-gəzə Kəramət Böyükçöl, Əsəd Qaraqaplan, Oğuz Ayvazın əyləşdiyi masaya çatıram, salamlaşıb bol satış arzulayıram. Aysel mənə qoşulub gəzməyə başlayır. 

- Emin, bilirsən nə olub?

- Nə?

- Necə əsəbləşdim e. 

- Niyə ki?

- Bayaq bir oxucu gəlib. Ləzzətli ədayla kitablarımdan seçib, götürüb, qoyub qabağıma ki, Aysel xanım, imzalayın. İmzalamışam. Sonra bir şəkil də çəkdirib, gedib. Gedəndən sonra bilmişəm ki, kitabların pulunu vermədi.

Aysel danışa-danışa təəccübünü gizlədə bilmir, əlini ağzına aparır, əsəbi gülüşlərlə sözünə davam edir. 

- Aaa...

- Hə, aaa... Təsəvvür elə də. Mən onsuz da kimsə pulunun olmadığını deyəndə hədiyyə edirəm də. 

- Əcəb işdi. Hələ bir şəkil də çəkdirib e.

- Hə, vallah. Özü də elə əminliklə, əda ilə kitabları imzalamağımı istədi ki...

- Aysel, biz bazar adamı deyilik də, ona görə aldanırıq.

Birazdan Ulucay Akif də sərgidə peyda olur. 

- Ulucay, sən burda nə əcəb?

- Mən kitabımı satıram da.

- Haa... Bəs iki gün qabaq yox idin axı?!

- İşdən çıxa bilmədim.

- Baş redaktor da oldun, yenə işdən çıxa bilmədin də sən.

- Bilirsən nə qədər yazı yollayırlar, ehh..

Siqaretimizi çəkib, kafedən kofe, çay götürüb zala daxil oluruq. Sən demə, Ulucay elə Ayselin yanında otururmuş. Yan tərəfdəki boş masaya söykənib kofemi içə-içə kitab satışı ilə bağlı söhbətə qoşuluram. Aysel deyir:

- Bilirsiz, yazıçı oxucunu gücə salmamalıdı. Bənzətmələr, iki-üç qatlı cümlələr-filan. Sadə yazmaq lazımdı, çox sadə. Kəramət sadə yazır, hamı da oxuyur. 

Ulucay araya girir:

- Razıyam, bizim Orxan Həsəni də belədi. Dəfələrlə demişəm, biraz sadə yaz, amma öz bildiyindən əl çəkmir. 

Aysel biraz da coşur:

- Kimdən soruşursan, deyir, ay nə bilim, Üzeyir Hacıbəyovu belə oxuyuram, elə oxuyuram. Vallah, mən oxuya bilmirəm. Üzeyir bəyin dili ağırdı, mənə yaxın gəlmir, vurur. İndiki dilimiz deyil o dil. Axundovun dili də onun kimi. Yalan danışmaq lazım deyil. Çoxusu oxuyur, amma başa düşmür.

Arabir Kəramət biz tərəfə çevrilib söz atır:

- Aysel peyğəmbər... Eminquey peyğəmbər... Ulucay peyğəmbər. 

Ulucay:

- Kəramət, bəsdi də.

Kəramət:

- Nədi? Düz deyirəm də. Biz yazıçılar, şairlər peyğəmbər kimi şeyik də. 

Ulucay:

- Bəsdi, mən inanclı adamam, xoş deyil zarafatın.

Əslində isə Kəramət Ayselin “Qadın peyğəmbər” kitabına ilişirdi. 

Bu dəm Şahbaz Xuduoğlu masaya yaxınlaşır, yazıçılarla söhbətə başlayır:

- Təzə kitab lazımdı, təzə.

Kəramət cavab verir:

- 4 ay qabaq çıxıb da kitabım. Təzə deyil? 

Əlini uzadıb “Əlqəmə” adlı kitabını göstərir. 

- Allahaqqı, əvvəl kitabım alınmırdı, dilxor idim. İndi kitabımı alan var, bilmirəm nə yazım?! Yaza bilmirəm. 

Dalınca da kişmişi gülüşü ilə çevrilib Ayselə baxır. 

Şahbaz Xuduoğlu:

- İldə azı bir kitab yazmalısız. Həmişə eyni kitablarla gəlib oturmaq yaxşı deyil. Oxucu təzə nəsə axtarır. 

Şahbaz bəy əlində bir stəkan çaxırından içə-içə uzaqlaşır.

*** 

Hər şey öz axarında davam edir. 

Bu davamlılığın içində düşüncə gəzintisindəyəm. Tamaşaçı stullarından birində əyləşib sərgini geniş plandan müşahidə edirəm. Oğuz Ayvazın çağırışı müşahidəmi yarımçıq qoyur. Əlindəki yekə selofanı uzadıb deyir:

- Emincim, kömək elə, kitabları bunun içinə qoyum.

- Noldu? Gedirsən?

- Hə, boşuna gəldim. Kitablar satılmır. 

- Niyə?

- Nə bilim... Kəramət bazarımızı alıb əlinə. Satan odur, oturub tamaşa edən mən.

Bu kədərli dialoqdan sonra selofanı verib hüznlə gəlib yerimə əyləşəcəkdim ki, Əsəd Qaraqaplan qolumdan tutdu:

- Görürəm, kitab almısan. Gəl bax bu kitabımı al. Bu kitab hamınızda olmalıdı. Görün şeiri necə yazırlar. 

- Ah Deliriya... (kitabının adı ilə sataşıram)

Əsədin kitabına pul verməmək üçün bir-iki cəhddən sonra Əsəd kitabı hədiyyə etmək qərarına gəlir.

- Sənə qurbandı, təki kitabım oxunsun.

Əlim düşərli olur, bir xanım Əsədin masasına yaxınlaşır, kitabları ilə tanış olur. Gülə-gülə nəsə oxuyur.

- Siz şairsiz?

- Aha.

- Bu kitabların hamısını siz yazmısız?

- Aha. 

- Siz şairə yox, idmançıya oxşayırsız... (gülür)

- Aha. Həm də güclü olmaq lazımdı. Şairi əzməsinlər deyə.

Əsəd qapısına vurulmuş topu qaytarmış kimi özündən məmnun halda gülümsəyir. 

Kəramət Böyükçöl isə sosial şəbəkə məşhurluğunun bəhrəsini yeməklə məşğuldur. Kitabını satır, onunla şəkil çəkdirirlər. Oxucularından kimdirsə, bayaqdan hansısa kitabını əlinə alıb diqqətlə vərəqləyir. Kəramətə “yaxşı yazırsız” deyib yenidən kitaba köklənmək istəyəndə Kəramət deyir:

- Kitab 10 manatdı, sizsə artıq kitabı 2 manatlıq oxumusuz. 

Sərgini tərk edərkən qulağım mikrofondan zala yayılan səsə diqqət kəsilir:

- Qırx küp, qırxı da qulpu qırıq küp...

Öz-özümə deyirəm:

- Elə biz də qulpu qırıq küplərik, kim tapacaq bizi, bilmirəm...

 

Eminquey