adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Avqust 2022 16:33
1383
ƏDƏBİYYAT

Leyli də, Şirin də, Zöhrə də mənəm Mirvari Dilbazi 110

Bu ilin avqust ayında klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 ili tamam olur.

...Səmimi etiraf edim ki, Mirvarid xanımın yaradıcılığına və şəxsiyyətinə nə qədər hörmət və məhəbbətim olsa da, onun yaradıcılığına müraciət etməmişdim. Elə bu səbəbdən də ədəbiyyat dostlarımdan biri- “Mirvarrid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, dəyərli söz adamı Güllü Eldar Tomaroğlunun Mirvarid Dilbazi haqqında yazmaq təklifini bir fürsət kimi dəyərləndirdim.

Mirvarid Dilbazi bir qadın şairə olaraq Məshəti Gəncəvidən, Heyran xanımdan, Xan qızı Natəvandan başlanan qadın poeziya ənənələrini uğurla, ustalıqla davam etdirərək öz lirik və ictimai məzmun kəsb edən əsərləri ilə poqeziya xəzinəmizə qiymətli töhfələr vermiş, onu zənginləşdirməyə müvəffq olmuşdur. Tanrının ona bəxş eydiyi ömür payında Mirvarid xanım Dilbazi çox ağrı-acılara sinə gərmiş, XX əsr tariximizin müxtəlif ictimai-siyası quruluşlar, ideoloji basqılar, taleyüklü tarixi hadisələrlə müşayət olunan bütöv bir dövrü Mirvarid xanımın taleyindən keçmiş və bütün bu hadisələriin təsiri altında yaşayan şairə özünün poeziyasını yaratmışdır. Şairə 2004-cü ildə nəşr olunan “Seçilmiş əsərləri”nə yazdığı iki səhfəlik ön sözündə 89 illik ömür və yaradıcılıq yolunun keşməkeşlərini belə təqdim edir: ”Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım keşməkeşli illərdən keçib”. Bəli Mirvarid Dilbaziyə öna verilmiş ömür payında çox hadisələrə şahidlik etmək qisməti nəsib oldu. Bu şahidlik ona həm sevinci, həm də kədəri yaşamağa məhkum edib. Və bu sevinc və kədəri o öz iç dünyasının süzgəcindən keçirərək, əsərlərində əbədiləşdirib.

Mirvarid xanım hələ körpə ikən Xalq Cumhuriyyətinin qurulmasının sevincini dərk etməmiş onun süqutunun kədərini yaşamağa məhkum edilmiş, yeniyetmə və gənc yaşalarında isə represiy məşəqqətlərini, az sonra II Dünya Müharibəsinin acılarını yaşamışdı. Sonrakı illərdə Sovet idelogiyası basqısı altında yaşayan və yazıb-yaradan Mirvarid xanım əsrin sonuna yaxın Sovet dövlətinin, Kommunist Partiyasının süqutu ilə yanaşı həm də bədnam qonşularımız tərəfindən, öz havadarlarının dəstəyi və köməyi ilə torpaqlarımızın işğalı və Qarabağ dərdlərimizin “çiçəklənməsi” dövrünü yaşadı. Bütün bunlar qəlbi Vətən, xalq, millət eşqi ilə döyünən Mirvarid xanımın əsərlərində qabarıq və parlaq şəkildə öz əksini tapmışdır. Düşünürəm ki, Mirvarid xanımın keşməkeşlərlə dolu həyatı və elə həytı ilə təxminən əkiz olan yaradıcılığı ilə tanış olmaq üçün, onun bir neçə əsərinə- “Bir ömür yaşadım”, “Bəxtimlə söhbət”, “Avey dağla söhbət”, “Həyatımdan səhfələr” şeir və poemalarına nəzər yetirmək kifayət edərdi.

... Qədim Yunan sözü olub dilimizə “söhbət” kimi tərcümə olunan dialoq insan cəmiyyəti yaranandan insanlar arası ünsiyyət forması kimi meydana gəlmiş, sonralar insan münasibətlərinin inkişafının müxtəlif məqamlarında daha çox fəlsəfi anlam kimi məna kəsb etmişdir.

Şəxsiyyətin mahiyyəti yalnız həmsöhbət olanda açılır. İnsan yalnız söhbət zamanı dioloji münasibətdə olduğu insanın kimliyini və özünü dərk edə bilir.Təsadüfi deyil ki, dahi Sokratın “Danış səni tanıyım” kəlamı sanki bu gün deyilib. “Söhbət” bir kateqoriya olaraq ta qədim zamanlardan bu günümüzədək ədəbiyyatda da bir vasitə kimi geniş istifadə edilmişdir. Təbii ki, dram əsərlərinin əsasını dəşkil edən söhbət, nəsrdə də təhkiyyənin əsas formalarından biri kimi istifadə edilir. Nizami Gəncəvi, Məhəmmd Füzuli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev və bir çox başqa ədiblərimiz əsərlərində söhbətin parlaq nümunələrini yaratmışlar. Dram və nəsr əsərlərindən fərqli olaraq lirik və epik janrlarda “söhbət” müəllifin, qəhrəmanın və əsərin məzmun və mahiyyətini açmaq baxımından bir vasitə kimi daha az rast gəlinir.

Maraqlıdır. Mirvarid Dilbazi də yaradıcılığında “söhbət” kateqoriyasından ustalıqla istifadə etmiş, əsərlərinin bir qismini Nizami Gəncəvi (Bayquşların söhbəti), Məhəmməd Füzuli kimi (Meyvələrin söhbəti) və s. söhbət formasında qələmə almışdır. Bu kontekstdə onun“Bəxtimlə söhbət” “Avey dağla söhbət” şeir və poeması səciyyəvi xarakter daşıyır. Bu poeziya nümunələrində Mirvarid xanımın özünüdərki, yaşantıları, tariximizdə baş verən hadisələrin təfsilatı, ətrafda baş verən hadisələrə münasibəti, onun bir vətəndaş, bir şəxsiyyət, bir şair kmi xarakteri daha aydın çəkildə oxucuya çatır. “Bəxtimlə söhbətdən kiçik bir nümunə:

Oturmuşdum bir gün bəxtdən gileyli,

Gözümdə, könlümdə şikayət meyli.

Birdən dilə gəlib söylədi baxtım:

-Başına şeirdən incilər taxdım.

...Xətrin əziz oıldu sevdin, sevildin,

Analıq hissinin zövqünü bildin.

Günəş işığıyla qarışdı qanın,

İnsana, torpağa bağlandı canın

Oldun Şair qızı Azərbaycanın .

 

Bu şeir nümunəsində Mirvarid Dilbazi öz bəxti, taleyi ilə söhbətində həyatın bütün sevincini dadmış bir xanımın, ananın, şairənin xoşbəxlik məqamları öz əksini tapırsa,“Avey dağla söhbət” başqa bir ovqatın məhsuludur. Mirvarid xanımın həyatı ilə tanış olan oxucularımız bilirlər ki, O, Qazax rayonunun Xanlıqlar (kemiş Musaköy) kəndində dünyaya göz açmış, erkən yaşlarında atası Paşa bəyi itirən Mirvarid xanım anası Cəvahir xanım və bacısı Yaqutla birlikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan, Avey dağının ətəyində yerləşən, Daşsalahlı kəndinə köçmüş və bir neçə il burada ana babası Vəlağanın himayəsində yaşamışlar. Şairənin erkən uşaqlıq çağı Daşsalahlı və Aşırlı kəndlərində, Avey dağının yamaclarında, Damcılı bulağının ətrafında keçmişdır. Kim bili, bəlkə də bir zamanlar Mirvarid xanım Aveydən cənub –qərb istiqamətinə baxanda, dünyaya bir pəncərə kimi açılan, əsrarəngiz bir mənzərə, füsunkar Göyəzən dağını görəndə, Babakər dağından əsən sərin külək Avey dağını aşaraq onun saçlarını oxşayanda ilk misralar qəlbində o zaman yaranıbmış. Bəlkə də Damcılı bulağın qayalardan süzülərək damcı-damcı golmçəyə tökülən suların yaratdığı ritmlər Mirvarid xanımın qəlb yaddaşına köçərək, sonradan kağız üzərində heca-heca misraya cevrilib.

 

Avey dağım, mən zirvəndə itəydim,

Bir gül olub, daş sinəndı bitəydim,

Mən ney olub o dağlarda ötəydim,

Danışaydın nələr keçib başından

Gah su axıb, gah qan axıb döşündən

 

Vəlixanda yer tutubdur ayağım,

Qoy var olsun mənim ata torpağım,

Avey dağdan gəldi sonra sorağım,

Ətəyində boya-başa yetmişəm,

Bir gül olub daş köksündə bitmişəm.

 

Mirvarid xanımın tərcümeyi-halından aydın görünür ki, O, 9 yşında olarkən anası və baçısı ilə birlikdə Bakı şəhərinə köçmüşlər və Quba şəhərindəki müəllimlik fəaliyyətin nəzərə almasaq ömrünün sonunadək Bakıda yaşamışlar. O da məlumdur ki, Mirvarid xanım “Avey dağla söhbət” poemasını yazanda artıq ixtiyar yaşında idi:

 

İndi budur, sahilində Xəzərin,

Bir qoca var, fikrə gedib çox dərin...

Həsrətində o ayların, illərin,

Ana deyən bir uşağa dönübdür,

Boy kiçilib, lap yumağa dönübdür.

 

Maraqlısı da odur ki, cəmi 9 il Qazaxda- Xanlıqlar və Daşsalahlıda yaşamış bu 9 yaşlı qızın yaddaşında nə qədr xatirələr toplaşıbmış. Poemanı oxuduqca bu xatirələr yumaq kimi nizamla çözələnir:

Ah o günlər, ah o aylar, o illər,

O nəğməli, o həvəsli könüllər,

O yağışlar, o selablar, o sellər,

İndi onlar xəyalıma qonaqdır,

Ğözüm yaşlı, könlüm vallah uşaqdır.

 

Poemanı oxuduqca Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” peması yada düşür.Təbii ki, mən bu yazıda anadilli ədəbiyyatımızda müstəsna xidmətləri olmuş bu iki şairin yaratdığı poemaları müqayisələndirmək fikrindən tamamilə uzağam. Bunula belə, Mirvarid xanımın “Avey dağla söhbət” poemasını oxuduqca Şəhriyarın “Heydərbabaya salam” poeması ilə paralellər gətirməli olursan. Belə ki, hər iki poema dastan formasında yazılmışdır, hər iki əsər iki hissədən ibarət olmaqla yüksəklik, ucalıq rəmzi olan dağa müraciətən, sənin danışdığın şirin Azərbaycan dilində, bütün gözəllikləri, ləhcə və şivələri ilə qələmə alınmışdır. Şəhriyarın Heydərbabasında olduğu kimi Avey dağla söhbətdə də şairin tanıdığı, ünsiyyətdə olduğu insanların adları, coğrafi adlar bu yerlərin insanlarının ifadə etdiyi formada olduğu kimi verilmişdır. Etnik, folklor yaddaşı poemada aydın şəkildə ifadə olunmuş, xalqın adət-ənənəsi, mətbəxi poetik formada, rəngarəng çalarlarla öz əksini tapmışdır.

 

Yada düşür Karqayanın meşəsi,

O meşənin ən nəğməli guşəsi,

Çobanların həzin, kövrək ney səsi,

Dönüb xəzəl yarpağına hey əsir,

Yazı, qışı könlüm ora tələsir.

 

Sönüb gedib göy üzündə çox ulduz,

Vardı mənim ata nənəm Xanımqız,

O bəxti kəm, ilqarı düz, əhdi düz,

Qalamsa da sir-sifəti yadımda

Qeyrət, təmkin varmış o dul qadında.

 

Poemada şifahi xalq ədəbiyyatının nümunələri canlı boyalarla təqdim edilir, əsrin dili yüyrək, axıcı və qulağa yatımlıdır, sanki dastan oxuyursan. Və təsadüfi deyil ki, şairə ozü də poemanı dastan adlandırır:

 

Avey dağım, çox sözüm var sorası,

Ürəyimin yanmamışdır harası

Orda göynər neçə dərdin yarası,

Yox dərmanım, öldürüblər loğmanı,

Qanla yazdım bu yazdığım DASTANI.

 

Poemada təkcə şairənini şəxsi həyatı, uşaqlıq çağı,yaşantıları, adət-ənənələrimiz, mərasimlərimiz, mətbəximiz deyil, keşməkeşlərlə dolu tariximiz, xalqımızın başına gələn və gətirilən bəlalar, faciələr də öz əksini tapıb.Əsərdə bu faciələr xronoloji ardıcıllıqla, kövrək hiss və həyacanla təqdim edilir.

 

Üzərindən neçə karvan keçibdir,

Od, qılıncla neçə dövran keçibdir,

Qara Məlik hansı yoldan keçibdir,

Hayla gəlib, kimlər vayla qayıtdı,

Öz tökdüyü qan selində kim batdı.

 

Baş üstündə hey qılınclar sıyrılıb,

İgidlərin yurd uğrunda qırılıb,

Gah lillənib, sular gah da durulub,

Günlərimiz gah ağ olub, gah qara

Oxşamışıq tufan yıxmaz dağlara.

 

Təbii ki, kiçik bir yazıda bu dastanın bütün məziiyətlərini açmaq və oxucuya təqdim etmək tək bir müəllifin işi deyil. Hesab edirəm ki, Mirvarid Xanım Dilbazinin “Avey dağla söhbət” poemasının geniş təhlilə və elmi-ədəbi araşdırmaya ehtiyacı var və düşünürəm ki, Mirvarid Dilbazi Poeziya Məclisi də bu işə öz töhfəsini verəcəkdir.

İthaf şeirləri Mirvarid xanımın yaradıcılığında mühüm yer tutur. Bu şeirlərin ünvanı rəngarəng və çox çalarlıdır. Bu şeirlərin arasında poeziya nəhənglərimiz Nizamiyə, Füzuliyə həsr olunmuş şeirlər də var, Hüseyn Cavidə, Səmd Vurğuna, Mikayıl Müşfiqə ünvanlanmış şeirlər də. Ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər də var, Məmməd Əmin Rəsulzadəyə ithaf olunan şeirlər də, həyat müəllimi-anasına həsr etdiyi şeirlər də var, nəvəsi laləyə həsr etdiyi şeirlər də. Ömrünün və yaradıcılığının müxtəlif vaxtlarında və müxtəlif ovqatlarda yazılmış bu şeirlər son dərəcə səmimidir. Bu şeirlərin coğrafiyası və ünvanı həm zaman, həm də yanaşma baxımından rəngarəngdir. Şeirlərdə müəllifin qəhrəmanına münasibəti ilə yanaşı, həm də onun xarakteri, yaşadığı və ondan sonrakı dövrdə mövqeyi, cəmiyyətə təsir etmə gücü, xalqın taleyində və ədəbi proseslərdə rolu poetik ifadələrlə öz əksini tapıb. Mirvarid xanım Nizami Gəncəviyə “Sənət dünyasının ey şahlar şahı! Nizami, ey fikrin böyük Allahı” deyə müraiət edərək onu ədəbi fikrin Allahına bənzədirsə, Füzuliyə həsr etdiyi şeirində:

Ey Füzuli eşq dolu bir badəyəm,

Mən sənin söz mülkünə səccadəyəm.

Ey məhəbbət mülkünün bir danəsi,

Sultanı, şahı, dürrü, dürdanəsi.

 

deyərək, Füzulini məhəbbət dünyasının, həm də söz mülkünün sultanına, şahına bənzədir.

Hər kəsə məlimdur ki, Azərbaycan dövlətçilik tarixinin qırx ildən çox bir dövrü Tanrının və taleyin Azərbaycan xalqına bəxş etdiy Böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan tarixinin bu dövrünün elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izi olmasın. Qədirbilən xalqımız, onun yaradıcı oğul və qızları Ulu öndərimizin dövlət və xalq qarşısındakı misilsiz xidmətlərini unutmamış, özlərinin ən möhtəşəm əsərlərini bu böyük şəxsiyyətə həsr etmişlər. Bu mənada Mirvarid xanım da istisna təşkil etmir. Tale elə gətirib ki, Ümumilli liderimizin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövr Mirvarid xanımın yaşının və yaradıcılığının püxtələşmiş və müdrikləşmiş vaxtına düşmüş və onun gözü qarşısında keçmişdir. Həm də bu illərdə Mirvarid xanım müxtəlif tədbirlərdə dəfələrlə Ümummilli liderlə yaxın təmasda olmuşdur. Təbii ki, bu müşahidələr, görüşlər təsirsiz ötüşməyə və şairənin yaradıcılığında öz əksini tapmaya bilməzdi. Mirvarid xanım Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi şeirlərini “Vətən oğulsuz olmasın” başlığı altında təqdim etmişdir. Bu silsilədə yazılan şeirləri Mirvarid xanım bu ifadə ilə təqdim edir:”Bu silsilədə gedən şeirlə dünya şöhrətli Azərbaycan oğluna-Heydər Əliyevə duyduğum iftixar hissindən yaranmışdır”.

Müdrik insan, böyük dövlət adıamı Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü nəzmə çəkən Mirvarid xanım yazırdı:

 

Bizim yolumuz çətin,

İradəmiz sarsılmaz,

İnamımız da birdir

Bu yol ağır savaşlı

Bizim bu günümüzdən

Aydın sabaha gedir.

Qanı doğma qanımız,

Milli qəhrəmanımız!

Xalqımızın ər oğlu!

Millətə rəhbər oğlu!

 

Şairənin Heydər Əliyevə həsr etdiyi şeirlər müəllifin özünün qeyd etdiyi kimi müxtəlif dövrləri əhatə etməklə, silsilə təşkil edi. Hələ 1990-cı illərin əvvəllərində ölkəmiz vətəndaş müharibəsi vəziyyətində olanda, Azərbaycan dövlətçiliyinin mövcudluğu təhlükə altında qalanda Mirvarid xanım Heydər Əiyevə xitabən yazırdı:

Bir xalqın başında aqil, mötəbər,

Tədbirli bir başçı durmasa əgər,

O xalqı qurd nədir,

Çaqqallar yeyər.

 

Bir xalqın başında xalq, millətcanlı,

Dönməz, cəsarətli, təmiz vicdanlı,

Xalqlar arasında şöhrətli, şanlı

Bir başçı durmasa, sözündə kəsər

O xalqın başını düşmənlər əyər

Onu ac tülkülər, çaqqallar yeyər.

 

Və təsadüfi deyil ki, Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişi ölkəmizi məhv olmaq, parçalamaq təhlükəsindən xilas etdi.

Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət- bir sözlə yaradıcı insanlarına yüksək qayğı və diqqət göstərən, onların ən böyük himayəçisi Heydər Əliyev 1982-ci ildə Böyük Hüseyn Cavidin nəşini uzaq Sibirdən Vətənə gətirəndə Mirvarid xanım yazırdı:

 

Cavidi vətənə gətirən oğul,

Onu öz xalqına yetirən oğul,

Xalqının misilsiz qayğılarını

Öz çiyni üstünə götürən oğul,

Var olsun bu oğul qeyrətin sənin.

 

 

Etiraf olunmaalıdır ki, Mirvarid xanımın Ulu öndərimizə həsr etdiyi şeirlər onun bütün yaradıcılığı kimi fərqli, təbii və səmimidir.

Yazılarımın birində qeyd etmişdim ki, şairlərin şeirləri dünyaya oğlan, şairələrin şeirləri isə qız timsalında gəlir. Mirvarid Dilbazi yaradıcılığı ilə yaxından tanış olduqca bu qənaətimdə yanılmadığıma bir daha əmin oldum. Diqqət yetirin Mirvarid xanımın şeirlərinin mözularına: “Qadınlara hüriyyət”, “Qadın”, ”Əsil qadın”,“Məshəti Gəncəvi”, “Zəhra” “Əlcəzairli qız” ,”Partizan Aliyə” və b. Qadın onun yaradıcılığında baş qəhrəmandır. Təsadüfi deyil ki, şeirlərin birində o öz məhəbbətinə, sədaqətinə, vəfa və etibarına görə özünü Leylidən də, Şirindən də, Zöhrədən də yüksəkdə tutur:

Dünya eşqi ilə elə zənginəm

Ləli-cəvahirlə doludur sinəm,

Leyli də, Şirin də, Zöhrə də mənəm,

Sanmayın bu torpaq tez udar məni.

 

Bu mövzunun isə şah qəhrəmanı Anadır. Onun yaradıcılığında Ana əsas mövzudur. Uzun illər anası ilə birgə yaşayan, onu böyük məhəbbətlə sevən Mirvarid xanıma həm də tale analıq hissini yaşamaq xoşbəxtliyini vermişdi. O, ana olmağı Tanrının ona bəxş etdiyi sonsiz bir səadət, xoşbəxtlik bilir. Uzun illər ana və övlad sevgisini birgə yaşamaq Mirvarid xanmın ən böyüik xoşbəxtliyi idi. Onun, bu mövzuya həsr etdiyi şeirləri saymaqla qurtarmaz. ” Ana”, “Mən anayam”,”Anam Yadəma düşdü”, ”Ana yadigarı”, Anam yuxuma gəlmir”, “ Ana məktubu”, “Anamın duası”, ”Ana deyən”, “Anamıza ana deyən”, “Həyat müəllimim” və s. Bu şeirlərin hamısı bir- birindən gözəl olmaqla təkcə Mirvarid xanımın anasına olan məhəbbətini əks etdirmir, bu poetik ifadələr ümumən bir övladın anaya olan məhəbbətinin ifadəsinə çevrilir və həm də bəşəriləşir:

 

Sual:-Ana haqqı

Övlad üçün nə deməkdir?

Cavab:-Övlad haqqı

Analarən qarşısında diz çökməkdir.

 

Mirvarid xanımın anasına məhəbbətinin başqa bir ifadəsi:

 

Anam yuxuma gəlmir,

Görən nə günahım var?

Anam yuxuma gəlmir,

Bilmir ona sözüm var,

Dərdim başımdan aşıb,

Fikirlərim dolaşıb...

Yarəb, günahım varsa,

Bağışla bu bəndəni.

O ruhlardan ayırma,

İki dünyada məni.

 

Kiçik bir haşiyə: Mirvarid xanımın anası Bakı şəhərində Yasamal qəbirstanlığında dəfn olunub.O da qızı Xatirə xanıma vəsiyyət edibmiş ki, dünyadan köçəndə onu anası Cəvahir xanımın yanında dəfn etsinlər. 2001-ci ildə Mirvarid xanım dünyasını dəyişəndə belə qərar qəbul olunur ki, onun Azərbaycan əədbiiyatı qarşısınd xidmətləri nəzərə alınaraq Birinci Fəxri Xiyabanda dəfn olunsun. Lakin Xatirə xanım bu qərara görə aidiyyatı şəxslərə təşəkkürünü bildirsə də Mirvarid xanımın vəsiyyətinə əməl edərək onu Köhnə Yasamal qəbirstanlığında, anasının yanında dəfn edirlər.

Mirvarid xanımın yaradıcılığında Qadınla yanaşı Kişi obrazı paralel olaraq qabarıq şəkildə təqdim edilir. Açığını deyim Kişi obrazının belə bir təqdimatına yanız Mirvarid xanımın yaradıcılığında rast gəlinir. Mirvarid xanım üçün ailə müqəddəsdir və ailədə kişinin yeri yüksəkdədir. Bu baxımdan onun “Qadının əri gərək “şeiri çox maraqlıdır:

Qadının əri gərək,

Yanında nəri gərək.

Yüz kişinin içində,

Kişinin biri gərək.

Mirvarid el içində,

Kişinin yeri gərək.

Və Mirvarid xanım üçün,həm də Mirvarid xanıma görə elə bütün qadınların hər biri, bir kişi ürəyini fəth edibsə və vüqarlı bir kişi ürəyi onun üçün döyünürsə, bu qadın üçün də, kişi üçün də bəxtiyarlıq, səadət və xoşbəxtlikdir:

...Ey ər ürəyini fəth edən qadın!

Ər qeyrəti ilə yüksəlir adın.

Qeyrətli kişiylə,

Əsil qadınla,

Yaşamaq özü də bir səadətdir,

Kişi məhəbbəti,

Ər ehtiramı

Biz qadınlar üçün

Əsil şöhrətdir.

 

Mirvarid xanım gənc qızları da belə görmək istəyir, bir qadın kimi, ana kimi, ağbirçək kimi onlara- sevib- sevilən qızlara xitabən yazdığı şeirlərdə gənc qızlara sevgini, məhəbbəti, səadəti, xoşbəxtliyi tapmağın məsləhətini verir:

Siz toylarda, nişanlarda,

Qoymayın gəncləri darda

Daş-qaşları kamallarda,

Siz düz ilqarda axtarın.

Budur sözümün qüvvəti,

Uca tutun məhəbbəti,

Nazlı qızlar, səadəti

Mərd oğullarda axtarın.

 

Hər kəsə məlumdur ki, Mirvarid xanım Azərbaycanın ən məşhur şəcərələrindən olan Dilbozlar nəslinə mənsubdur. Zamanında, elə indi də Azərbaycan xalqına Mustafa Ağa Arif, Kazım Ağa Salik, Əbdürəhim Ağa Dilbazi və digər çox saylı ziyalılar və görkəmli şəxsiyyətlər bəxş etmiş bu soykök mülkədar silkinə mənsıb idi. Ziyalılıq, xeyirxahlıq, zadəganlıq, kübarlıq, sambalılıq bu şəcərəni səciyyələndirən xüsusiyyətlər idi. Bu xüsusiyyətlərin sanki hamısı Mirvarid xanımda cəmlənmişdi. Onun xarakterində sadəlik, səmimiliklə yanaşı həm də bir ötkəmlik, zabitəlik və amiranəlik vardı. Bütün bunlarla bərabər Mivarid xanım təbiətlə qoşa yaranmışdı.Təbiətə bağlılıq, torpağa məhəbbət, elə-obaya, doğma yerlərə, insanlara sonsuz məhəbbət, ailə kultuna, ailə dəyərlərinə bağlılıq, zəriflik və incəlik Mirvarid xanımın səciyyəvi xüsusiyyətləri idi. Təbiət gözəlliklərinə sonsuz sevgisi tanrının səxavəti ilə şairəyə bu gözəlikləri elə təbiətin özü qədər əlvan boyalarla poetikləşmişdirməyə imkan vermişdi. Düşünürəm ki, Mirvarid xanımın bu gözəlliklərə həsr etdiyi “Bənöşələr üşüyəndə”,”Yasəmən fəsli”, ”Dağ çiçəyi”, “Qar çiçəkləri”, “Çiçəkdən çiçəyə” və b. şeirlərin adını çəkməklə bu münasibətin mahiyyətini izah etmiş olarıq. Təbiətin yaratdığı ən gözəl çiçəklərdən olan bənövşəyə sonsuz məhəbbət xəyalımızda Mirvarid xanımı bənöşə obrazında canlandırır.

Mirvarid Dilbazi geniş yaradıcılıq diapazonuna, böyük yaradıcılıq imkanlarına və çoxşaxəli yaradıcılığa malik bir şairə kimi ədbiyyat xəzinəmizi öz əsərləri ilə zənginlşdirmişdir. Bu yazıda mən şairiənin yaradıcılığının çox kiçik bir hissəsi barədə qənaətlərimi oxucularla bölüşdüm. Bu fikirlər Mirvarid xanımın hər zaman coşub-daşan zəngin yaradıcılıq ümmanından bir damla olsa da onun gənc nəslə tanıdılmasına və təbliğinə xidmət edir. İllər, qərinələr keçəcək Mirvarid Xanım Dilbazinin əsərləri həmişəki kimi yenə də sevə- sevə oxunacaqdır.

 

Ramiz Göyüş

Azərbaycan Yazıçılar Birliyinin üzvü