adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2023 11:09
807
İDMAN

Mahir lağlağını haqq edir? - İlkin Sultanlı yazır

Adam artıq sosial şəbəkələrdən iyrənir.

O qədər iyrənc söhbətlər dolaşır ki, internet aləmində. Çoxu da futbola aid. Hamı millinin sabiq oyunçularının “Tiktok”dakı performansından danışır. Onları qınayan da var, tərəfində duran da. Amma düşünmək lazımdı ki, belə şeyləri başqaları da edir. Elə Aquero. “Tviç” platformasında canlı yayınlar açaraq başını qatır. Düzdü, argentinalı çox vaxt xeyriyə işləri ilə məşğul olur. Ya da Messi, Pike kimi futbolçuları yayına qoşaraq futbol haqda müzakirə açırlar. Bizimkilər isə bu məsələdə əndazəni aşırlar. Qızlarla yarışırlar, müxtəlif proqramlarda qalmaqalların içində olurlar...

İndi də keçək əsas məsələyə Sosial şəbəkələrin ulduzlarından biri də Mahir Emrelidi. Onunla bağlı yayılan bütün informasiyalar gündəm olur. Millimizin hücumçusu zədələnib. Bu səbəbdən də məşqlərdə iştirak etməmək üçün “Dinamo”nun çalışdırıcısından icazə alıb ki, özünü bərpa edib, növbəti matça kimi sağalsın. Xalqımızın “yaradıcı” kütləsi də onu lağa qoyur. “Külək əsir, Mahir zədələnir”, “Pişik asqırır, Mahirin ayağı burxulur” kimi fikirlər gözümüzü mozol edir. Əslində belə fikirlərin formalaşmasında oyunçu özü günahkardı. “Qarabağ”da çıxış edərkən “instaqram”da o qədər postlar paylaşdı ki, artıq camaat onu məzə obyektinə çevirdi. Lakin indi vəziyyət fərqlidi. Mahirlə bağlı yaxşı məlumatlar var. Bunlardan ən əsası futbolçunun baş məşqçi Ante Çaçiçlə münasibətləri qaydaya salmasıdı. Millinin üzvü bütün problemlərini çalışdırıcıya danışıb. O da Mahirə güvənməyə başlayıb. Forvardın özü də etimad qazanıb. Qış fasiləsində Xorvatiyada qalaraq bazada məşq edib. Hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərib. Hətta “Qoritsa” ilə matçda meydana da çıxdı. Lakin heç nə ilə yadda qalmayıb. Çünki zədəliymiş...

İndi bizim xalq da bununla məzələnir. Nə gərək var? Ola bilər ki, Mahirin davranışı pisdi, xasiyyətində problemlər var. Amma bir məqamı unutmayaq. O azərbaycanlıdı və ölkəmizi xaricdə təmsil edir. “Legiya”da çıxış edərkən qollar vuranda “əsgər salamı” ilə hamının qəlbini fəth edirdi. “Napoli”ni məyus edəndə kameraya “Səni sevirəm, Azərbaycan”, - deyə qışqıran da Mahir idi. İndi zədələnib deyə, niyə gözümçıxdıya salmışıq ki? Nəyə lazımdı “rakka-çiko” söhbətlər, nəyə lazımdı lağlağı? İnsanın ağrısı ilə məzələnmək sizə, bizə nə xeyir verir? Heç nə! Mahirlə bağlı ən çox tənqid yazan media qurumu bizik. Hər dəfə doğruları qələmə almağa çalışmışıq. Bir dəfə də olsun, futbolçunun özü və ya ailəsi ilə problem olmayıb. Çünki onlar da bilir ki, Mahirin yaxşılığını istəyirik. İndi pis vəziyyətində ona dəstək olmaq da şəxsən mənim mənəvi borcumdu. Belə şeylərə görə üzülmə, Mahir! Başını aşağı sal, sakitcə işini gör. Zədəni sağalt. Qollar vur, bizi, səninlə məzələnənləri sevindirməyə davam et!
 

football-plus.az