adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Yanvar 2022 11:52
727
ELM VƏ TƏHSİL

Məktəbdə mənə vurulan ilk və sonuncu şillə - Sevil Gültən yazır

Son günlər facebook dostlarımın əksəriyyəti bir şagirdə əl qaldıran məktəb direktorunu “ qamçılamaqla” məşğuldur. Əlbəttə, müəllimin şagirdə əl qaldırmasınn əleyhinəyəm. Amma istisnalar olmalıdır. Bəzən şagird müıəllimi o həddə çatdırır ki, onu döyməkdən başqa çarə qalmır.

Heç kim maraqlanmır ki, o videonu kim çəkib? Əgər müəllim çəkibsə, lap pis, şagird çəkibsə ikiqat pis. İnsanın özündən xəbərsiz videosunu çəkib yaymaq əxlaqsızlıq deyilmi?

Nədənsə o video paylaşılan gündən orta məktəbdə mənə vurulan ilk və sonuncu şilləni xatırlayıram.

Məktəbdə mənə vurulan ilk və sonuncu şillə

Orta məktəbdə nümunəvi şagird olmuşam. Bəlkə də heç kim inanmaz ki, təhsil aldığım 10 il ərzində tək bircə dəfə, bir saat dərsdə iştirak etməmişəm. Yadımdadır, 7-ci sinifdə ( bəlkə də 6-cı sinif idi) oxuyanda, 6-cı dərsdən- zoologiya dərsindən ( həmin gün dərsimizin mövzusu “ Cəld kərtənkələ “ idi) icazə alıb atamla birlikdə Körpükənd kəndinə getmişdik, məktublaşdığım qızgilə.

9-cu sinfə qədər heç bir müəllim mənə əl qaldırmamışdı. Buna şərait də yaratmamışdım. Mənə ilk və sonuncu şilləni rəhmətlik Əşrəf müəllim vurmuşdu. Ədəbiyyat müəllimimiz. Çox ciddi və tələbkar müəllim idi. Bugün tərcüməçi kimi tanınmağımda onun çox rolu var.

Dərsimiz Nəcəf bəy Vəzirovun “ Müsibəti – Fəxrəddin” əsəri idi. Əşrəf müəllim evə tapşırıq vermişdi, suallara cavab yazmaq. Hansısa səbəbdən tapşırığı yazmamışdım. Bəlkə də sualları da, cavabları da əzbər bildiyim üçün buna ehtiyac duymamışdım. Müəllim “ kim tapşırığı yazmayıb?” sualını verəndə əlimi yuxarı qaldırmadım. Nə isə. Birdən Əşrəf müəllim mənə dedi ki, durub tapşırığı oxuyum. Dəftəri açıb qoydum partanın üstünə və başladım əzbər bildiyim sualı deyib cavabı verməyə. Bir də gördüm Əşrəf müəllim partamın qırağındadır. Həyəcandan əlləri əsirdi, bir neçə saniyə heç nə demədi. Sonra isə “ Sən məni aldadırsan?” deyib qulağımın dibinə şillə çəkdi. Demək olar dərsin sonunacan özünü ələ alıb dərs keçmədi. Mən müəllimimi, mənə inanan, güvənən müəllimimi aldatmağa cəhd etmişdim. O isə əsl pedaqoq kimi mənim tapşırığı yazmadığımı dərhal bilib məni ayağa qaldırmışdı. Mənim belə hərəkətim ona çox pis təsir etmişdi. Çox güman ki, özünü ələ ala bilməmiş, mənə şillə vurmuşdu. Başqa yol da seçə bilərdi. Dərsdən sonra mənimlə fərdi söhbət apara bilərdi. Amma o mənim onun aldatmağıma mənə şillə vurmaqla reaksiya verdi.

Və o vaxtdan sonra Əşrəf müəllim heç vaxt mənə “ 5” yazmadı. Dərsimi nə qədər yazxşı öyrənsəm də mənə “ 4”dən yuxarı qiymət yazmadı. Yəqin ki, mənim, dünənki uşağın, ən əsas da gələcəyinə inandığı bir şagirdin onu aldatmağını bağışlaya bilmirdi. Mən isə qəbul imtahanında ədəbiyyatdan “ 5” aldım. “ Azərbaycan müəllimi” qəzetinin 23 avqust, 1978-ci il tarixli nömrəsində mənim qəbul imtahanında ədəbiyyatdan necə əla cavab verməyim haqda yazılmışdı.

Əşrəf müəllimin mənə şillə vurduğunu valideynlərimə demədim. İnanın, heç ağlıma da gəlmədi. Müəllimim haqlı idi. Lap valideynlərimə demiş olsaydım da onlar da ən yaxşı halda məni danlayar, bəlkə də onlar da mənə əl qaldırardı.

Əşrəf müəllimin o şilləsi məni ayıltdı. Bəlkə də o şillə olmasaydı mən başqa müəllimləri də aldatmağa cəhd edəcəkdim. Beləcə yalan qanıma işləyəcəkdi. Hansı peşəni seçməyimdən asılı olmayaraq içimdəki “ aldatmaq” vərdişi özünü göstərəcəkdi. Əgər bugün kimsə məni vicdanlı tərcüməçi kimi tanıyırsa bunda mənə vurulan o şillənin də rolu var- müəllimimin mənə vurduğu ilk və son şillənin.