adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Avqust 2022 11:10
337
GÜNDƏM

MUŞOV DAĞI - İlhami Cəfərsoy yazır

Murov kimi Muşov da yalnız dağ adı deyildir, arxaik bir Türk xalqının adıdır. Onlar er.əv.ll minillikdə indiki Türkiyə ərazisində yaşayırdılar. Firon Ramzesin kitabəsində onlar Xettlərin düşmənlərindən biri kimi xatırlanırlar. Muşlar er.əv.Xll əsrin ortalarında Xett dövləti süquta uğrayanda Van gölünün qərbində dövlət qurdular. Urartu ilə ittifaqda Assuriya ilə döyüşlərə başladılar. Dövlətin mərkəzi şəhəri Muş oldu. Mur qalası ilə müqayisədə Muş daha böyük şəhər idi. Mur etnonimi itə, Muş pişiyə totemik münasibətlə bağlıdır. Bu mifoloji düşüncə indi kiməsə gülməli görünə bilər. Nəzərə almaq lazımdır ki, at, it, pişik insanın ən qədim və sadiq dostlarıdır. İt olmasa, yırtıcılar ev heyvanlarını yeyərdilər. Pişik olmasa, siçovullar taxıl anbarlarını dağıdardılar. Oğuz və Aran mənşəli Misir fironlarının ehramlarlndan mumiyalanmış pişiklər tapılmışdır. Şəkildə həmin pişiklərdən birinin bütünü görürsünüz. Bütün boyunbağısı ləl-cəvahiratla bəzədilmişdir. Mahmud Kaşğari yazır ki, oğuzlar erkək pişiklərə çətük, çigillər muş deyirlər. Bəzi Avropa və rus tarixçiləri iddia edirlər ki, türklər Ön Asiyaya Xl əsrdə gəliblər. Əgər onlar bilmirlərsə, er.əv.ll-l minilliklərdə Van gölü ilə Göyçə gölünün arasında Mur və Muş adlı Türk dövlətləri olmuşdur, zəhmət olsa da, Misir piramida mətnlərini, yevrey əsilli alim Robert Bleyxşteynerin əsərlərini oxusunlar. Aşıq Ələsgərin bir şeirində pişik anlamında muş sözü vardır.

Muşlar pələng olmaz, tülkülər aslan,

Danalar meydanda kəl ola bilməz.

Toponimlər tariximizin çox qiymətli yadigarlarıdır. Mənası başa düşülmürsə, onları dəyişmək yox, elmi tədqiqatın obyektinə çevirmək lazımdır. Yəqin ki, ölkə başçımızın sərəncamından sonra bunlar nəzərə alınacaq, Dilçilik İnstitutunun Qədim Dillər şöbəsinə diqqət artırılacaqdır.

Bax: İlhami Cəfərsoy. Arilərin Türk mənşəyi. Bakı, 2017.