26 Sentyabr 2024 17:43
140
GÜNDƏM

Nazir: Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma var

Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur.

Adalet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev ölkədə vərəmlə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb. Eyni zamanda, 2021-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir.

Teymur Musayev Qlobal Fondun layihələrinin davamlı olaraq Azərbaycanda həyata keçirildiyi və vərəmlə mübarizədə böyük töhfə verdiyini diqqətə çatdırıb:

"Əldə etdiyimiz nailiyyətlərə baxmayaraq, vərəmlə mübarizə üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün uzunmüddətli Strategiya və Yol Xəritəsinin hazırlanmasına ehtiyac var. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik", - deyə səhiyyə naziri qeyd edib.

İxlasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanda vərəmlə mübarizədə ixtisaslaşmış tibb müəssisələrinin tikildiyi və müasir yanaşmanın tətbiq olunduğunu qeyd ediblər.

İclasda, həmçinin Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova hesabatla çıxış edərək deyib ki, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 10 ildə xəstələnmənin dinamikasında, eyni zamanda vərəmdən ölüm hallarının azaldılmasında müsbət dəyişikliklər müşahidə olunur.