adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2022 11:46
1260
ƏDƏBİYYAT

ÖMRÜN GÖZƏLLİYİNİ SADƏLİKDƏ GÖRƏN QƏLƏM ADAMI

(Yazıçı-publisist Əlibala Rəhimov şəxsiyyətinin sirli tərəfləri)


2022-ci il yanvarın 9-da Respublikanın əksər informasiya saytları və sosial şəbəkələr acı bir xəbər yaydılar: Ürəyi el-obaya məhəbbət hissi ilə döyünən vətənpərvər yazıçı-publisist, içtimai xadim Əlibala Rəhimov bu səhər haqqın dərgahına qovuşub”. Uşaqlığı İkinci Dünya Müharibəsindən sonrakı çətin dövrə düşən, yaşı ötən ilin dekabrında səksəni tamamlayan Əlibala Rəhimov yaşadığı Biləsuvar rayonunun etnonim və toponimlərinə, etnoqrafiyasına, folkloruna və iqtisadi həyatına həsr olunmuş beş kitabın müəllifi idi.Yazılarında Biləsuvarın kəndlərinin yaranması haqqında məlumatlar verən, toponimik rəvayətlərə, xalq yaradıcılığının digər janrlarına, xüsusən, lətifələrə və başagəldilərə üz tutan Əlibala Rəhimov ensiklopedik məlumatları ilə digər qələm adamlarından fərqlənir.Həmkarları onun haqqında yazırlar ki, Əlibala müəllim peşəkar jurnalist, tədqiqatçı yazıçı kimi böyük hörmətə və diqqətə layiq Biləsuvarlıdır.

Əlibala Rəhimovun publisistik fəaliyyəti qiymətləndirilmiş, onu “Qızıl Qələm” Media Mükafatı laureatı adına layiq görmüşlər. ARB-nin bölgə müxbiri Samir Qurbanov yazır ki,Əlibala müəllimin yüzlərlə elmi, publisistik məqaləsi biz gənc dostlarının kompüter arxivindədir. Hər bir yazısı ibrət, həyat dərsidir bu günümüz, gələcəyimiz üçün. Həm də keçmişimiz boylanır bütün yazılarında. Qələmə aldığı ona yaxın kitabında rayonun yaranışından üzü bu yana, gördüyü, tanıdığı, eşitdiyi ağsaqqallardan, ağbirçəklərdən aldığı faktlara istinadla sözün əsl mənasında tariximizi yazıb, bizlərə ötürüb. Ahıl yaşında da səhhətinin ağrı-acısına baxmayaraq, özünün təbirincə desək, yenə də əvvəlki ruhla, enerji ilə qələmlə qol-boyun idi.

Jurnalist Surxay Şahbazov yazır ki, Əlibala Rəhimovun həqiqətən yazdığı kitabların böyük dəyəri var, bu kitablar keçmişimizlə bağlı zəngin arxivimizdir. Eşitdiklərini, gördüklərini zaman-zaman tükənməz həvəslə nəsrə çevirib. Ad almaq-filan onu maraqlandırmayıb, biz kim olmuşuq, nəyə qadir olmuşuq, bax, bunlardan yazır, Həyatımza ruh verəcək anları gələcəyə ötürmək bu insanın həyat eşqidir. Nə də kitablarını cap etdirərkən qazanc barədə düşünməyib. Oğlu Hikmət min bir zəhmətlə saxladığı qoyun-quzunun qazancından pay ayırıb, onun kitablarını çap etdirib.

El şairi Salamat Rəhimov isə ürəyi yana-yana haray salır: “Sağlığında niyə qiymət verilmir belə insanlara? Əlibala Rəhimov rəsmi dairələrdən dəyərini almayan, diqqətdən kənarda qalan bir ziyalı, yazıçı-publisistdir. Kitablarında rayonun tarixi, ayrı-ayrı rəhbər işçilərin fəaliyyəti haqqında faktlarla dolu həqiqətləri qələmə alan yazıçı Əlibala müəllimin özünə dəyər verən tapılmadı”.

Doğrudanmı belədir? Əlibala Rəhimov öz əməli fəaliyyətinin qiymətini almadan bu dünyadan köçdü? Bu suala sadə bir cavabım var: Ömrünü xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının xarakterik keyfiyyətidir.


Biləsuvar öz görkəmli şəxsləri ilə tanınır. Onlarla alimin, yazıçının, şairin, iş adamının, tanınmış mütəxəssisin sorağı Respublikanın müxtəlif güşələrindən, onun hüdudlarından çox-çox uzaqlardan gəlir. Nyu–York Elmlər Akademiyasının həqiqi üzvi, professor Azad Abışov, fəlsəfə elmlər doktoru, professor Ağayar Şükürov, filologiya elmləri doktoru, professor Bəhlul Abdullayev, kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akdemiyasının müxbir üzvü İslam Mustafayev, fizika-riyaziyyat elmləri doktoru, professor Rzabala Fərəcov, tarix elmləri doktoru, professor İdris Ağayev, siyasi elmlər doktoru, professor Mürtəza Həsənov, riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov, fəlsəfə elmləri namizədi Ariz Gözəlov, Yadigar Türkel, filologiya elmləri doktoru, professor Cəlal Məmmədli, tibb elmləri namizədi Şahin Məmmədov, Respublikamızın əməkdar müəllimləri Cəlil Əbişov, Ərəstun Əmənov, Məhəmməd Qurbanlı, Fazil Mənsimov, Qılman Abbasov, tibb elmləri namizədi Telman Şirinov,Əməkdar həkim Fail Məmmədov və onlarca adlarını çəkmədiyim elm adamları, hərbi sahədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, general-leytenant rütbəsinədək ucalmış Hikmət Mirzəyev, xalq artisti Ramiz Novruzov Biləsuvar torpağının yetirmələridir. Əsərləri sevilə-sevilə oxunan yazıçılar Əhmədağa Muğanlının, Əlibala Hacızadənin qələmi Biləsuvar torpağından güc almışdır.

Biləsuvarın Əmək Qəhrəmanları Qızqayıt Həsənova, Yunsur Hacıyev, Sifayi Musayeva, Ərəstun Məmmədov yaşadıqları rayonu ləyaqətlə təmsil etmişlər. Yuxarıda adlarını çəkdiyim şəxsiyyətlərin bir qismi dünyasını dəyişib. Anacaq onlar unudulmurlar, çünki əməlləri ilə tarix yazıblar. Bu siyahıya çoxlu sayda gəncləri əlavə etmək olar. Filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy Azərbaycan folklorunu, Nemət İbayev, filologiya üzrə fəlsəfə doktoru, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Azərbaycan tarixini araşdırır. Biləsuvar yetirdiyi bu şəxsiyyətlərlə fəxr edir.

Belə əməlləri ilə qürur duyulası şəxsiyyətlərdən biri də uzun müddət yerli mətbuatda sözün əsl mənasında külüng çalmış Əlibala Rəhimovdur.

Biləsuvarın yerli mətbuat tarixində müstəsna xidmətləri olan mətbuat işçiləri Hüseyn Natiq (Bakı), Əzizağa Əzizov, Həmdulla Əzizov, Sahib Səfərov (Salyan), Səfər Səfərov (Salyan), Vaqif Əliyev (Neftçala), Qulam Mahmudov, Yusif Cəfərov, Həsənağa Şirinov, Maşallah Əhmədov, Yaqub Qurbanov, Əsəd Bağırov (Cəlilabad), Xuraman İsmayılzadə, Musaxan Əliyev, Əhməd Hətəmov, Əjdər Fərzəli (Ağcabədi), Yusifəli Kamranov və Rəhilə Qurbanovanın adları bu bölgədə hörmətlə çəkilir. Bir müddət Biləsuvarda iki mətbu orqan – “Məhsul” və “Region-press” qəzetləri eyni vaxtda işıq üzü görmüşdür. Rayonda çıxan “Məhsul” qəzetinin redaktoru Muxtar Əhmədov, “Region-Press” qəzetinin təsisçisi və baş redaktoru Surxay Şahbazov olmuşdur. Rayon qəzeti böyük bir kollektivi əhatə edirdi. Biləsuvarlılar Səlminaz Miriyeva, Züleyxa Orucova, Ağaqulu Həsənov (Salyan), Əlövsət Əliyev (Cəlilabad), Ağaqulu Qurbanov (Cəlilabad), Qulamhüseyn Əliyev (Sabirabad), Rüstəm Nuriyev, Xanoğlan Şirinov və Qardaş Rəhmətov kimi mətbəə işçilərini də unutmurlar. Jurnalistlərdən fərqli olaraq, mətbə işçiləri gecələr işləyir, səhərə yaxın çap olunmuş qəzeti təhvil verirdilər.

Əlibala Rəhimov “Məhsul” qəzetində ömrünün 45-50 ilini çalışıb, saç ağartmış qocaman işçilərdən biridir.Onun yazılarında bugünki Biləsuvarın tarixi inkişafı, bu inkişafda xidmətləri olan şəxslərin həyat yolu, əldə olunan uğurlar haqqında müfəssəl məlumatlar var. Elə onun kitablarından götürülmüş tarixi məlumatlara istinad edərək Biləsuvarın keçmişini ətraflı şəkildə öyrənmək mümkündür. Mərkəzi Puşkin kəndi olmaqla Biləsuvar inzibati ərazi vahidi 8 avqust 1930-cu ildə yaradılmışdır. Bölgə 19 iyul 1938-ci ildən rus şairi A.S.Puşkinin adını daşımışdır. 26 may 1964-cü ildə bölgə Astraxanbazar rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə yenidən ayrılmışdır. 01 fevral 1991-ci il tarixdən Biləsuvar adı bərpa olunmuşdur.Əlibala Rəhimov çoxsaylı ədəbi-bədii yazılarında Biləsuvarın tarixi keçmişi ilə bağlı hadisələri özünəməxsus şəkildə işıqlandırmışdır. Belə yazılardan biri Biləsuvarın ilk mətbu orqanı olan “Qırmızı pambıqçı” qəzeti və onun ilk redaktoru haqqındadır. “Şair məhəbbəti” adlanan bu oçerkdə rayonun “Məhsul” qəzetinin ilk redaktoru Hüseyn Natiqin həyatından və əməli fəaliyyətindən söhbət açılır.Əslində bu yazı bir məhəbbət hekayəsidir. O zaman Hüseynə aşiq olmuş bir qadın çəkinmədən öz məhəbbət tarixçəsini müəllifə danışır. Əlibala Rəhimovun “Şair məhəbbəti” oçerkindən sətirlər:

“Hüseyn elə redaksiyada qalırdı. O, həm naborşik ( mütərrib ), həm də çapçı idi. Tez – tez kəndlərə kedərdi. Həftədə bir dəfə qəzetini qoltuğuna vurub, kimi görsə verərdi. Ruslar onun təzə qəzetini oxuyardılar, azərbaycanlılar şəklinə baxardılar... Siyasəti, iqtisadi və mədəni həyatı, ən çox raykomun iclaslarını işıqlandırardı. ƏliməRasim Tağıyevin müharibəyə gedib qayıtmayan şair və yazıçılardan bəhs edən “Süngüyə çevrilən qələm” kitabı düşdü. Çox da böyük olmayan bu əsər “Elm” nəşriyyatında 1977-ci yenidən çap olunub. Orda göstərilir:“1912-ci ildə Bakıda anadan olan Hüseyn Natiq 1931–ci ildə Biləsuvarda “Qırmızı pambıqçı” qəzetinin redaktoru olmuşdur. Onun “Buruqlar” adlı ilk kitabına müqəddiməni Mehdi Hüseyn yazmışdır. Hüseyn Natiqin “Azər”, “Vəzifəm”, “Böyük Firdovsi”, “Pambıqçılar”, “Qızıl Ordumuz” kimi kitabları ədəbi aləmə səs salmış, müəllifini geniş oxucu kütləsinə sevindirmişdir. Ü.Hacıbəyovun “Suvarilər” mahnısının sözləri H. Natiqə məxsuzdur”.

Əlibala Rəhimov yazısının sonunda Hüseyn Natiqi “Biləsuvarın ilk salnaməçisi” adlandırır.

2015-ci ildə çap olunmuş Qonaq” kitabında Əlibala Rəhimov “ötənləri bu günə gətirməkdə olmazın əzabları ilə üz-üzə gəldiyini” yazır:“Hələ öyrənə bilməmişəm: İbrahim, Babaş qışlaqları, Ağpost (indiki Nərimankənd) niyə belə adlanır? Bəydili, Xırmandalı, Dövrüşlü, Cürəli... kimi qədim yaşayış məskənlərimizin tarixi haqqında müfəssəl məlumata rast gəlmirəm”.Bu narahatlığına başqa mülahizələrini də əlavə edir:“Bütün yazılarımda nə qədər çalışsam belə arxa planda subyektiv mövqeyimi gizlədə bilmirəm, xəyal, fantaziya qurarkən lirik, psixoloji ricət işlədərkən, bir də baxıb görürəm ki, obrazlarımın kölgəsində özüm dayanmışam. Biləsuvarın keçmişindən yazıramsa, deməli, Muğan ləhcəsində danışmalı, personajlar bir-birinə öz şivələrimizlə müraciət etməlidirlər”.

Əlibala Rəhimovun məqalələri əslində Biləsuvarın yaxın tarixindən söhbət açan sənədli hekayələrdir.“İki papaqlı kişi” sənədli yazısı Leninin heykəllərindəki fərqin məmurları pis vəziyyətdə qoymasından bəhs edir və ironik bir təbəssümlə başa çatır. Əlində və başında papaq olan Lenini papaqlarının birindən məhrum edirlər, komik vəziyyət tamamlanır. Amma bu vəziyyət bütün rayona çaxnaşma salır. “Şikayət” essesi isə ictimai eybərcəkliklərə etiraz notlarına köklənib:“Bütün günahlar üçün pul xərcləyir insan! Atom bombaları, nüvə silahları, QİÇS törədiciləri, narkotiklər, uyuşdurucular, içkilər, siqaret, zina... Savadsızlığın baş alıb getməsinə səbəb olan satın alınan diplomlar, həm fiziki, həm mənəvi zərbəmiz olan savadsız həkimlər, müəllimlər, bir sözlə, ziyanlı hər şey üçün pul xərclənir! O gün telegüzgüdə gördüyüm mənzərə dəhşətə gətirdi məni... Suriyalı uşaq ölərkən son nəfəsdə: “Hər şeyi Allaha söyləyəcəyəm!”-dedi. Bu, kiçik yaşında həyatdan - ikiayaqlı canlıların vəhşiliklərindən usanmaqdırmı? Bu, qandan, əzabdan, dağıntılardan iyrənmişlərin fəryadıdırmı? Bu, son ümid olan Allahın yeganə ilahi ədalət olduğuna sonsuz inamın təcəssümüdürmü?”

Düşünməyə dəyər. Elə ictimai eybərcərliklər var ki, onları qərarla, əmrlə dəyişmək olmur. Bu cür halları fərdlər daxili kamilləşmə ilə aradan qaldıra bilərlər. Müəllifin ittihamı isə ciddidir və oxucunu düşündürür:“Eheyy! Şah, monarx, kral, kansler, baş nazir, prezidentlər! Suriyalı uşaq Sizdən şikayət eləyib. Kimə? Allaha! Allahdan da qorxmursunuz? Vay Sizin halınıza!”

“Anam gəlib” essesi isə sanki vəhydir, Ana ruhundan oğula ötürülən bu vəhyin böyük həyati əhəmiyyəti var. Bu esse Əlibala Rəhimovun digər esselərini tamamlayır və “Şikayət” essesinin ardı təsiri bağışlayır:

“Aybala,məniyaxşıtanıyırsız.Bilirsizki,yekəxana,hoqqabaz,yaltaq,çoxüzlüdeyiləm. Hə,tutaqki,getdimziyarətəvəqayıtdım.GələndənsonraoldumHacıƏlibala,başımaqoydum yabudyonnu,yadabuxarapapağı,kiməlazımdıbuhoqqabazlıq?Üzümədeməsələrdə, arxamcalağaqoymazlarməni?Ömrüngözəlliyi,şirinliyisadəlikdi,səmimiyyətdi.Ağıllıinsanlarsəningeyiminə,zahiriparıltınayox,düzsözünə,əqidənəqiymətverirləraxı. Adgünümdəmənartıqsənyaşdaydım,ana,yığışmışdılarbaşıma…

Süfrə arxasında yenə söhbət hərlənib-fırlanıboragəldiki, məniuzaqlara, ziyarət yerlərinə göndərsinlər... Hamıya məramımı açıqladım:

-Bilin,agaholun, mənim ziyarətgahımlapyaxındadı,şəhər qəbiristanlığında. Gedirəmora, anamın məzarının üstünə,dönə-dönə öpürəmkiçikmərmər lövhəni. Şəkildən mənə baxırdünyadaheçkimə bənzəməyən gözəl, müqəddəsanam...Bizdanışırıq. Uşaqlıq, gənclik, qısası,onunlayaşadığımzamankəsiyi xatirə dəftərimdən boyverir.

Heçzamansolubsaralmayan,yaşamaq, sevmək,sevilmək həvəsimi artıran şirin, dadlı xatirələr...Görürsünüzmü, mənim ziyarətgahımdaanamvar”.

Ən böyük müqəddəslər valideynlərdir. Valideynlərinə ehtiram göstərməyən şəxs hacı, kərbəlayı, məşədi olsa da, inamsız və imansızdır. Əlibala Rəhimov bir ata kimi öz yurdunda layiqli övladlar qoyub getmişdir. Sağlığında atasının kitablarının çapına çalışan övlad mənəvi mirasın keşiyində bir əsgər kimi dayanar. Anasının vəfatından sonra düz 47 il hər cümə axşamı onun məzarını Məkkəsi bilib isti-soyuq bilmədən ziyarətə gələn Əlibala Rəhimovun ruhu sakitdir, çünki bu müqəddəs məkan ona da yer verib. Övladları üçün isə müqəddəs ziyarətgah bu qəlbi, əməli böyük atanın məzarıdır, başdaşıdır, sinədanıdır. Allah rəhmət eləsin, söz ustadına!


Dərin ehtiramla: Bilal Alarlı Hüseynov,

filologiya üzrə fəlsəfə doktoru, folklorşünas alim