adalet.az header logo
  • Bakı 20°C
16 Iyul 2022 22:08
1447
ƏDƏBİYYAT

 “Pis adamlar” - Aqşin Dadaşoğlu yazır

Müharibədən düz iki ay sonra oğlumu məzuniyyətə buraxdılar.Kənddə əməlli- başlı məclis qurduq.Qohum -qardaş ,kənd camaatı evimə gözaydınlığına gəldi.Məclis  düz bir həftə davam elədi.Evdə hamımızın üzü gülürdü.Həyətdə ora - bura qaçışan  nəvələrimə  qarışıb gah uşaqlarlarla top-top,gah da gizlənqaç oynayırdım.Sevincli idim.

Günorta çay süfrəsinin ətrafında oturanda oğlum birdən dilləndi.
-Dədə, mən maşın almaq istəyirəm.
-Nə,nə maşın?
-Maşın da,İstəyirəm ki,mənim də avtomobilim olsun.
Şuşa uğrunda vuruşlarda düz 14 gün oğlumdan xəbər-ətər yox idi.Bir onu bilirdim ki,xüsusitəyinatlılar Fizulidən Şuşaya doğru hərəkətə keçiblər.Bax onda ürəyimdə özümə söz vermişdim ki,təki oğlum bu müharibədən sağ salamat gəlsin,Allaha,Qara Şıx babaya and olsun ki, bir də uşağı öz zəhər dilimlə sancmayacaqam,xətrinə dəyməyəcəyəm,nə istəsə,nə desə  edəcəyəm.Oğlumdan xəbər olmayan vaxtlarda hər gün telefonuma yüzlərlə zəng gəlirdi.Yaxın-uzaq hamı oğlumla marağlanırdı.Elə adamlar var idi ki,hər zəng edəndə dualar edir,ağlayır, məni də ağladırdılar.Elə adamlarda var idi ki,mənə Gəncədə,Yevlaxda,Bakıda yerləşən morqların telefon nömrəsini göndərir,”bütün Şəhidləri ora gətirirlər,zəng elə bir maraqlan “deyə məsləhət verirdilər.

Kəndimizdən müharibədə iştirak edən gənclər çox idi.Qonşu Dədəli kəndinə artıq  Şəhid də gəlmişdi.Gənc və nurüzlü Müqəddəsi  ölkə şimalının ən qədim qəbirstanlıqlarından biri olan Çələbilər babada böyük izdihamla torpağa tapşırmışdılar.Çələblər baba qəbirsanlığının ərazisi meşəlik olduğundan  hər tərəf yıxılmış quru palıd və vələs ağacları ilə dolu olur.Heç bir kəndli isə bu quru odunlara pirin qorxusundan əl vurmaz, doğramaz,evinə aparmazdı.Ona görə də bu yıxılmış quru ağacların üstünü kol- kos  basmış və qəbirstanlıqda hərəkət çətinləşmişdi.

Şəhid Müqqədəsin dəfni zamanı rayonumuzun İcra başçısı qəbirstanlıqdakı vəziyyətə görə bizim bələdiyyəmizin rəisini möhkəm danlamışdı.Bələdiyyəmizdə həmən Çələbilər Baba qəbirsanlığında səliqə səhman yaratmışdı.Sonra da bizim Bostançının Qara Şıx baba qəbirstanlığını kol-kosdan  təmizlətmişdi.Kəndə hər an Şəhid gələ bilərdi və bələdiyyəmiz icra başçısı tərəfindən bir daha danlanmaq istəmirdi.Bu Şəhid gəlmə ehtimallarının içində mənim də oğlumun adı hallanırdı.Nə qədər ağır olsada ,həyat yoldaşıma,gəlinimə və qızıma hər an hər hadisəyə hazır olmağı  tapşırmışdım.Bütün bunları yaşamağın özü bir dəhşət idi və mən bu dəhşəti heç bir ailəyə arzulamıram.Düz 16 günlük səssizlikdən sonra oğlum komandırinin telefonu ilə Şuşadan zəng elədi.
“Dədə Şuşanı aldıq və mən sağ və salamatam”

Mənim üçün dünyanın ən gözəl,ən xoşniyyətli,ən sevindirici zəngi idi bu zəng və mən bir anlıq Şəhid atalarını-analarını fikirləşdim.Görəsən onlar övladlarından gələn bu zəng üçün  nələrindən keçməzdilər..
 
-Hansı marka maşın istəyirsən?
-Xarici maşın.
-18 min manata bizim “Xəzər “ avtomobiləri var.Bəlkə o maşından götürək,kreditlə də verirlər.
-Ay dədə  “Xəzər” avtomabilinin üstünə bir 20 min manat da pul qoymaq lazımdır ki,o maşından ,maşın olsun.
-Yaxşı,səhər gedib Sumqayıtdan sənə xarici maşın alarıq.

Fikirimdə isə ancaq bir reklam çarxının məhşur sözləri fırlanırdı.”Hər kəs yerli mal alsın,xeyir Vətənə qalsın”.Amma yerli mal da gərək keyfiyyətli olsun.Olmur axı.Həm də deyirdilər ki,bu reklamın fikir banısini “girdirmə” şirkətlər qurub,zay benzin satdıdığına həbs etmişdilər.Eh sevgili Vətən!Səndə nə vaxt sözlə əməl üst- üstə düşəcək axı.
Öz aləmimdə bu mövzunu bir daha fikirləşirəm.Şimalın ən gözəl torpaqlarını,ən qiymətli bağlarını hökumətə və büdcəmizə əli çatan məmur oliqarxlar satın alıblar.Təbiətin ən gözəl yerlərində onların vilları ucalır.İstədikləri dağı,meşəni,gölü,bulağı,dəniz sahilini  zəbt eləyiblər.

Əyər Xəzər avtomobilləri də “babat” bir maşın olsa idi,hamısının özlərinə alardılar,və yaxud xidməti maşın edərdilər,daha belə təkidlə yetim-yüsürə satmazdılar.

Sumqayıtda bizi  ömrünün 25 ilini qəzaya uğramış avtomobillərin dəmirçisi işləyən qardaşım oğlu Əli qarşıladı.Qardaşım oğlu Əli  insanlardan çox maşınları tanıyır.Belə ki, qardaşoğlu Əliyə min dəfə pislik edən ürəyi,xisləti qurdlu adamı,Əli böyük məhəbbətlə qardaşım, dostum deyə tərifləyə bilər,amma xırda bir qəza keçirib yaxşı təmir olunmuş maşını uzaqdan tanıyıb pis maşındı deyər.Əli hər hansı maşına baxan kimi bilir ki,maşının dərdi nədir.Qəzadan sonra təmirdən çıxan maşının hansı qaynaqla hansı usta tərəfindən təmir edildiyini o ustanın yaşını,səliqəsini,pintiliyini,xəsis və yaxud əliaçıq olduğu haqqında məlumat verir.Necə deyərlər qardaşoğlu Əli insanların yox,bütün maşınların içini tanıyır.
Gözəlim Bakıda qardaşoğlu Əlini tanımayan usta və maşın alverçisi yoxdu.Sürücülər Əlini sevir,yaxşı bir dəmirçi kimi hörmətini saxlayır,maşın alverçiləri isə Əlini düşmən bilir ona nifrət edirlər.Mən bunu Sumqayıtın bitib tükənməyən maşın salonlarında, maşın bazarlarında hiss elədim.Qardaşoğlu Əli çox arıq,donbagöz  və danışığını bilməyən,yəni çox sürətli və rabitəsiz danışan və lazım olduğundan daha çox səmimi bir adamdı.Dalaşmağa çox meyillidi.Ən qəribəsi odur ki,qardaşoğlu Əli bütün dava-dalaşlardan üzü ağ ,alını açıq,yəni döyülməmiş,söyülməmiş çıxır.Məsələn davanın şirin yerində,”gör nə günlərə qaldın ya Əli, gör kimlər sənə əl qaldırır ya Əli” deyir.Özüdə ki,bu cümlə qardaşoğlu Əlinin tələffüzü dəqiq edib,ifadə edə biləcəyi yeganə cümlədir. Məmləkətimdə isə elə bir adam tapılmaz ki,Əli adına hörmət etməsin.Əli adını eşidən hər kəs,”adına qurban ya Əli “deyib kənara çəkilir.Əli adı, qardaoğlu Əlinin özünümüdafiə sistemində ən yüksək yerdə dayanır və bütün həyatı boyu bu addan imkan düşdükcə istifadə edir.Yüksək rütbəli məmurlarla şəkil çəkdirib sonra bu şəkili maşınlarının ön,arxa şüşələrərinə yapışdıran fürsətcil adamlar kimi bizim Əli də maşınının qabaq şüşəsinə “Mənim adım Əlidir” yazısı yapışdırıb.Gözəl Vətənimdə maşının ön və ya arxa şüşəsinə mən “Qarabağ qazısiyəm”,mən “Müharibə veteranıyam”,mən “Şəhid ailəsiyəm” ,yazısı yapışdıran maşınların arasında “mənim adım Əlidir” yazısı ilə keçən maşın görsəniz bilin ki,bu maşın mənim qardaşımoğlu Əlinin maşınıdır.İmamızın ,Həzrətimizin və El ağsaqqalı,Fin və Dünya müharibələrini keçən babam Əlinin adını daşıyan bizim Əlinin.
 
Bütün Bakının və Sumqayıtın maşın satılan yerlərini ələk -vələk elədik.Saytlara qoyulmuş büdcəmizə uyğun satlıq maşınların yiyələrinə zəng elədim amma oğlumla ,Əliyə maşın bəyəndirə bilmədim.Oğlum bəyənən maşına qardaşoğlu Əli həmən bir “nırx” qoydu.Maşın filan yerdən vurulub,təmirini də Masazıırdan usta Həmdi eləyib.Əli bəyənən maşınları oğlum bəyənmədi.Üçümüzün də bəyəndiyi maşına isə pulumuz çatmadı.

Bu minvalla axşamüstü yorğun-arğın Sumqayıtda yolun kənarında yerləşən bir avtosalona girdik.Bizi üç nəfər orta yaşlı kişi qarşıladı.
-Salam
-Salam.xoş gəlmisiz.Maşın seçirsinizsə içəri salonlarda və bayırdakı dayanacaqdakı maşınların  hamısı bizimd.Seçin.
Qardaşoğlu Əli həmən bizi kənara çəkdi.
-Gedək buradan?
-Niyə?
-Görmürsən pis adamlardı?
-Olsun da pis adamlar..
-Ağılı olan alıcı onlarala alver eləmir.
-Bəs bayaq getdiyimiz salonlarda pis adam yox idi?
-Var idi,amma mən bu kişiləri tanıyıram,onlar yaxşı adamlar deyil.
-Sən maşınları yaxşı tanıyırsan, adamları yox.
-Onda mən gedim yaxınlığda “zapçast”mağazasında yarım saatlıq işim var.Özünüz bilin.
 
İmkan düşdükcə maşınlara baxan oğlumu seyr edirəm.Arıqlayıb,amma təzə alıb geydiyi paltarlar ona yaraşır.Ürəyimdə “maşallah” deyib,qürurlanıram.İnsan qürur hissi keçirəndə içindən bir həzin və soyuq,amma xoş bir gizilti keçir.İstəyirsən ki,bu xoş gizilti sənin canında əbədi qalsın,heç yerə getməsin.Elə qürurlana-qürurlana ömrünü başa vurasan.
-Nə əcəb hərbi paltarlarını geyinmədin?
-Ay dədə bir ildi əynimdə hərbi paltardı.Müharibəyə gəlməmişəm ki,maşın almağa gəlmişəm.

Həm də nə isə..deyib əlini yellədi.
İki gün bundan öncə bizim ikimizi də rayonda  bir tədbirə dəvət etmişdilər.Adamın başının üstündə Allah var,çox gözəl qarşılanma, çox gözəl tədbir oldu.Mən öz şeirlərimdən oxudum,oğlum da qısa bir çıxış elədi.Oğlumdan sonra tirbunaya hündürboylu,hərbipaltarlı,qırmızı bretli bir oğlan çıxdı.Düz bir saat tribunada gur-gur gurildadı,nərə çəkə-çəkə danışdı.Onun əl-ayaq hərəkətləri ilə ifadə olunan  vəcdlə danışması sürəkli alqışlara səbəb oldu.

Oğlanın çıxışından sonra oğlum dedi ki,dədə gedək o qırmızı beretli oğlan ilə tanış olaq.Görüm haranın xüsusi təyinatlısıdı.

Yaxınlaşdıq,salamlaşdıq.Rəhmətlik  Ənvər kişi demişkən “Əlihaqqı”oğlan da bizimlə ünsiyyətə tez başladı.Məni böyük şair adlandırdı.Səlim Babullaoğlunun gözündən iraq böyük şair sözü ürəyimə yağ kimi yayıldı.Oğlumu isə dəfələrlə qucaqladı.

-Qardaş qırmızı bretdən belə görünür ki,xüsusi təyinatlısan.
-Yox xüsusi təyinatlı deyiləm,həm idman həm də hərbi müəlliməm.
-Bəs xüsusi təyinatlı forması geyinmisən,qırmızı bret qoymusan.Qırmızı bretinin vəsiqəsi varmı,qırmızı breti vəsiqəsiz geyinmək olmaz axı..
Ay qardaş nə vəsiqə nə filan,formanı hərbi komissarlıqdan veriblər,breti də evdəki “qəməndir” tikib.Sən canı bax gör breti yaxşı oxşadıb?
Tədbirdən sonra oğlum yol boyu danışmadı.
Evə çathaçatda soruşdum.
-Niyə dinmirsən a bala,tədbir xoşuna gəlmədi?
-Vüsal Şuşada Şəhid olanda cibindən qırmızı bretini çıxarıb mənə verdi ki,atama verərsən..
 
- Dədə  bu maşından xoşum gəldi.
-Hə lap yaxşı, Əli gəlsin baxsın.
“Pis adamların “ üçü də yaxınlaşdı.Hərəsi bir yandan maşını tərifləməyə başladılar.Arada da tərifin içinə “elə bu maşın sənin kimi el ağsaqqalıın oğluna yaraşır kimi” cümlələr də qatırdılar.Maşın da mənə, görünüşcə pis təsir bağışlamadı. Satıcılardan biri oğluma dedi ki,otur ,sür ,bax,xoşuna gəlib bu maşını alsan sənin kimi cavan oğlan üçün  maşının pulundan 1000 manat keçəcəyəm .

Oğlum da sevincək maşına minib sürüb getdi.15 dəqiqədən sonra qayıdıb,dədə əla maşındı alaq bunu dedi.Həm də bu əmi mənim üçün min manat keçir.
-Vur əlini bura satdım getdi.
Hadisələr elə tez cərəyan elədi ki,təəcüb qaldım.
Pulu sayhasay ərəfəsində Əli gəldi çıxdı və aldığımız maşına baxıb bu maşın vurulub,təzə təmirdən çıxıb dedi.
“Pis adamlar”dan biri həmən dilləndi..
-Nə vurulması əə?  Sübut edə bilərsən?
Əli maşının hansı tərəfinə baxdısa orada bir “qəmbərqulu” çıxardı.Bax buradan əzilib,bunu Usta Flankəs düzəldib,elə düzəldib ki,bunu ancaq yaxşı ustalar bilər,adi adam bunu bilə bilməz.Qaynağı ,rəngi də əla işləyiblər,heç bilinmir.Amma fakt budur ki,maşın avtoqəzadan çıxıb.
“Pis adamlar” sürəkli and içməyə başladılar.Elə and içməyə başladılar ki,onların səsindən təzyiqim qalxıb əl - ayağım əsməyə başladı.Allahdan tutmuş,bildikləri bütün peyğəmbərlərin ruhuna eşitdikləri,tanıdıqları pirlərin,seyidlərin cəddinə ,çörəyə qəndə,suya ,mənim ağ saçlarıma,oğlumun yaraşığına inandığım və inamadığım hər şeyə and içdilər ki, maşın təmiz maşındı.And içmə mərasimi  lap teatr şəklində gedirdi.Elə bil ki,uzun illər tetrda  eyni rolu oynayan aktyorlarla qarşılaşmışdım.Halal olsun,hər gün oynadıqları rolu bizim üçün elə məharətlə oynadılar ki,axırda  qardaşoğlu Əli də razılaşdı.Mənim ilə oğlum isə andiçmənin ilk dəqiqələrində artıq razılaşmışdıq.
-Əmi alırsan al,yaxşı maşındı,amma mən yenə dediyimi deyirəm ki,maşın udara düşüb.Allah mübarək eləsin dedi qardaşoğlu Əli.
Yaxınlıqda ki, boş çayxanaya keçdik.
Cibimdən pulları çıxarıb stolun üstünə tökürəm.
Gülə-gülə “oğlumun müharibədən qazandığı pillardı” deyirəm
“Pis adamların” ən yaşlısı soruşdu.
-Nə müharibə?
-Oğlum müharibə veteranıdı,xüsusitəyinatlıdı,məzunuyyətə gəlib,pullarda müharibə zamanı aldığı maaşı və məzuniyyət puludu.
-Bəs sən?
-Mən də neftçi babayam.Əlini də ki, tanıyırsız.
“Pis adamların” üçü də bir-birilərinin üzünə baxdı.
-Yoo ağsaqqal biz bu maşını bu oğlana satmırıq.Götür pulunu qoy cibinə.
-Necə yəni satmırıq,danışdıq,pul sayıram mən.
-Yox e, satmırıq,qutardı.Bu uşaq üçün daha yaxşı bir maşın var,gedin o biri salondan çıxarın.
Hamı maşına baxmaqa getdi.Mənimlə isə ağsaqqal “pis adam” qaldı.
-A kişi,bu nə söhbətdi,əvvəl satırıq,sonra satmırıq?
-Müharibədən çıxan,öz qanpuluna maşın almaq istəyən igidə o maşını satmaq kişilikdən deyil.Almaq istədiyiniz maşın körpüdən çaya düşüb,maşının üstündə 3-4 usta aylarla işləyib ərsəyə gətirib.Bilsəydim ki,uşaq xüsusi təyinatlı,sən neftçisən heç əvvəldən bu maşını sizə satmaq istəməzdik.
-Hansısa bədbəxtə satacaqsan da bu maşını?

-Biz əsasən belə maşınları camaatın cibindən oğurluq edən xırda oğrulara ,xırda gəmircilərə satırıq..Maşını haram pulla almaq istəyənlərə.. Böyük oğrular bizdən maşın almır.Onların maşınları “salafanda” gərir xaricdən.
Bəli, bizim adımıza çox yerdə pis adam deyirlər,düz deyirlər amma biz bilirik kimə “atırıq”,nə “atırıq”.Sizi tanımadıq.Rəhmətliyin oğlu neftçisən neftçi kimi geyin də..ağ köynək qalstuk nədi?Köhnə kənd sovetlərinə oxşayırsan.

-Bəs bu yalandan and içmələrə nə deyirsən?

-Allah bilir niyyətimiz safdı.Əsas niyyətdi,niyyət saf olanda yalandan and içə bilərsən.
Güldüm.
 
Əli təklif olunan maşını görən  kimi deyib ki,maşın təmiz maşındı.Sakitcə maşını alıb,sürüb getdik kəndə..
Hərdən yolum düşəndə həmin “pis adamların” yanına,avtosalona gedirəm.

Məni görən kimi gülə-gülə “kənd soveti” gəldi deyirlər.Oğlumu və oğlumun maşınını soruşurlar.İndi Qardaşoğlu Əli də o avtosalonda işləyir.İşləyir deyəndə,yalandan “pis adamlarla” birlikdə and içir....