adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Yanvar 2022 10:52
632
HÜQUQ

Prokuror Eldar Həsənovun əmlaklarının müsadirə olunmasını istədi -YENİLƏNİB

Sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması istənilib.

"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Anar Nəsibov qeyd edib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində Eldar Həsənova məxsus bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin, Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın ödənilməsini istəyib.

Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.


 

***

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Anar Nəsibov çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.

Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.