adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Dekabr 2021 17:51
893
SİYASƏT

Rusiya Qarabağda “rus diaspor”u yaradır... - İlham İsmayıl yazır

1991-ci ildə Çaykənd erməni yaraqlılarından azad olunmuşdu və mülki əhalini helikopterlərlə Xankəndinə yola salırdıq. Onların arasında təxminən35-40 yaşlarında milliyyətcə rus olan bir qadın da vardı. Qadın çox mehribanlıqla mənimlə danışır, yaraqlılardan onların canını qurtardığımıza sevindiyini deyir və növbəti helikopterlə onu iki uşağı ilə birlikdə yola salmağımı xahiş edirdi. Növbəti gün Moskvanın “Vremya” xəbərlər proqramına Xankəndinə köçürülən Çaykəndlilərdən müsahibə verənlər içərisində bu qadın da danışdı və azərbaycanlıların ermənilərə və ruslara qarşı müharibə apardığını dedi. Xəbərə baxan və  bölgədən xəbəri olmayanlarda belə bir təsəvvür yaranırdı ki, sanki Çaykənddə xeyli ruslar yaşayır. Amma, həyat yoldaşı erməni olan cəmi bir rus qadın yaşayırdı. 

 

İndi Xankəndində Qarabağ rus icmasının formalaşdırılması ilə bağlı işlər görüldüyü haqqında “Caliber.az” saytında yayılan məlumatla tanış olanda təəccüb etmədim. Bu gün heç Ermənistan Respublikasında icma sayına uyğun gələn ruslar yaşamadığı halda, əcəba Qarabağda hardan peyda oldu ruslar ki, bir icma da yaradılsın? Məlumatda dəqiq göstərilir ki, vaxtilə 1989-cu il siyahıyaalmasında keçmiş DQMV-də cəmi 1922 rus yaşayırmış, onun da 800 nəfərini Xocavəndin Kuropotkino kəndində yaşayan molokanlar təşkil edib, qalanları da ezam olunmuş partiya-sovet işçiləri. 90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan molokanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki bu günlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, əgər varsa da, bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola.., olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporası”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya prezidentinə teleqram vurub kömək istəyirmiş. Qondarma “rus diasporası işini” aparmaq  Somovanın bacardığı işi olmadığı  dərk olunanda onu Rusiya xüsusi xidmət orqanlarının akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordovla əvəz etmək qərarına gəliblər. Əslən erməni olan, Bakıda doğulmuş və Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb. Artıq dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında slavyan əsilli şəxslərin siyahıya alınmasına başalanıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri, daha doğrusu Rusiya Federasiyası dövləti edir.

 

Deməli, əvvəlcə Xocalıda provaslav kilsəsi tikilir, sonra rus sərkərdəsi Nevski başda olmaqla rus yazıçılarının büstləri qoyulur, ardınca Ayvazovskinin büstü. Amma, bu heykəltaraşlıq nümunələrinin önündə erməni uşağını xilas edən rus əsgərinin heykəli gəlir. Şərqi Almaniyada da buna bənzər bir heykəl qoyulmuşdu, zaman keçdi, indi o əsgərin sərhədi Berlində yox, Rostovdadır. Qarşıdakı düşməni də öz provaslav qardaşı ukraynalılardır-Ukrayna dövlətidir. 

 

İndi hədəfdə Azərbaycan Respublikasının Qarabağ bölgəsidir. Azərbaycanın qarşısında Ermənistan deyə məğlub olmuş, əzilmiş, böhran içində olan bir ölkə və bu ölkədən qaçan, miqrasiya edən ermənilər yoxdur. Kilsəsini, heykəllərini, əsgərini, indi də qondarma “ Qarabağ rus diasporasını” yaradan bir dövlət var. Bir separatçı ideoloqun, xüsusi xidmət orqanı akademiyasını bitirmiş hüquqşünasın “diaspora sədri” qoyulmasının perspektivdə bizə nə vəd etdiyini bilmək üçün xüsusi qabiliyyət gərək deyil. Hər şey göz qabağındadır. İşimizi bilib, iş görməliyik. Təklif verməyə ehtiyac yoxdur, işin içində olanlar hardan başlamağı yaxşı bilirlər.

 

P.S. SSRİ zamanında RSFSR -lə sərhəd olan başqa sovet respublikaları arasındakı sərhədin Rusiya tərəfində Rusiyanın simvollarından hesab olunan ağcaqayın ağacı əkilərdi. Formal olan sərhədi Rusiyaya tərəf keçəndə təbii şərait uyğun olmasa da ağcaqayın ağacı ilk rastlaşdığın əlamət olurdu. Görəsən, Şuşa ilə Xankəndi arasında bizim təbiətə yad olan ağcaqayın ağacı əkilməyib?