23 Sentyabr 2024 10:05
508
ƏDƏBİYYAT

Sirli gecə - Aida Adıgözəl yazır

Yeniyetmə çağlarım idi. Kənddə kimsə qəribə şayiə yaymışdı. Guya gecələr sahildə Su pərisi peyda olurmuş, çaydan çıxaraq xırda-xırda hörülmüş saçlarını tor əvəzi sahilə sərib oraya yaxınlaşan adamları qəflətən çəkib aparırmış. Hamı təşviş içində idi. Hətta and içib öz gözü ilə gördüklərini söyləyən gənc oğlanlar da vardı. Qız-gəlin ertədən suatlardan əl-ayağını çəkir, kişilər də toran qovuşmamış mal-qaranı Kürün qırağındakı kolluq, yulğunluqdan ibarət örüş yerindən yığıb dam-daşına gətirirdi. Azca şər qarışdımı heç kim qorxudan Kürün həndəvərinə dolanmırdı. Yaşlı ağsaqqal-ağbirçəklər özlərini nə qədər tox tutub uşaqlara ürək-dirək verməyə çalışsalar da daxilən gərgin, narahat olduqlarını hal-tövrlərindən bir yolla hiss elətdirirdilər.

Maraq məni öldürürdü, beynimə girmişdi, "necə var bu işi çözməliyəm" - deyib özümü həmin gecəyə həvəsləndirib hazırlayırdım. Bu əslində öyünmək üçün deyildi, Su pərisini öz gözümlə görmək marağı, adamı saçlarına necə bürmələyib çəkib aparmasının dəhşətli gizəmi bütün sehriylə məni çulğalamışdı. Hər dəqiqə gözümün önündə suya tərəf çəkilən, çabalayan, qışqıran bir adamın şəkli vardı. Doğrudur, bu normal düşüncələr deyildi, amma anlaşılmaz sirli duyğular məni heç cürə öz ağuşundan rahat buraxmırdı.

Bir gecə nəhayət güc tapıb özümü toplayıb şər qarışandan sonra Kürün sahilinə enmək qərarına gəldim. Səssiz, zil qaranlıq payız axşamı idi, yollarda ins-cins görünmürdü, hamı ertədən evinə çəkilmişdi.

Kimsəyə söyləmədən xəlvətcə "qulaban" tərəf dediyimiz şüşəbəndin pəncərəsindən sivişərək evdən çıxıb bizimlə çay arasındakı 400 metr məsafəni və iki su bəndini keçərək yulğunyuqda gizləndim, sahillə mənim aramda olan tək torpaq yol idi. Göz-gözü görməyən qaranlıq bir gecə idi, yaxından gözünə barmaq soxsaydılar belə hiss etməzdin. İçimdə yüngül qorxu hiss etsəm də maraq hər şeyə üstün gəlirdi. Sanki sirri açmağım məni öz gözümdə qəhrəman edəcəkdı. Yulğunların həzin xışıltısı, ləpələrin donuq-donuq baxan lal təbəssümlü parlaq, sehirli görüntüsü, çayın sakit şırıltısı, tülkü və çaqqalların ara vermədən ulaşması gecəyə daha sirli, ehtişamlı, məşum bir hal verirdi. Bir saatadək ətrafın laübalığından uçunsam da gözlərimi qırpmadan Su pərisinin haçan sudan çıxıb yamyaşıl hörüklərini qara narın quma sərəcəyini gözləyirdim. Vahimə getdikcə məni bürüyürdü, ürəyimin döyüntüsü başımda saat səsi kimi çaqqıldayırdı. Hər dəfə xışıltı, çayda atdanan balıqların şappıltı səsi gəldikdə gözlərim qorxudan bərəlirdi, amma canımı üşütmə tutsa da sonacan gözləməkdə israrlı idim.

Birdən gözlərimdə kölgələrin oynaşdığını hiss etdim, sanki kimsə sudan çıxıb qumların üstü ilə mənə tərəf sürünürdü. Qorxudan nəfəsimi udmuşdum, alacalanmış gözlərim yerindən çıxmışdı. Uçunan bədənimi unutmuşdum, gözlərimi bərk-bərk ovuşdurub nə baş verdiyini anlamağa çalışırdım. Qarşımda qapqara bir kölgə dayanıb alov kimi yanan sapsarı kürəciklərlə düz gözümün içinə baxırdı...

Ayaq üstdə ölmüşdüm, buz kəsib ruha dönmüş vücudumda həyat izi yox idi. Özümü itirsəm də dalın-dalın geriyə çəkilib məni arxama baxmadan qaçmağa vadar edən qüvvənin qorxu və vahimə olduğunu sövq-təbii anlayırdım...

Evə necə çatdığımı, yatağıma girib yorğanıma necə büküldüyümü xatırlamıram. Səhərəcən düz bəbəyimin içinə baxan işıqlı sarı kürəciklərin dəhşəti altında gözlərim bir nöqtədə ilişib qalmışdı. Hələ də gözümün önündə saçlarını qumların üstünə sərən bir kölgə mənə tərəf sürünməkdə idi...

 

08.06.2020