adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Dekabr 2022 09:30
1003
ELM VƏ TƏHSİL

SORĞU: Rus dilli olmaq “dəb”i nədən qaynaqlanır?"

İllər öncə şeirlərini sevə- sevə oxuduğumuz əməkdar incəsənət xadimi, xalqın sevimli şairi Tofiq Bayram öz ana dilinə kəm baxanları məşhur “Ana dilim” şeiri ilə qınağa çəkmişdi:
 

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə
.

Təəssüf olsun ki, şairin bu şeiri günümüzlə səsləşir. Hələ məktəbli çantasını çiynində daşıya bilməyən 6 yaşlı körpəyə bəzən yad bir dili öyrənmək “əmr edilir”. Kiçik bir çantanı daşıyan bilməyən körpə, ona edilən bu “əmr”in məsuliyyətini daşımağa nə dərəcədə məcburdur? Yəni mütləqdirmi övladlarımız öz ana dilini normal öyrənməmiş digər dilləri mükəmməl öyrənsin?

Sovetlər dönəmindən bizə “miras” qalan rus dilli olmaq “dəb”i isə hələ də cəmiyyətdə öz aktuallığını qoruyub saxlayır. Cəmiyyətin bu qədər rus dilinə meyilli olması nədən qaynaqlanır? Niyə görə övladlarımıza ana dilində yox, xarici dildə təhsil verməyi üstün tuturuq?

Biz də “Adalet.az” olaraq mövzu ilə bağlı həmkarlarımızın fikirlərini öyrəndik.
 

İctimai TV-in aparıcısı Saleh Bağırov rus dilini bilməyən valideynlərin övladlarının rus dilində təhsil almağını doğru hesab etmir: “Əvvəla, uzun illər rus ideologiyası ilə idarə olunmuşuq. Bu, bizim şüuraltı düşüncəmizə hopub.. İkinci səbəb isə ədəbazlıq, fors və pont. Rus dilini bilməyən valideyinlərin isə övladlarını bu dildə təhsilə verməsini həmişə qınamışam. Bu, absurd və çox gülüncdür. Hər zaman müxtəlif dillər bilməyin tərəfdarı olmuşam. O cümlədən rus dilinin. Amma öz dilimizi mükəmməl öyrəndikdən sonra”.
 

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai bildirib ki, belə hallar milli kimlikdən uzaq düşməkdən və milli şüurun hələ tam formalaşmamağından qaynaqlanır: “İnsanlar dərindən düşünmədən sadəcə öz komplekslərinə yenik düşür və övladını rusdilli təhsilə yönəldir. Bunun kökündə bir az da övladının gələcəyinə dair qayğılanma, qorxu dayanır. Hesab edirlər ki, övladları rus dilini bilərsə, iş tapmaq ehtimalı asanlaşar. Ancaq ilk növbədə, biz öz köklərinə bağlı milli şüura malik bir azərbaycanlı şəxsiyyət yetişdirməliyik. Ana dili milli-strateji məsələdir, təhsil milli təhlükəsizlik sahəsidir; onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır. Bu təhlükəni duyub doğru qərar vermək lazımdır. Məktəblərimizə xarici dil hazırlığı kursu kimi yanaşmamalıyıq. Rus dili və hər hansı xarici dili başqa vasitələrlə də öyrənmək olar. Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o, təkcə həmin dilin daşıyıcısına deyil, həmin xalqın mədəniyyətinin tarixinin daşıyıcısına, bir parşasına çevrilir. Bu dövlətimiz üçün real təhlükədir. Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır”.
 

Güney Azərbaycan Televiziyasının redaktoru Elman Cəfərli də ana dilində təhsil almağın tərəfdarıdır: “Azərbaycan cəmiyyəti rusdilinə meyllidir” fikri ilə razı deyiləm. Rus dilinə meylli olan bir qrup var. Sayları təxminən 150 min civarında. Əksəriyyəti Sovet nostaljisi ilə yaşayan adamlardır. Onların iddiası belədir: “Rus dili debat dilidir, ana dilimiz heç nəyə yaramır. Rus bölməsində keyfiyyətli təhsil var. Rus bölməsinin müəllimləri gözütoxdur, rüşvətxor deyil, süpürgə pulu yığmırlar”. Bunlar 90-lar üçün keçərli idi. İndi aktual deyil. İndi Azərbaycan dilində keyfiyyətli təhsil verən məktəblər, liseylər var. Bir də ki onları debat maraqlandırırsa dünya dili ingilis dilidir, qoysunlar uşaqları ingilis dilini öyrənsin... Fikrimcə, bu cür düşünən insanların sayı getdikcə azalır. Dil dünya dili o zaman olur ki, arxasında böyük imperiyalar dayanır. İngilis dili belə yayğınlaşıb, rus dili də. Amma Rusiya artıq imperiya deyil. Rus dili bütün keçmiş Sovet ölkələrində öz mövqeyini itirib. Hətta slavyan Ukrayna da rus dilindən imtina edib. Bizə də növbə çatacaq. Yaxın 15 ildə Azərbaycanda rus bölməsinin sayı kəskin şəkildə azalacaq”.
 

"Ədalət" qəzetinin əməkdaşı Əntiqə Rəşid ana dilini mükəmməl bildikdən sonra digər dilləri öyrənməyi doğru hesab edir: “ On doqquzuncu əsrin sonlarına yaxın böyük rus şairi Mixail Lermontov Azərbaycana - Qusara sürgün olunub. Həmin müddətdə dilimizə- adət-ənənəmizə o qədər valeh olub ki, "Aşıq Qərib" dastanını yazıb. Onun dostu Rayevskiyə Qusardan yazdığı məktubda belə bir cümlə var: “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.

Çox dil bilmək faydalı, nümunəvi bir haldır, heyf deyil, dilmanc olmadan ingilislə ingiliscə, almanla almanca, rusla rusca danışmaq?! Amma Azərbaycan dilini təmiz bilmədən başqa dilə mey etmək, evdə, yolda, küçədən o yad dildə danışmaq, başqalarından fərqli olduğunu göstərmək, özünü “çoxbilən” kimi sərgiləmək, zənnimcə, manqurtluqdu. Qaldı ki, rus dilində danışmağı bacarmayan ailə uşağını rus dili bölməsində oxutmasına, yəqin ki, o ailədə rus dilində danışmaq istəyində olanlar olub. Amma istəklərini həyata keçirməyi bacarmayıblar. Bu səbəbdən də istəklərini övladlarının üzərindən həyata keçirməyi düşünürlər.  Belələri   dünyanın yeni düzənini nəzərdən keçirsələr, görərlər ki, ingilis dili, fransız, alman və digər avropa dillərinin arenası daha böyükdür. Uzun sözün qısası, rus dilinin təsir dairəsinin yaxın zamanlarda zəifləyəcəyini düşünürəm. Övladlarını rus dili sektoruna göndərən valideynlər boş yerə məsrəf eləməsələr yaxşıdır.”.

Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu isə bu kimi halları qətiyyətlə qınayır: “ Bu məsələdə olduqca həssasam. Heç vaxt belə bir halı dəstəkləməmişəm. Əksinə, buna çox pis baxıram. Çox səhv bir addımdır. Bu, ana dilinə xəyanət deməkdir. Düşünürəm ki, bu millətin nümayəndəsi olan, ağıllı savadlı, dərin düşüncəli heç bir kəs övladına rus dilində təhsil verməz. Bəzən valideynlər deyir ki, uşaq rus dili bilsin. Əlbəttə, razıyam. Ancaq ilk növbədə insan öz ana dilini bilməlidir. Rus dili mənim üçün təkcə Putinin danışdığı dil deyil. Rus dili həm də Lermontovun, Dostoyevskinin, Çexovun danışdığı dildir.

Rus dilini bilmək üçün rus bölməsində oxumağa gərək yoxdur. İstənilən xarici dili kurs keçməklə də öyrənmək olar. Rus dilində övlada təhsil vermək millətçilik və dövlətçilik üçün çox zərərlidir. Təkcə rus dili deyil, mən başqa dilləri də nəzərdə tuturam. Rus dilin, ingilis dilin, alman dilin öyrənsin, amma ana dilində təhsil alsın. Başqa bir dildə təhsil almaq təfəkkürdə, düşüncədə, milli kimlikdə travma yaradır.
Övladını rus bölməsinə yönəltmək görməmişlikdən, düşüncəsizlikdən, “cuşka”lıqdan irəli gəlir. “Mənim uşağım rus dillidir” düşüncəsiylə yaşayanların çoxu “çuşka”dır.

Övladlarını rus dilli məktəbə göndərənlərin çoxu Dostoyevskinin, Çexovun yazdığı əsərlərin bir cümləsini belə oxumayıb”.


Əntiqə Kərimzadə