adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Yanvar 2023 12:06
1121
MƏMLƏKƏT

Soyuq havada işıq, qaz və su normal verildi

Bu dəfə yanvarın 9-da əvvəllər olduğu kimi, qar yağanda və şaxta düşəndə işıqlar tez-tez söndürülmədi və qazın təzyiqi aşağı düşmədi. Camaatı da ən çox narahat edən soyuq havada bu enerji daşıyıcılarının fasilələrlə verilməsidir. Amma nə yaxşı ki, bu dəfə keçmiş ənənə pozuldu. Başqa yerdə deyə bilmərik, Yeni Günəşli yaşayış sahəsinin «D» massivində həmin günü işıq da yandı, qaz da əvvəlki təzyiqlə gəldi və hətta istilik sistem idə normal işlədi.

Sözün açığı camaat buna görə çox razılıq eləyir. Ən azından ona görə ki, qarlı və şaxtalı havada işıq, qaz və istilik olmayanda mənzillərdə rahatlıq tapmaq mümkün olmur. Amma bu dəfə göz dəyməsin, adını çəkdiyimiz həmin enerji daşıyıcıları mənzillərə normal qaydada verildi. Təki belə olsun, havalar soyuyanda, qar və şaxta düşəndə işıq yansın, qaz gəlsin, istilik də olsun. Bu insanların qış günlərində rahat yaşamasına və normal dolanmasına əlverişli imkan yaradır.

Emil FAİQOĞLU