26 Sentyabr 2024 14:40
183
ELM VƏ TƏHSİL

Azərbaycanın dövlət suverenliyinin tam bərpası şəhidlərimizin qanı bahasına əldə olunmuşdur

Artıq dördüncü ildir ki, sentyabr ayının 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.Gerçəkdən də şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu.

İgid Vətən oğullarının şücaət göstərərək şəhidlik mərtəbəsinə yüksəlməsi hadisəsi bizi yandırsa da, onların qəhrəmanlığı, örnək vətənpərvərliyi ilə fəxr edirik. Vətənin ağır günlərində onun müdafiəsində ayıq-sayıq dayanan hərbçilərimiz, əsgər və zabitlərimiz gerçək bir örnək ünvanıdır.

Şanlı Azərbaycan əsgərinin və zabitinin döyüş yolu hər zaman gənc nəsilə böyük örnək olub. Azərbaycan gənci hər zaman vətənpərvər davranışı ilə nümunə olub, diqqət çəkib. Azərbaycan gəncinin şücaəti daim Azərbaycanda da, bölgədə də, dünyada da dillər əzbəri olub. İgidlərimizin, oğullarımızın fədakarlığı göz önündədir. Dünya belə onların bu şücaətindən heyrətdə qalıb. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində, həm də sonrakı təxribatlarda, hərbi toqquşmalarda, Ermənistanın sərhəd xəttində törətdiyi təcavüz aktlarında, erməni diversiya qruplarının zərəsizləşdirilməsində, silahlı birləşmələrinə qarşı döyüşdə Azərbaycan gəncinin göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, bu yolda şəhidlik zirvəzinə ucalmaları, qazi haqqını qazanmaları bizim qürur ünvanımızdır. Allah şəhidlərimizə rəhmət eləsin.

Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

Rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən  yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən,  mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!

Ermənistan  qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq  müharibəsində  məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması uğrunda başladığımız müqəddəs müharibənin böyük və ehtişamlı Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsidir!

2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən  müharibəsi  haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. İşğaldan azad olunmuş ərazilərimizə diplomatların və xarici qonaqların səfərləri təşkil olunub, onlara mətbuatdan yox, öz gözləri ilə erməni barbarlığının nəticələrini əyani görmək imkanı yaradılıb. Təəssüf ki, beynəlxalq ictimaiyyət ancaq müəyyən dairələrin maraqlarına xidmət edir və haqq-ədalətdən uzaqdır. Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdiyi barbarlıq və vəhşilikləri beynəlxalq ekspertlərin iştirakı ilə qeydiyyata alır. Zamanı gələndə isə təzminat və hüquqi qiymətin verilməsi üçün bütün cinayət əməllərini beynəlxalq məhkəmələrdə qaldıracaq. Təbii ki, faktlar əlimizdə yığılır və gələcək mübahisələndirilmə üçün hüquqi baza yaradılır.
2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.

Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan da az davam edən əməliyyat zamanı rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərinin qəbuluna nail oldu. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı idi.

Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!

Elnurə İsgəndərova
Abşeron Xızı Regional təhsil idarə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, Azərbaycan Respublikası Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi İB Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi.