adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 May 2023 13:51
647
ELM VƏ TƏHSİL

TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEVƏ BİR NEÇƏ KƏLMƏ 

Orta məktəblərdə dərslərin sentyabrın 15-də başlaması nəyə əsaslanırdı, bu günə qədər heç bir təhsil naziri bunu əsaslandıra bilmədi. Və bu gündən sonra da əsaslandıra bilməyəcək. Çünki çox mənasız bir qərar idi. Və ən mənasız qərar da o idi ki, həmişə mayın 25-də bitən tədris mövsümü iyunun 15-dək uzadıldı. Və şagirdlər 20 gün mənasız yerə (özüm də müəllim olmuşam və hazırda da dörd nəvəm orta məktəbdə oxuyur, şahidiyəm) məktəbə getməyə məcbur olur. Guya təhsilin səviyyəsi artacaq, ortada da bir fındıq.

İndi oxuyuram ki, yeni təhsil nazirimiz Emin bəy orta məktəblərdə tədrisin sentyabrın 1-də başlaması məsələsini qaldırıb. Alqışlayırıq və dəstəkləyirik, amma tədrisin iyunun 15-dək uzadılmasını nə alqışlayırıq, nə də dəstəkləyirik.

Ümumiyyətlə, orta məktəbdə təhsilimiz ölüb, üstündə ağlayanı da yoxdur. Bununla müəllimlərimizin zəhmətini yerə vurmaq istəmirəm. Bu, müəllimlərin günahı deyil, təhsilimizə rəhbərlik edən, onu alman təhsil sistemindən qoparıb baloniya sisteminə keçirənlərin günahıdı.

Kim Lenini bəyənmirsə və ya ona gic kimi baxırsa getsin ağlına dua yazdırsın. Lenin Sovet təhsil sistemini almanların təhsil sistemindən götürmüşdü. O almanların ki bu gün də təhsildə dünyada öndə gedirlər. Biz isə bu təhsil sistemini atdıq, keçdik italyanların mafioz təhsil sisteminə. Bu da nəticəsi.

Təhsil nazirimiz Emin Əmrullayevdən xahişimiz odur ki, tədrisin iyunun 15-də bitməsi məsələsinə yenidən baxsın və onu çəksin mayın 25-nə, əvvəlki buraxılış gününə.