adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyul 2022 11:47
1739
ELM VƏ TƏHSİL

Təhsildə olan problemlər və alternativ  METODOLOGİYA 

"Təhsil millətin gələcəyidir.  - Heydər Əliyev



Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah Təhsildir. - Nelson Mandela

Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. - Mark Tven 

Təhsil, bir qığılcımla atəşi yandırmaqdır, boş bir qabı doldurmaq deyil. - Sokrat "

İnsanın pulu artdıqca düşməni,   elmi artdıqca dostu çoxalar. - Hz. Imam.Əli

Fəzilət,elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir.   - M.T.Sidqi

Elm və sənət qoşa qanaddır.  - Xudu Məmmədov

Duyğular sənətdə,   ağıl elmdə, ruh fəlsəfədə özünü ifadə edir.  - Əbu Turxan


Ailə,Təhsil,Elm və Dövlət.Bunlar birlikdə həzin yağış,sərin meh,parıltılı gůnəş qədər ədalətli,səxavətli və eyni zamanda bůtůn můmkůnsůzləri můmkůn edən,gůclů,můdrik,möcůzəvi bir fenomendir. Ayrılıqda isə qurumuş göl,səmum yeli vurmuş tarla,meyvəsi olmayan və yarpağı tökůlmůş ağac kimidirlər...

"Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir."


"Müstəqillik qazandıqdan sonra yeni cəmiyyət quruculuğunun sivilizasiyalı, demokratik modellərin axtarışı prosesində, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiya geniş miqyas almışdır. İqtisadi sferadan tutmuş sosiumun bütün sahələrində müşahidə olunan inkişaf tendensiyası dövlətimizin gələcəyi ilə bağlı nikbin tərzli fikirlərin yaranmasına səbəb olur. Qısa bir müddət ərzində müstəqil ölkəmizin yüksək nailiyyətlər əldə etməsi, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, gündən-günə əhalinin maddi rifahının yüksəlməsi və sair qarşıya qoyulan zəruri məsələlər Azərbaycan Respublikasının tərəqqi indikatorları qismində çıxış edir." "Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri təd- birlər, atılan uğurlu addımlar, ölkə Prezidenti tərəfindən imzalanan Sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur." "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” Qanunun ilk müddəasına nəzər yetirmək kifayətdir: “Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır”. "Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür" "Əlbəttə, müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün bundan öncə infrastruktur işləri tamamilə tənzimləməli və yekunlaşdırmalı, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət, güclü elmi-pedaqoji kadrlar formalaşdırılmalıdır. Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimindəki çıxışında demişdir: “...Təhsil prosesi lazımi səviyyədə təşkil edilməmişdirsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin olacaqdır. MDU-nun Azərbaycandakı filialı çərçivəsində biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə gənclərin biliklərə can atdığını görürük”. "Çünki təhsil elə bir mürəkkəb struktura malik olan bir sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişaf etdirilməsinin müəyyən qədər zamana ehtiyacı var." "Müstəqilliyimizin ilk illərində Azərbaycanın təhsil sisteminə yetərincə ciddi zərbələr dəymiş və demək olar ki, bu sahədə özfəaliyyətə geniş yer verildiyinə görə arzuolunmaz böhranlı məqamlar hökm sürmüşdür." "Lakin ölkənin bütün sahələrində olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başladı.

 

Ümummilli liderin: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” məntiqi fikri bu sferanın əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmalarının verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəldirdi." "Azərbaycanın gələcəyi baxımından daha çox əhəmiyyət kəsb edən faktorlardan birini də məhz ölkə gənclərinin dünyanın müxtəlif mütərəqqi demokratik dövlətlərindəki nüfuzlu təhsil ocaqlarında təhsil almalarını təmin edən, daha çox ictimaiyyətin diqqətini cəlb edən mövcud dövlət proqramı təşkil edir. Bu proqram çərçivəsində artıq yüzlərlə azərbaycanlı gənc müxtəlif tanınmış dünya universitetlərində təhsil almağa göndərilmişdir. Təhsil sisteminin inkişafının İlham Əliyev dövrünü daha geniş xarakterizə etsək deyə bilərik ki, müasir Azərbaycanın təhsil sisteminin inkişafı üçün birinci mərhələ - infrastruktur quruculuğu dövrü artıq başa çatmaq üzrədir." "Prezidenti İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumdakı çıxışında təhsilin zəruriliyini xüsusi vurğulayaraq demişdir: “Cəmiyyətlərdə, xüsusilə inkişaf etməmiş ölkələrdə təhsilin səviyyəsi mühüm rol oynayır. Biz Azərbaycanda bu sahəyə böyük diqqət göstəririk. Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”. Prezidentin köklü məntiqə əsaslanan bu müddəaları təhsilin cəmiyyətdəki zəruriliyini və durmadan inkişafını bir daha təsdiq edir. Bütün bunlarla yanaşı, müasir təhsil sistemində təkzibolunmaz inkişafla bərabər, həlli mümkün olan problemlər də mövcuddur." "Lakin müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür və bundan sonra da olacağı şübhə doğurmur.

 

Çünki dünya çərçivəsində elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, sivilizasiya arzusunda olan cəmiyyət dövlətlə birgə təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün birgə işləməli, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidr. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanın təhsil sektorunda da inkişaf tendensiyası ilə yanaşı, müəyyən problemlərin olması da müşahidə olunmaqdadır." "Təhsil işçilərinin maaşlarının, hüquqi statusunun yetərincə olmaması, təhsil müəssisələrində müəllim-tələbə (şagird) münasibətlərinin formal xarakter daşıması, kütləvi şəkildə, bir çox hallarda qanunsuz fəaliyyətdə olan repetitorların şagirdləri məktəb mühitindən uzaqlaşdırması, əsassız olaraq açılmış xüsusi hazırlıq kurslarının valideynləri xərcə salması və sair məsələlər təəssüflər olsun ki, hələ də qalmaqdadır. Ən xoşagəlməz hal da ondan ibarətdir ki, söylənilən problemlər üzrə vəziyyət daha da kəskinləşməyə doğru gedir ki, bu da ortaya fərqli nüansların çıxmasını şərtləndirir." "Gələcəyimiz olan şagirdlərin (tələbələrin) əsaslı şəkildə təhsil almaları üçün vətənpərvər və peşəsini həqiqətən sevən, xalqına xidmət göstərəcək elmi-pedaqoji kadrlar hazırlanmalıdır. Şagirdlərə dərsliklərin pulsuz verilməsi məsələsi isə tamamilə şəffaflaşdırılmalıdır ki, insanlar arasında fərq qoyulmasın və vətəndaşlarda narazılıq hissləri formalaşdırmasın. Həmçinin, o da vurğulanmalıdır ki, cəmiyyətdə 12 illik ümumtəhsil sisteminə keçidlə bağlı müəyyən rəylər formalaşmaqdadır" "Ən azından cəmiyyət bilməlidir ki, lüzumsuz repetitorluğu aradan qaldıracaq, şagirdləri hazırlıq kurslarından məktəbə qaytaracaq bu sistem bütünlükdə elektron təhsilalmanı aktuallaşdıracaq. İstifadə olunacaq bütün fənlər üzrə dərsliklər və dərs vəsaitləri elektron qaydada olmalıdır ki, imkansız ailələrin də övladları ümumi tədris prosesindən kənarda qalmasınlar." "Milli səviyyədə təhsilin inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilməlidir ki, tərəqqi prosesi kortəbii olmasın." "Ümumtəhsil məktəbləri, bitirmiş məzunların 40 faizinin ali məktəblərə qəbul olunması göstəricisi yetərincə yüksəldilməlidir. Hazırda bu rəqəm Azərbaycanda 30 faiz təşkil etdiyindən çox ciddi narahatlıq doğurur və bu gün ən zəruri problem kimi aktuallıq kəsb edir." "Xaricdə təhsil alan gənclərimizin sayını dəfələrlə artırmalıyıq. Bununla, onların elmi-pedaqoji potensialından ölkəmizin təhsil sahəsindəki problemlərinin həllində istifadə etmək mümkündür.

 

Bununla biz ölkəmizdə təhsilin köklü inkişafına nail ola bilərik." "Müasir təhsil sisteminə yeni baxışlı, fəal/interaktiv təlimi tətbiq edə biləcək elmi-pedaqoji kadrların hazırlığına xüsusi diqqət yetirilməlidir. Xüsusilə, dəqiq elmlər (riyaziyyat, kimya, biologiya və sair) üzrə təcrübəli mütəxəssislərin (professor, dosent) yetərli sayda olmaması (getdikcə sayca tükənməsi) sonrakı təhsil illəri üçün ciddi problemlər yarada bilər." "Qeyd etmək lazımdır ki, ali təhsilin ikinci pilləsini təşkil edən magistratura, onun məzmunu, forması, elmə xidmət edib etməməsi hələ də açıq qalır. Bu sahəyə daha çox magistr diplomu həvəskarları meyil edirlər ki, bu da sonrakı təhsil pilləsində doktorant dərəcəli elmi-pedaqoji kadrların hazırlanmasına imkan yaratmır. Ali məktəblər həm də elmi mərkəz statusuna malik olduğuna görə kafedraların tədqiqat mənbəyi kimi əhəmiyyəti böyükdür və bugün müasir təhsil metodları, fəal/interaktiv təlim üsulları onun funksiyasını bir qədər də artırır." "Lakin mövcud olan problemlər vaxtında həll edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun. Bununla da, ölkədə insan kapitalının formalaşdırılması prosesi davamlı xarakter alsın. Respublika Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi biz o saat müsbət dinamika görürük... Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir." Ulu öndər Heydər Əliyev gənc nəslin təlim-tərbiyyəsinin vacibliyini, onun  həmişə diqqət mərkəzində saxlanılmasını, bu istiqamətdə fasiləsiz, məqsədyönlü fəaliyyətin aparılmasını vurğulayarkən deyirdi ki, “dünyanın gələcəyi elmli insanların çiyinləri üstündə qurulacaqdır”. Ulu Öndərin gənc nəslin təlim-tərbiyəsinə bu cür yanaşması Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin  fəaliyyətində ön plana çəkilmiş, nəticə etibarı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”sənədi meydana gəlmişdir. Bu sənəd müəllim-valideyin, müəllim-şagird münasibətlərinə yeni yanaşmanı zərurətə çevirdi. Təhsil müəssisələrində demokratikləşdirmə, inteqrasiya, humanistləşdirmə, fərdləşmə prinsiplərini əks etdirən yeni təhsil sistemi yaranmış və inkişaf etməkdədir. Bu prinsiplərin reallaşdırılması prosesi öz-özülüyündə  cəmiyyətin inkişaf atmosferasında yeni şəraitdə problemlərlə üzləşməsi qanunauyğundur.

 

Problemlərin çevik, nəticəyönümlü həllində humanizm prinsiplərinə söykənən müəllim-şagird münasibətlərində dioloji mədəniyyət xüsusi yer tutur. Lakin təhsil qanunvericiliyində, təhsil sahəsində dövlət siyasətinin mahiyyətinə əsaslanan planlaşdırma və icra sistemində hər bir fərdin məsuliyyətlə yanaşması, rastlaşdığımız aktual problemlərin tam həllində ləngidici cəhətlər var. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda hazırki dövrdə təhsillə bağlı hədəflərdən biri də şəxsiyyətlərin formalaşmasına yönəlmiş milli-mənəvi, bəşəri dəyərlər ruhunda gənc nəslin tərbiyyəsi öz  aktuallığını saxlayır. Belə ki, məktəb-valideyin, valideyin-müəllim əlaqələrini yeni müstəviyə gətirməklə pedaqoji, psixoloji əməkdaşlıq məktəbin fəaliyyət proqramlarında öz əksini tapmışdır. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin bütün tələbləri çərçivəsində yeni pedaqoji texnologiyaya görə təlimin məqsədi şagirdin fikirlərini, davranışını dəyişməkdir." "Təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nın  bütün kriteriyaları üzrə  dinamiklik müəllim-valideyin, valideyin-şagird, şagird-müəllim zəncirindəki həssas həlqədə zəifləyir, şəxsiyyətin inkişafına əngəl yaradır. Daha çox bu zəncirin valideyin-şagird həlqəsində-ailədə özünü göstərir. Bunun üzərinə mühit amillərini də əlavə etsək (televiziya, internet) problemlər ciddiləşir. " "Müəllim bu problemləri nə qədər dərindən başa düşsə də, fəaliyyətində ən yaxşı metodika işləyib tətbiq etsə də, müəllim-valideyin, müəllim-şagird münasibətlərində humanizmm prinsiplərindən yanaşsa da, qarşıya qoyulmuş məqsədə çatmaqda gərginlik yaranır. Ailənin ab-havası  uşağın psixologiyasını formalaşdırır." "Məhz əksər məktəblərdə psixoloq kadrlarının olmaması səbəbindən təhsildə çətinliklə qarşılaşan, davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması, onlarla xarakterinə uyğun işin qurulması, siniflərdə sosial-psixoloji mühitin yaradılması, təhsil alanlarla və təhsil verənlər üçün psixoloji inkişaf atmosferinin təmin olunması ləngiyir və yaxud heç olmur." "Qeyd etmək yerinə düşər ki, qloballaşan dünyada gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Ölkəmizdə buna böyük əhəmiyyət verilir, təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nda  bu məsələ geniş və aydın şəkildə öz əksini tapmışdır. Cənab Prezident İlham Əliyevin  milli-mənəvi dəyərlərimizlə bağlı gözəl fikirləri var. Vətənə bağlı olmayan, vətənpərvərlik hissindən kənar  adamlar bu fikirləri heç zaman əxz edə bilməzlər." "Müasir dövrdə ümumitəhsilin aktual problemlərindən danışarkən xüsusi qeyd etmək lazımdır ki,  tədris olunan fənləri əhatə edən elektron resurslar  məhduddur, əksər kənd  məktəblərində isə heç yoxdur.

 

Şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında əsas yük Azərbaycan tarixi və coğrafiya, GHÇ  və dil-ədəbiyyat fənlərinin üzərinə düşür. Bu fənlər üzrə hətta sadə elektron resursların (səs, şəkil, video, qrafik) hazırlanması üçün şərait yoxdur. " "Bu da tədrisin keyfiyyətinə ciddi təsir göstərir. İndi hamının internetdən istifadə etmək imkanı var. Onun faydalı tərəfləri çoxdur, lakin  müasir gənc, yeniyetmə uşaqların internetdən istifadəsi nəinki onlara  xeyir verir, onların mənəvi-tərbiyəvi, psixoloji durumlarına çox mənfi təsir göstərir. Xüsusən aqressiv döyüş səhnələri  olan internet oyunları şagirdlərin psixologiyasına ciddi təsir göstərir. Belə gənclər cəmiyyətdə düzgün mövqe tutmaqda çətinlik çəkirlər. " "Son dövrlər məktəblilər üçün zərərli olan və asılılıq yaradan vərdişlərin ən geniş yayılanları onların sağlamlığına, mənəviyyatına, psixologiyasına ən çox təsir edənləri – faydasız televiziya verilişləri, mobil telefonlar, siqaret çəkmək, həddindən artıq yemək, yüksək şəkər istehlakı, az hərəkətlilik və s. göstərmək olar. Məktəbin müvafiq iş planlarında şagirdlərin bu pis vərdişlərə “yoluxmağının” qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməsinə  baxmayaraq onu yaradan ailə ilə bağlı və sosial  səbəblər görülmüş tədbirlərin faydalı iş əmsalını aşağı salır. " "Bu işdə müəllim-valideyin münasibətlərinin düzgün qurulmasına əks təsir edən uşağa valideyin dəstəyinin kifayət qədər olmaması, uşaqlara həddindən artıq sərbəstlik verməsi, valideyinlərlə uşaq arasındakı ünsiyyətin normal olmaması,  lazımsız ailə intizamı və s. amilləri göstərmək olar. Valideyin ilk  növbədə  uşağın zərərli  vərdişlərlə məşğul olan insanların əhatəsində olmamasına nəzarəti artırmalı, uşaq üçün ciddi faydalı məşğuliyət yaratmalıdır.  Təlim prosesinə mənfi təsir göstərən  bu kimi vərdişlərin qarşısını almaqda təkcə müəllimlərin fəaliyyəti yetərli deyil." "Müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar: İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir" "Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir" "Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir" "Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir; Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir; Xüsusən ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər" "Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır.

 

Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir." "Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər" "Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması; Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi); Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması" "Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması; Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi; Qeyd edək ki,  orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan bu təkliflərin  həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb müəllimləri və tələbələrin də fəallığı və onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər." "Dərslərin distant formada keçirilməsi müəyyən problemlərin yaranmasına səbəb olsa da, pandemiya ilə əlaqədar tədrisin bu şəkildə təşkili hazırkı dövr üçün təhsilin davamlılığının təmini baxımından ən münasib yol sayılır." "Qabaqcıl universitetlər artıq bir neçə ildir ki, məsafədən bəzi proqramlar təqdim edirlər və onların bu metodla verdikləri təhsil heç də ənənəvi təhsildən geri qalmır. Əksinə, həm iştirakçıların zaman və məkan məhdudiyyətlərinin ortadan qalxması, həm də universitetdəki təhsil verənlərin fiziki olaraq imkanlarının və istifadə olunan adutoriya məkanının məhdudluğu problemi bu tədris metodunda aradan qalxmış olur."

 

"Lakin bu metodla tədrisin bütün ixtisaslarda, xüsusilə tətbiqi sahələrdə çox da uğurlu olmaması bir faktdır. Universitetlərin də onlayn təhsili əvvəllər müəyyən ixtisaslarda, xüsusi ilə humanitar və ictimai elmlərdə təqdim etməsinin səbəbi də bu məsələ idi. Keçən ilin əvvəllərindən dünyanı cənginə alan COVİD-19 pandemiyası təhsil sahəsinin distant olmasını zəruri etdi. Yəni hazırda distant təhsil bir seçim yox, zərurətdir. İnsan həyatının və sağlamlığının daha önəmli olduğunu nəzərə alaraq, ölkələrin bu addımı atması düzgündür. Sadəcə ölkələrin distant təhsil infrastrukturu bu dönəmin ən az itki ilə bitməsində əhəmiyyətli rol oynayır”. "Hətta ən inkişaf etmiş ölkələrdə belə təhsilalanların 15-20 fazi bu prosesə qoşula bilmədi və müəyyən qədər təhsildən uzaq qaldı. Azərbaycan pandemiyadan dolayı distant təhsilə ən erkən qoşulan ölkələrdən biri kimi bu prosesi kifayət qədər yaxşı idarə edə bildi" "Qeyd etdiyim kimi, hazırda təhsil verənlərin xüsusi ilə son illərdə müəllimlik peşəsinə qəbul olunanların texnolohiyadan istifadə bacarıqları xeyli yüksəkdir. Amma etiraf etmək lazımdır ki, xüsusilə yaşlı müəllimlərin online tədris texnologiyalarından istifadə bacarıqları zəifdir və bu prosesdə onlara müəyyən təlimlərin verilməsi zəruri idi. Eyni zamanda Teams proqramının Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərdə tətbiqi müsbət addım olsa da, internetin sürəti və proses iştirakçılarının bu proqramdan istifadə bacarıqlarının zəifliyi müəyyən problemlərə gətirib çıxardı. Texnoloji problemlər olaraq sabit telefon xətti ilə internetin sürətinin zəif olması, mobil şəbəkələrdən istifadə edilincə isə sürətin yaxşı olmasına rəğmən internetiqn qiymətinin baha olması göstərilə bilər" "Eyni zamanda, şagirdlərin ev şəraiti və evdə təhsil alan sayının şox olması prosesə mənfi təsir göstərən faktorlardandır”. "digər bir problem valideynlərin şagirdlərin tədris proqramına tam nəzarət etməməsi və ya edə bilməməsidir. Bəzi valideynlərin işləməsi və ya bu dönəmin sanki şagirdin tətildə olması kimi qəbul etməsi buna əsas verir. Eyni zamanda müəllimlə göz təmasının olmaması və şagirdin öz komfort zonasından çıxmaması distant təhsilin effektivliyini azaldır”. "Bütün neqativ aspektlərinə rəğmən distant təhsilin bir illik tətbiqi şagird və tələbələrdə texnologiyadan istifadə bacarıqlarını xeyli artırdı." "Ənənəvi təhsilə keçən zaman da bu texnoloji imkanlarından istifadəyə davam edilməlidir.

 

Bu imkanlardan daha effektiv istifadə üçün məktəblərdə infrastruktur qurulmalı və həm təhsilverənlərə, həm də təhsil alanlara təlimlər verilməlidir." "Bəzi uşaqlar sağlamlıq imkanlarının məhdudluğu səbəbindən orta məktəbə getmək həyəcanını yaşamaqdan məhrumdurlar. Yəni, bu uşaqlar orta təhsillərini adi məktəblərdə deyil, ev şəraitində, ya da onlar üçün ayrılmış xüsusi məktəbdə davam etdirmək məcburiyyətindədirlər. " "Təsil Nazirliyi 9 min 144 sağlamlıq imkanları məhdud olan şagirdin evdə təhsil aldığını açıqlayıb. Amma açıqlanan rəqəmdən başqa, bu imkandan yararlanmayan sağlamlıq imkanları məhdud olan uşaqların kifayət qədər olduğunu da nəzərə alsaq, o zaman evdə təhsil məktəbinin sayının az olduğu və xüsusən rayonlarda olmaması problemlərdən biridir." "Sağlamlıq imkanları məhdud olan şagirdlər üçün bütün dünyada evdə təhsil proqramı var. Həm də xarici ölkələrin bu proqramı ölkəmizdəkindən fərqli olaraq, təkcə orta məktəblərə deyil, eyni zamanda kollec və ali məktəblərə də aiddir. Rusiya Təhsil Nazirliyi bununla 2013-cü ilin sentyabrın 20-də qərar qəbul edib. Məktəbə gəlmək imkanı olmayan (sağlamlıq baxımından) şagirdlərə xüsusi müəllimələr cəlb olunub. " yu-Yorkun Nyubörn şəhərində isə şagirdlərlə yanaşı, tələbələr də bu xidmətdən istifadə edirlər. Məsələn, "Mount Saint Mary College" məhz belə tələbələr üçün nəzərdə tutulan təhsil ocağıdır.    Azərbaycanda evdə təhsil SSRİ dövründə də olub. Hazırda evdə təhsil Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun həyata keçirilir. Həmin qaydalara görə, evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlbedilir və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur. Onu da qeyd edək ki, ümumtəhsil məktəblərində evdə fərdi təhsilə cəlb olunmuş şagirdlərə dərs deyən müəllimlərin əməkhaqqı ilə ümumtəhsil məktəblərində adi siniflərdə dərs deyən müəllimlərin əməkhaqqı  eynidir. Belə ki, müəllimənin bir saat əmək haqqı isə 22.78 AZN-dır.  "Aparılan araşdırmalara əsaslanaraq deyə bilərik ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Bunu yuxarıda qeyd olunan evdə təhsil məktəbinə gedən şagirdlərin sayından da aydın görmək mümükündür. Amma evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Çünki əsas məsələ həmin şagirdlərin cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları ilə birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bunun üçün isə sağlamlığı məhdud uşaqlar üçün iki məktəb deyil, daha çox məktəb açılmalı, bundan başqa, onların infrastruktur problemləri aradan qaldırılmalıdır. Onların hərəkəti üçün lazımi şərait yaradılmalıdır.

 

Məsələn, həmin şagirdlər üçün xüsusi nəqliyyat ayrıla bilər. Bir sözlə, təkcə məktəb yaratmaqla və ya həmin uşaqları məktəbə cəlb etməklə iş bitmir, onlar üçün kompleks təminetmə olmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir." "sağlamlıq imkanları məhdud olan uşaqların sağlam uşaqlarla birgə təhsil almaları problemli məsələdir. Belə bir imkanı yalnız inklüziv təhsil yarada bilər. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır." Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır. inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrində təhsil siyasətinin prioritetlərindəndir. Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşması məqsədi daşıyır. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir. "Dünyanın müxtəlif ölkələrində mövcud olan müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki, onlara yanaşma adətən eyni fəlsəfəyə malikdir. Müasir təhsilin ümumi tendensiyalarından danışarkən toxunulan ilk problemlərdən biri inklüziv təhsildir. İnsan haqlarının inkişafı, təhsil prosesinin müasirləşməsi, qloballaşma kimi kütləvi proseslər hər bir dövlətin inklüziv təhsil anlayışına daha həssas yanaşmasını tələb edir. Hazırda bu məsələ ilə ilgilənməyən az ölkənin adını çəkmək olar ki, bu da əsas etibarilə onların ağır sosial-iqtisadi durumu, qeyri-sabit siyasi quruluşu və s. səbəblərlə izah oluna bilər. İnklüziv təhsil kimi qayəsində humanizm elementləri duran problemlərin həllinə sosial rifahı yüksək olan ölkələrdə xüsusi diqqətlə yanaşılır." Bütün bunların ümumi olaraq cavabında deyə bilərik ki,,Zəfərlə bitirdiyimiz müharibə nəticəsində azad etdiyimiz torpaqlarımızda qurulacaq yeni düzəndə yeni tipli təhsil müəssələrinin tikilməsi xüsusi önəm kəsb edən məsələlərdən ən vacibidir.Burda fəaliyyət göstərəcək təhsil müəssələrində yuxarıda sadaladığımız bütün problemlər öz həllini tapmış formada daha səmərəli və faydalı fəaliyyət göstərəcəkdir...

Kərim Novruzov, 
Ağdam rayon 95 saylı köçkün tam orta məktəbinin direktoru