adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Yanvar 2022 13:23
761
İQTİSADİYYAT

Türkmənistan qazının Naxçıvana nəqlinə başlanılıb

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qazın artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, ilin əvvəlindən bu müqaviləyə əsasən, ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir və Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur.

İbrahim Əhmədov əlavə edib ki, gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq:

“İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.

Qeyd edək ki, qaz sazişi 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı Xəzəryanı üç ölkənin prezidenti tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.

Sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.(oxu.az)