adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Fevral 2023 12:07
786
HÜQUQ

Ümummilli liderin müasir hüquq sisteminin formalaşmasında, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafında xüsusi rolu

Hər bir xalqın taleyində ona işıq, ziya gətirən fenomen şəxsiyyətlər olur. Azərbaycan xalqı da belədir. Yüzilliklər boyu onun da keçmişindən-bugününəcən qəlbi xalq üçün döyünən, yaşayıb quran, yaratdıqları ömür boyu, özündən sonra əsrlərlə millətinə xidmət edən oğullar yetirmişdir. Belə fenomen, dahi şəxsiyyətlərdən ən görkəmlisi iyirminci yüzillikdə xalqımızın qan yaddaşında dərin iz qoyan ulu öndərimiz, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev olmuşdur.

Heydər Əliyev müxtəlif illərdə vəzifələrdə çalışarkən Azərbaycan xalqının iqtisadi, sosial və mədəni həyatının bütün sahələrinin inkişafına təkan vermiş, 1993-cü ildə xaqlın yüksək fəallığı şəraitində baş tutan seçkilərdə 76.1 faiz səs toplayaraq etimad qazanmış, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Rəhbərlik etdiyi gündən etibarən o, bütün gücünü Azərbaycan xalqının daxili və xarici siyasətinin inkişafına yönəltmiş, iqtisadiyyat, təhsil, diplomatik əlaqələr, neft sənayesinin inkişafı və ixracı, hüquqi dövlət quruculuğu sahəsində uğurlar və bir çox başqa müvəfəqiyyətlər əldə edilməsinə nail olmuşdur. Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən biri də müstəqillik uğrunda mübarizədir ki, milli azərbaycançılıq idealogiyasının inkişafı da ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O bu yolda heç bir çətinlikdən qorxmadan millətinə sonsuz sədaqət nümayiş etdirərək yeni inkişafa qədəm qoyan Azərbaycanda qətiyyətli addımlar atmış, çox mühüm islahatlar keçirmiş, bir daha xaqlın etibar və etimadını qazanmışdır. 20 faiz torpaqları təcavüzkar ermənilərin işğalı altında olan xaqlımız ən çətin anlarda ona arxalanmış, dövlətimizin inkişafının etibarlı əllərdə olduğuna güvənmişdir.

Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.

Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.

"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz elementidir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, yeni - 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, hüquq-mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən qurulmuşdur.

Hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı hüquq islahatlarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, hətta inkişaf etmiş ölkələrdə bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur.

Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.

Bu gün ədliyyə fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2013-cü il ölkəmizdə "informasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq, bu sahədə xeyli işlər görülmüş, o cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmış, nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi yaradılmış, məhkəmə sisteminin vahid elektron portalı yaradılmışdır. Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Möhkəm ədliyyə sistemini, əsas məqsədi insanların bütün hüquqlarına hörmətlə yanaşılan açıq vətəndaş cəmiyyətinin yaradılması və inkişafına xidmət etməkdən ibarət olan, mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatlarının məcmusu kimi səciyyələndirmək olar. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək sistemin bütövlüyünü şərtləndirirlər. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.

Ümumilikdə, bütün həyatını Azərvaycan xalqı qarşısında böyük xidmətlərə həsr edən ulu öndərimiz, ümumilli liderimiz Heydər Əlirza oğlu Əliyevin ömür yoluna diqqət yetirəndə bir daha əmin oluruq ki, onun əziz xatirəsi xalqımızın yaddaşında əbədidir və heç vaxt unudulmayacaqdır.

 

Nail Qarayev,

Gəncə şəhər 6 saylı notariat ofisinin hüquqşünası