adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2022 11:18
522
GÜNDƏM

Unutmayacağımız tarix: 28 illik işğalın, 30 illik həsrətin adı  Laçın... 

100 il keçəcək, 100 il keçəcək , illər, əsirlər   ötəcək  nəinki heç bir laçınlı, heç bir qarabağlı, heç bir azərbaycanlı 1992-ci il mayın 18- ni heç vaxt unutmayacaq. 

Adalet.az xatırladır ki,  mərdimazar ermənilər havadarlarının hərbi, maddi, mənəvi dəstəyi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Azərbaycanın zümrüd qaşı olan Laçın rayonunu işğal edib. 

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
 

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.
  Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri düz 28 il davam etdirib.
 

 

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993-cü il), 853 (1993-cü il), 874 (1993-cü il) və 884 (1993-cü il) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür. Düz 28 il! Azərbaycan dünyanın uydurduğu “problemlər”lə yurd –yuvasından uzaq qalıb

Qeyd edək ki,  Laçın rayonu artıq  1 il 6 aydır ki, 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarına əsasən Ermənistanın işğalından azad edilib. 
Rayonun bir sıra əraziləri hələ ki, Rusiya sülhməramlılarının nəzarəti altındadır. Yeri gəlmişkən, ötən ilin avqustunda Laçın Beynəlxalq Hava Limanının təməlini qoyulub.

P.S. Laçın şanlı, qüdrətli ordumuzun, şəhidlərimizin, qazilərimizin  hesabına artıq özümüzdədir!Bir gün laçınlılar yenə də geri yurdllarına köç edərlər, yuvalarını qurarlar, ocaqlarını yandırarlar, və onda da ürəklə deyərik ki, Laçın  özümüzündür!Laçınlılar həsrətlə, geri dönəcəkləri günü gözləyirlər. 

Əntiqə Rəşid