adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2022 11:09
1054
MÜSAHİBƏ

“Vətənpərvəlik, vicdan, iman, ədəb, qürur pulla alınmır”- MÜSAHİBƏ

Həmsöhbətimiz Zəngilan rayonu, 4 nömrəli ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyevadır.

 

 - Adətən kənd müəllimləri məsafəyə görə önə çıxarılır ki, uzaq yol qət edirlər. Siz özünüzsə Sumqayıtda yaşayıb Bakıda işləyirsiniz. Saatlarla yollarda olduğunuzu qeyd edirsiniz. Bu necə baş verir?


- Mən 2008-ci oldə Bakı Slavyan Universitetini bitirəndə həmin il təyinatla işlə təmin olunma var idi. Təyinat üzrə Universitetin rektoru Kamal Abdulla tərəfindən sənədlərim Zəngilan Rayon Təhsil şöbəsinə göndərildi və 2008-2009- cu tədris ilində Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbdə öz ixtisasım üzrə işlə təmin olundum. İlk gündən məktəbin rəhbərliyi və kollektivi tərəfindən yaxşı qarşılandım. Çətin və məsuliyyətli olmağımın I mərhələsi universiteti bitirib gələn gənc müəlliməyə sinif rəhbərliyin verilməsi ilə başladı.  Daha sonra isə Uşaq Birliyinin sədri və Ədəbiyyat sevərlər dərnəyinin rəhbəri vəzifələrini icra etdim. Hal-hazırda isə Təlim- tərbiyə İşləri üzrə direktor müavini işləyirəm. 
Məsafənin uzaqlığına gəldikdə isə ailə qurmamışdan əvvəl məktəbə yaxın məsafədə yaşıyırdım. Ailə qurduqdan sonra bir müddət yenə məktəbə yaxın  ərazidə yaşasaq da ana olduqdan sonra yaşayış yerini dəyişdik. Məsafə çox uzaq olduğuna və uşaqlar da balaca idi deyə işləmək çətin idi. Bağça yaşına çatanda saat 7 də  bağçaya qoyub, işə gedirdim, sonra pandemiya şəraiti yarandı azca işim yüngülləşdi dərsləri onlayn keçirdim, yəni yola sərf etdiyim 1 saat 40( gedib- gəlmək 4saata yaxın ) dəqiqəni övladlarıma ayırırdım.. Bu ildən isə dərslər əyani olduğundan yenə çətin və məsuliyyətli günlər başladı. Çünki artıq övladlarım məktəblidir. Yenə tezdən saat 7 də övladlarımı məktəbə qoyub, işə gedirəm. Həmişə zarafatla deyirəm ki, övladlarımın məktəbini biz açırıq ,   amma nə etmək olar işimi sevirəm və şagirdlərimin sevgisin görəndə yorğunluğumu hiss etmirəm. Əksinə özümü daha xoşbəxt hiss edirəm, yəni onun sözlə ifdəsi yoxdur.



 

Müsbət keyfiyyətlər əsalətlə bağlıdır

 

- Bir müəllimə tanıyıram. İş-gücü hansısa vasitə ilə Bakıda işə düzəlməkdi. Amma kənd həyatından, ordakı təhsildən elə danışır ki, elə bilərsən, ondan fədakar, vətənpərvər birini tapa bilməzsən. Belə saxta “ fədakar” lardan necə qurtulmaq mümkündür?


-Əslində, kənardan bu sual həm gülməli, həm də ürək ağrıdıcıdır, çünki insan kənardan özün görməyi bacarmalıdır ki, onun haqqında  belə fikirlər yaranmasın.
 

Həmişə deyirəm, vətənpərvəlik, vicdan, iman, ədəb, qürur  bunlar pulla alınmır, bu müsbət keyfiyyətlər əsalətlə bağlıdır, yəni sənin ailəndə, nəslində dəyər, dəyər vermək anlayşı yoxdursa onu görüb- götürmək həm çətin olar, həm də yamaq kimi görünər. Ona görədə insan öz potensialına inanıb mübarizə aparmalıdır, həmin mübarizədə səbrli və inadkar  olsa gec-tez apardığı mübarizənin müsbət nəticəsini görəcək, əgər həmin mübarizədə qürurun itirmiyibsə.
Sualı verərkən nəzərdən tutduğunuz müəlliməyə də uğurlar arzulayıram.

-Son vaxtlar mediada şagird- müəllim davranışlarıyla bağlı kifayət qədər yazılar gedir, müxtəlif paylaşımlar olur( şagird döyülməsi, saçla bağlı məsələ və s.) Müəllim və şagirdlərin bir-birindən alıb- vermədiyi nədir? Təlim- tərbiyə işləri üzrə  direktor müavini olaraq bu işləri necə yoluna qoyursunuz ?


-Müəllimlik elə bir ali peşədir ki, bütün insani keyfiyyətləri sən öyrədirsən, yəni şagird ağ vərəqdir və müəllim həmin vərəqi ya rəngarəng yazıb sevgi aşılayacaq, ya da diqqət və qayğı göstərmədən həmin şagirdin qəlbində sadəcə müəllim olaraq qalacaq.
 

Mən isə həmişə bu fikri deyirəm “Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir !” 
Artıq 14 ildi müəllim, 5 aydı Təlim-tərbiyə işləri üzrə direktor müavini işləyirəm, amma qeyd edim ki, indi icra etdiyim vəzifə əvvəlki illərdən daha çox məsuliyyətli və qayğıkeş olmağı tələb edir. İzahı çox sadədi əvvəl əgər 2-3 sinifdə həftənin 4 günü 60 şagirdlə ünsiyyətdə olurdumsa, indi demək olar ki, hər gün, məktəbin bütün şagirdləri ilə ünsiyyətdə oluram, bu ünsiyyətin daha səmərəli olması üçün məktəbin psixoloqunun dəstəyi vacibdir, çünki  hər bir şagird fərddir və fərqli temperamentdədir, fərqli ailələrdən gəlirlər. Bəzən elə nüanslarla rastlaşıram ki, şagird valideyndən daha çox məsuliyyətli və ətrafa daha diqqətlidir, bu zaman həmin uşaqlarla hər hansısa problem yarananda fərdi şəkildə səmimi söhbətlərə daha çox yer ayırıram, nəticə də çox gözəl olur.  Qaldı ki, sizin rastlaşdığınız problemlərə həmişə təhqir və zorakılığın əleyhinə olmuşam. Fikirləşirəm ki, bəzən məktəb rəhbərliyi istər müəllimləri, istərsə də şagirdləri ciddi nəzarətdə saxlasa belə anlaşılmazlıqlar yaşanmaz.


 

Valideynlər qonşu, qohum nə deyər bəhanəsiylə min bir yalan danışır

 

-Razıyam ki, çətin tərbiyə olunan şagirdlər də yox deyil. Bunun üçün dövlətin xüsusi məktəbləri var. Bəs o, şagirdlər niyə həmin məktəblərə yönləndirilmir? Belə “ yola vermələr” sonradan yuxarıda qeyd etdiyimiz problemlərə , situasiyalara səbəb olur.


-Sizin fikrinizlə razıyam, amma sizə sadə bir misal deyim, son vaxtlar uşaqlarda danışma problemi olur, ya da autizm. Valideynlər qonşu, qohum nə deyər biz loqopedə, psixoloqa getsək, aparanda da gizlətmək üçün min bir yalan danışırlar. Baxın çətin tərbiyə olunan uşaqları da valideynə desək, inanın valideyn kənarda qalır nənə- baba məktəbə gəlir elə danışır dediyin sözə peşiman olursan. Ona görə də bütün məktəblərdə 4-5 çətin tərbiyə olunan şagird olur, onlarla ünsiyyət quranda ancaq və ancaq səmimi olmaq lazımdır və psixoloqlar onun maraq dairəsin müəyyənləşdirib, həmin müəllimlərlə birgə işləyib, sonda müsbət nəticə əldə edə bilərlər.

-Təhsil Nazirliyinin V qrant layihəsinin qalibi olmusunuz. Bu barədə danışarsınız.


-Qeyd edim ki, heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə doğru getmək lazımdır. Mən də 4 il analıq məzuniyyətində olduğum üçün işə qayıdanda hər şeyə sıfırdan başlamalı oldum, çünki proqram eyni olsa da dərs metodları demək olar dəyişmişdi.
 

Uğur qazanmağımın başlanğıcı isə AMA- nın təşkil etdiyi Təlimçilik məktəbi – 2 qoşulmağım oldu. Elə həmin vaxtda Təhsil Nazirliyi tərəfindən elan olunan “ Təhsildə İnkişaf və innovasiyalar üzrə Vqrant müsabiqəsində fərdi katiqoriya üzrə  “ Könlümü dindir” bədii qiraət mövzusunda layihə təqdim etdim. 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə Vqrant müsabiqəsinin qalibi oldum.
 

Zəngilan rayonu üzrə 9 məktəbdən 120 şagird layihənin seçim turunda iştirak etdi, amma sorğu anketi əsasında 5 məktəb və 25 şagird isə layihənin 3 aylıq icrası zamanı təlimlərdə və masterklaslarda fəal iştirak edirdi. Ləyihəni müvəffəqiyyətlə başa vurdum, çünki Zəngilan rayonu üzrə çox istedadlı şagirdlərlə tanış oldum, “ Nitq mədəniyyəti “ üzrə masterklasını təhsil ekspert Tofiq Sadıxov,  “ Səhnə mədəniyyəti”, “ İncəsənətə malikəm” masterklaslarını  isə tanınmış aktyorlar Elman Rəfiyev ( Pantomim teatrının direktoru, əməkdar artist),Vaqif İbrahim (Bakı Dövlət Sirkinin  janr artisti), bədii qiraət üzrə masterklası isə qiraətçi Anar Adil keçdi. Qarşıda daha gözəl işlərə imza atacam, əlbəttə ki, ilk növbədə özümün əzmimə və iradəmə inanıram, sonra isə hər zaman mənə dəstək olan ailəmə və ən əsası anama. Nəyə görə dedim ailəmə, çünki biz hələ də cəmiyyət olaraq qadının karyera qurmasına şübhə ilə yanaşırıq və fikirləşirik ki, qadın ancaq ev işləri ilə məşğul olmalıdır. Ona görə də bəzən yersiz suallardan yoruluram, çalışıram ki, gördüyüm işlərlə onlara cavab verim, ümid edirəm ki, tezliklə bu problemlər aradan qalxar və vəzifədə olan qadınların sayı artar ən əsası isə qısa zamanda  Azərbaycanda da Nazir qadın olar .

- İnsanların könlünü bu layihə ilə dindirə bildinizmi?


-Layihə yazarkən fikirləşirdim ki, adı elə seçməliyəm ki, maraqlı olsun və xoş təəssürat yaratsın. Şükür layihədə nəzərdə tutduqlarımı 3 ay müddətində ( 15 sentyabr- 15 dekabr) həyata keçirtdim. Bizim layihənin əsas məqsədi məktəbliləri incəsənətə, sosial-mədəni sahələrə, ədəbiyyata, mütaliə etməyə həvəsləndirərək onlar üçün öz istedadlarını kəşf edə biləcəkləri yaradıcı, sosial və mədəni mühit yaratmaqla onlarda səhnə mədəniyyəti, nitq və fikri düzgün ifadəetmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda könüllü peşəkarların dəstəyi ilə bədii obrazları özünəməxsus şəkildə müasir dövrə uyğun canlandırmaqla fikirlərini emosiyalarla ifadə etməyi öyrətmək idi. Düşünürəm ki, layihəni uğurla həyata keçirtdim, çox istedadlı uşaqlarla tanış oldum, istedadı olub, ailəsi tərəfindən dəstək görməyən bir neçə uşağın valideyni ilə fərdi söhbətlər əsasında layihəyə cəlb etdim, gözəl rəsm qabliyyəti olan uşaqların layihənin bağlanış tədbirində sərgisini təşkil etdik. Layihənin ən gözəl tərəfi isə uşaqların qəlbini sevindirməyi bacardım, bir aydı layihə bitib, amma görüş günlərimizi hələ də unutmayan uşaqlar var, əlaqə saxlıyıb xoş sözlərini və təəssüratlarını bölüşürlər, bu da məni çox xoşbəxt edir.  Demək ki, könüllərini dindirə bilmişəm.
Onu da qeyd edim ki, bir ilə yaxındı mən həm də Zəngilan rayonu üzrə koordinatoram,  15dən çox məktəbdən 50yaxın müəllimlə bir neçə layihələr fikirləşmişik, inşaAllah tezliklə həmin layihələri Zəngilanda  həyata keçirdəciyik.


Sinif otaqları, akt zalı olan məktəb deyil ki, şairlərlə və ya tanınmış şəxslərlə görüşlər təşkil edək

 

 

- Azərbaycan dili və ədəbiyyat müəllimi. Şagirdlər dərslikdən kənar müəlliflərlə nə qədər tanışdılar? Ya da hazırda yaşayan mülliflərlə. Bildiyim qədər məktəblərin bu kimi görüş planı və tədbirləri də olur.


-Kitab insan üçün mənəvi qidadır, mən həmişə şagirdlərimə deyirəm gələcəkdə seçəcəyinin ixtisasdan asılı olmayaraq hər gün bir saat mütaliə edin, bu tək roman, povest olmuya da bilər, gözəl şeirlər oxuyun ruhunuz dincəlsin, amma kitabları yaşınıza uyğun seçsəniz daha gözəl olar həm yazıçının nə demək istədiyini dərk etmiş olarsınız, həm də özünüz həmin yazılanları yaşamış olarsınız.
 

Qaldı ki, sualınızın növbəti hissəsinə dərsdən kənar bizdə dərsliklərdə sinifdənxaric mətnlər verilir, onların seçimi isə sərbəst olur, hər bir şagird zövqünə uyğun əsəri, şeiri seçib oxuyur.
 

Bizim məktəb məcburi köçkün uşaqların təhsil alması üçün nəzərdə tutulub, sizin fikirləşdiyiniz geniş sinif otaqları, akt zalı olan məktəb deyil ki, şairlərlə və ya tanınmış şəxslərlə görüşlər təşkil edək, amma hər zaman məktəbin həyətində bütün tədbirləri təşkil edib, əlamətdar günlərə aid şeirləri şagirdlərin ifasında təqdim edirik.
 

Artıq 20 oktyabr 2020-ci il tarixdən biz məcburi köçkün deyilik, inşaAllah tez bir zamanda doğma yurdumuza qayıdarıq və 26 illik Vətən həsrətimizə son qoyular, övladlarımız daha gözəl şəraitli məktəblərdə təhsil alarlar.

- Çalışdığınız məktəb Zəngilan məktəbidir. Bir növ qaçqın məktəbidir. Bir gün məktəb Zəngilana köçürülsə planınız nədir?


-Qaçqın yox, məcburi köçkün məktəbi !Bəzən fikirləşirəm Vətən həsrətinə necə dözdük ?! Düzdü, biz məcburi köçkün kimi gələndə 6 yaşım var idi, I sinifdə oxuyurdum, amma indi övladlarım II-I sinifdə oxuyur. Ümid edirəm tez bir zamanda doğma yurdumuza qayıdarıq, övladlarımız ata- baba yurdumuz olan Zəngilanda daha gözəl şəraitli məktəblərdə təhsil alar, özüm də həmin məktəbdə təkcə müəllim işləməyə belə razıyam. Sonda 30 illik ləkəni alnımızdan silən II Vətən müharibəsində iştirak edib şəhid olan oğullarımızın, atalarımızın ruhu şad olsun. Qazilərimizə və Vətən müharibəsi iştirakçılarına isə sağlıqlı huzurlu ömür arzulayıram.
 

Söhbətləşdi: Emin Piri