24 Sentyabr 2021 10:59
280022
SAĞLAMLIQ

Vəzifə, vicdan və vətəndaşlıq borcu: Respublika Əlillərin Bərpa Mərkəzindən REPORTAJ

Eşidəndəki I Qarabağ və Vətən müharibəsinin qazisi, kollektivimizin də xətrini istədiyi Elməddin Sərdarın səhhətində problemlər yaranıb və xəstəxanaya yerləşdirilib, çox narahat olduq. Zəng edib hal-əhvalını soruşduq, vəziyyəti ilə maraqlandıq.

Qazimiz bildirdi ki, 10 gündən artıqdır ki, Respublika Əlillərin Bərpa Mərkəzində müalicə alır və səhhəti getdikcə düzəlməyə doğru gedir:” Amma sənə bir söz deyim: inan ki, məni iynə-dərman yox, buradakı tibbi personalın münasibəti və xidməti sağaldır. Burda özümü Avropa xəstəxanalarında hiss edirəm. Yüksək səviyyədə xidmət! Bir də elə bil qohum-əqrəbanın, doğmalarının içindəsən!Gəlib gözünlə görməsən inanmazsan”


- Onda mən sabah gəlib həm səni yoxlayaram, həm də dediyin “fakt”ları...


Sabahısı, saat 09 radələriydi, artıq Binəqədi rayonu, 6-cı mikrarayon ,1410-cu keçid, 3215-ci məhəllədə - Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısındaydım. Mərkəzin həyəti sanki Mərdəkan dendrarisiydi, müxtəlif növ ağaclar, çiçək və gül kolları, yaşıllıq və bir də təmizlik! Mərkəzin binası ya təzə təmirdən çıxmışdı, ya da yeni tikilmişdi. Həyətdə qarşılaşdığım, sual dolu baxışımı və marağımı görən, psixoloq Elnur Süleymanov izahat verdi : “Mərkəz 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayıb.

 

Amma 2015-ci il martın 16-da Prezident İlham Əliyev buranın təmiri və yenidən qurulmasıyla bağlı Fərman imzaladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti də yaradıldı. Respublika Əlillərin Bərpa Mərkəzi hazırda həmin xidmətin tərkibində fəaliyyət göstərir. Həmin ilin 21 sentyabrında Mərkəzdə əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi də oldu”.


Düzü, getdiyim –gördüyüm xəstəxanalarda anındaca nöqsanlara rast gəlirdim və sosial şəbəkədə yaxudda mətbu orqanlarda tənqid etməyə “N” qədər “material” tapırdım. Burda da tapacağıma  əmin idim . Odur ki, ətrafı necə deyərlər, “zərgər dəqiqliyi ilə” analiz edirdim

 

 


Mərkəzin pilləkanları ilə 203-cü palataya qalxıram. Burda da pəncərələrin qarşısı, şüşələr, dəhlizlər, otaqlar elə gül-çiçək kimidir. Təmizlik, səliqə göz oxşayır. Nəhayət palataya daxil oldum. 30 ilə yaxındır bu tibb ocağında xəstələrə şəfqət göstərən terapevt Elmira Əliyeva qazimizin təzyiqini ölçürdü. Müayinəni birirəndə isə ilk sözü bu oldu:” Müharibədə aldığın travmalar əsəb sistemində özünü qabarıq göstərir. Buna baxmayaraq, artıq müalicə öz effektini verib, təzyiqin normallaşıb. Dünən də yaxşı nəticə görsənmişdi. Şükür yaxşısan qardaşım. Allah səni və bütün qazilərimizi qorusun!Çalış, hər şeyi ürəyinə salma, əsəbləşmə!”. 


Elmira doktorun danışığı, şirin ləhcəsi nur süzülən siması mənə çox xoş təsir bağışladı. O gedəndən sonra Elməddin mərkəzin bütün personalının belə qaygıkeş, mehriban olduğunu söyləsə də, mən “fakt”ı görüb sonra qərar verməliydim. (Peşə vərdişi)
Elməddinin yarım saatdan da çox, bir-bir ad çəkib təriflədiyi tibb bacılarını həkimləri, sanitarları, aşbazları, təmizlikçiləri gərək özüm araşdıram. Əlimdə fotoaparat dəhlizləri gəzməyə başladım. Əlində əsası olan, yeriməəngəlli bir gəncə yaxınlaşıram. Çox tanış və suyuşirin siması var, tanış gəlir. Söhbətə başlayırıq. Məlum olur ki, müsahibim Elnur Zahir oğlu Əmirov zabitdir, kapitandır. Aprel döyüşləri qazisidir. II qrup əlildir. Qeyd edim ki, 1982-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. Deyir ki, doğma ocağımızın ermənilər tərəfindən işğalı ilə əlaqədar Bakının Nizami rayonunda məskunlaşmışıq.

 

 

1999-cu ildə bu rayondakı 62 saylı məktəbi bitirəndən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi zabit kimi başa vurmuşam və müxtəlif hərbi hissələrdə xidmət etmişəm. İndi kəndimiz işğaldan azad olub və mən də özümü xoşbəxt hesab edirəm ki, bu vətən üçün nəsə etmişəm. Nəinki sağlamlığım, canım da vətənə qurban!”


- Cənab kapitan, burda sizin müayinə və müalicəsinizə həyata keçirilməsində problemlər yaşayırsınızmı? Məsələn, masaj, iynə, dərman saatının gecikdirilməsi... tibb bacılarının laqeydliyi...


- Elnur “Siz nə danışırsınız?”ı elə ucadan və heyrətlə dedi ki, dedim yəqin nəyisə günah bir iş tutmuşam: “Yox e, hələ heç bir yerdə belə bir mehribançılıq, sadəlik, mərhəmət görməmişəm!Hər dəfə hidromassaj vannaları, duş şarko, iynə - hamısı vaxtlı-vaxtında olur. Bəzən masaj vaxtı, yaxudda iynə vurulanda adamın özündən asılı olmur, dilindən bir “uff” kəlməsi çıxır. Tibb bacısı elə təlaşlanır, ürəyiyanımcıllıqla elə”can-can bala” deyir ki, elə bilirəm başımın üstündə anam durub. O “can-can bala” sözünü də o deyir. Bəlkə də yeganə xəstəxanadır ki, adam burda ev üçün darıxmır”.


 Elnura Allahdan şəfa diləyib. Dəhlizin o başında tibb bacısının qoluna girib güclə hərəkət edən yaşlı bir xanım tərəf gedirəm. Hal-əhval tuturam. Salamımı alıb, yanındakı tibb bacısına başı ilə məni göstərib soruşur:” Bu da sizin işçilərdəndi?”

 


 Tibb bacısı başını "yox" mənasında silkələyir. Özümü nənəyə təqdim edirəm. Nənənin elə bil çiçəyi “çırtlayır”, təəssüratlarını bizimlə bölüşməyə başlayır: “I Qarabağ müharibəsində tərkibində döyüşə atılmadığım hərbi-hissə qalmamışdı. Kapitan Gülsüm Mikayılovayam. Hər gün tibb baçıları məni şəxsən özləri gəlib prosedur kabinələrinə aparırlar. Nə bir təmənna güdmürlər, nə bir “hörmət” etməyə imkan vermirlər. Vallah mat-mətəl qalmışam, elə bil Azərbaycanı arayıb-axtarıb harda  üzügülər, qayğıkeş, böyük- kiçik yeri bilən nə qədər adam var yığıb töküblər bura... O gün xəstəxanaya ilk gələndə həkimə deyirəm ki, bala, vallah elə canım ağrıyır elə bilrəm bu dəqiqə öləcəm. Həkim də qayıdıb deyir ki, ana bura gələnlər həyatın ən ağır üzünü görmüş insanlardı, odur ki,  biz sizi ölməyə qoymarıq . Allah eləməsin!... Çox mehribandılar çox, Elnur psixoloqa bütün həyatımı danışmışam, yorulmadan, usanmadan dinləyir”.

Gülsüm xanımla da sağollaşıb ayrılıq.

Bir sözlə, həm tibbi xidməti, həm humanist münasibəti, eyni zamanda həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən qazilərə qarşı xüsusi qayğının olduğunu mərkəzdə müalicə alan Qarabağ müharibəsi əlilləri Ələddin İsmayılov, İlham Atakişiyev (Beyləqan), Zahid Səlimov (Kürdəmir) da təsdiq etdilər.

Indi isə söhbətin ən dadlı hissəsinə keçmək istəyirəm. Bura yeməkxanadı. Masanın üstündə salat,  2 cür yemək, “qara” və “ağ” çörək, kompot düzülüb. Günorta olduğu üçün yeməkxanada masaların çoxu tutulub. Hazırlaşırdım şəkil çəkim, pəncərənin qarşısındakı masada oturub şirin-şirin nahar edən iki nəfərdən biri əli ilə məni çağırdı. Kim olduğumu və niyə gəldiyimi biləndən sonra ağsaqqal özünü təqdim elədi:” Mən bərdəliyəm- Məmmədov Elbəyi! Qarabağ döyüşlərinin qazisiyəm. Kapitanam. Vətən müharibəsi dövründə isə əsgərlərə döyüşqabağı təlimlərin həyata keçirilməsində yaxından iştirak etdim. İndi hər iki müharibənin səhhətimdə yaratdığı problemlərlə əlləşirəm. Müalicəm yüksək kefiyyətlə həyata keçirilir. 
- Yediyiniz nədir?
- Borş. Bir də qulyaşla dəmlənmiş qarabaşaq. Tərəvəz salatı, çoban salatı, kampot... 
- Dadı necədir, ümumiyyətlə yeməkxanada necə xidmət edirlər sizə?
- Yeməklərə söz ola bilməz!Çox ləzzətli bişirirlər, boşqabımı sonuna qədər bitirirəm. Birdəki, yeməyi adamın qarşısına elə nəzakətlə düzürlərki... Vallah evdə arvad belə eləmir.(ucadan qəhqəhə çəkib gülür)

 


 
Müsahibim haqlıdır. Simalarından sözün həqiqi mənasında nur yağan: Sara Məmmədova, Beycə Əhmədova, Mətanət Vəlizadə mətbəxin həm “əli dadlı”, həm də üzügülər, qayğıkeş xanımlarıdır. Onların bişirdiyindən doymaq Elbəyi bəy demiş, çətin məsələdir. 
 

İndi isə obyektimizə tuş gələn tibbi personalı çox az bir hissəsini sizə təqdim edirik. Bayaq Elməddin Sərdarı müayinə edən terapevt Elmira Əliyeva ilə söhbətləşirik. Terapevt xanım bildirir ki, hazırda respublikada bu tip 17 tibb ocağı fəaliyyət göstərir:” Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı həmin insanların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası məqsədilə aparılan işlərin ilbəil güclənməsi göz qabağındadır.

Mərkəz yarandığı gündən bu günədək respublikada olan bütün əlillərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri var. Fizioterapiya və psixoloji korreksiya şöbəsində parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar fəaliyyət göstərir. Bu şöbədə, həmçinin müasir fizioterapiya aparatları, skelet dartması üçün traksion masa və müasir kineterapiya aparatları var. Böyük idman zalı, həmçinin əlavə məşğələ otaqları müasir avadanlıq və qurğularla təmin edilib. Burada robot aparatlar da quraşdırılıb. Bu robot aparatlar vasitəsilə hərəkət funksiyası məhdud xəstələr hərəkət edirlər. Əlli çarpayılıq şöbədə palatalar 1, 2 və 3 nəfərlikdir.

Otaqların hamısında məhz bu kateqoriyadan olan insanların rahat yaşaması üçün lazımi şərait yaradılıb. Birinci qrup əlillər 21 gün, ikinci və üçüncü qrup əlillər isə 18 gün tam bərpa kursu keçirlər. Bu müddətdə onlar gündə üç dəfə sağlam və təbii qida ilə təmin olunurlar. Mərkəz il ərzində 1000 nəfərə yaxın əlilin reabilitasiya və müalicəsi ilə məşğul olur. Əlillərin xarici ölkələrdə də müalicəsinə diqqət göstərilir. Mərkəzin həkim və tibb heyəti vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, öz bilik və bacarıqlarını artırır. Funksional diaqnostika şöbəsində xəstələrin diaqnostikası üçün ən müasir avadanlıq quraşdırılıb. Mərkəz, həmçinin bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanlarla bağlı məlumat bankının yaradılmasını da həyata keçirir. 80 çarpayısı olan mərkəzdə 120 işçi çalışır. Burda hər kəs öhdəsinə düşən vəzifə borcunu eyni zamanda vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər. Onlardan bir neçəsinin adını çəkmək istəyirəm: psixoloq-həkim Elnarə Fərəcova, fiziaterapevt Rafət Əsgərova, nervpatoloq Arif Abdullayev,  baş tibb bacısı Zülfiyyə Ələkbərova, Gülşən Nağıyeva, Arifə Bağırova tibb bacısı Zemfira Misirxanova   və başqaları həssas bir müəssisədə çalışdıqlarının fərqindədirlər və onların biliyi,  təmkini, səbri, əməyi hər zaman alqışa layiqdi”. Elmira doktorun ətraflı məlumatından sonra adıçəkilən kabinələrə  bir-bir girib baxıram. Hər şey Doktorun dediyi kimidir və üstəlik təmizlik, səliqə-səhman da öz yerində!

Yeri gəlmişkən, Respublika Reabilitasiya Mərkəzinə bir il əvvəl rəhbər seçilmiş, bu sahədə 27 illik iş təcrübəsi olan Şaban Eyvazovla da söhbətləşirik. Həddindən artıq təvözəkardı, deyə rəhbər olduğu bu bir il də gördüyü işlərdən çox danışmır. Deyir ki, mənə etimad göstərilbsə, bütün gücümü işimə sərf edib o etimadı doğrultmalıyam. Bir də vəzifə borcundan başqa , hər birimizin qarşısında bir vicdan borcumuz, vətəndaşlıq hissimiz durur.  Xəstəyə gəlib iynə vurmaq tibb baçısının vəzifə borcudur, amma o xəstəni şirin dillə dindirmək,  mehribancasına  dilə tutmaq, mütləq sağalacağını demək, ona bizim üçün vacib insan olduğunu bildirmək isə artıq bir vətəndaş, bir vicdan borcudur. Həkimin terapiyası, üzündəki təbəssüm, dilindəki mehribançılıqdı.
 Şaban həkimin nizam-intizama, pasiyentlərə fərqli münasibətə, vaxtlı-vaxtında müayinə-müalicə prosedurlarına və xəstələrin razı salan digər gözəgörünən- gözəgörünməyən işləri nəzarətə alması bu tibb ocağına daxil olan hər kəsin ürəyincə olan bir mənzərəni yaradır. Düşünürəm ki, işçilərin gördükləri işin məsuliyyətini dərindən dərk etməsində, nümunəvi xidmət göstərməsində bir başa müəssisə rəhbərinin rolu böyükdür.
 Rəvayətə görə, bir nəfər Peyğəmbərdən (s) soruşur ki, insanların ən yaxşısı olmaq istəyirəm; buna hansı yolla nail ola bilərəm? Allahın Rəsulu (s) cavab verir: “İnsanların ən yaxşısı camaata faydası dəyəndir; elə isə sən də camaat üçün faydalı ol” (Kənzül-ümmal, hədis 44154). 
Bəli, bir insanın şəxsi kefiyyətləri yüksək olarsa, o insan əməlində də, ona tapşırılan işdə də, vəzifədə də hər zaman uğur qazanacaq! Şaban həkim kimi!
Qazi qardaşımız Elməddin Sərdarla sağollaşıb ayrılıram. Çünki hər gün onlalarla pasiyentə psixoloji dəstək verən psixoloq-həkim Elnarə Fərəcova psixoloji gərginliyin aradan qaldırılması üçün növbəti prosedurları həyata keçirməlidir. Tibb bacısı  Zülfiyyə xanımla da dəhlizdə qarşılaşıram. Növbəti seansda Elməddinə dərman və  iynə vurulması prosesi də Zülfiyyə xanımın işidir.
Beləliklə, mərkəzdə olduğum  4 saat ərzində Elməddinin simasında hər iki Qarabağ müharibəsi əlilləri, eyni zamanda bu tibb ocağına üz tutan digər əlillərin əmin əllərdə olduğuna inandım!Bütün personal, bütün xidmətlər bunu təsdiq etdi!
Sizdə inanın!

Əntiqə Rəşid