adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Iyul 2022 12:29
1540
ƏDƏBİYYAT

Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyi keçirildi - FOTOLAR

7 iyul 2022-ci il tarixində Ağsu rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayon Mədəniyyət Sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Ağsu rayon Mədəniyyət Sarayında görkəmli səhnə xadimi, söz sərrafı Respublikanın Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyi münasibətilə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli sənətkarın həyat və yaradıcılığından danışaraq, yaratdığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubundan, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaratmasından bəhs etmişdir.

Tədbirdə eyni zamanda görkəmli sənətkarın yaradıcılığının müxtəlif məqamlarını əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirə təşrif gətirmiş qonaqları salamlayaraq, Mikayıl Mirzənin ictimai-siyasi fəaliyətindən, sovet quruluşuna qarşı 90-cı illərdə poeziya salonlarında, şeir məclislərində, meydanlarda apardığı açıq mübarizələrdən bəhs edərək, onun həm Dövlət, həm də xalq tərəfindən sevilən, qiymətləndirilən sənətkar olmasını dilə gətirdi.

Görkəmli sənətkarın sənət dostu, tələbəsi Respublikanın Xalq artisti Nurəddin Mehdixanlı çıxışında xatırlatdı ki, Mikayıl Mirzə teatrda Leonard Frankın “Yad adam” əsərində Qoca, Səməd Vurğunun “Vaqif” dramında Kürd Musa, “Fərhad və Şirin”də Fərhad, İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” əsərində Eyvaz, “Tənha iydə ağacı”nda Muratov, M.İbrahimovun “Kəndçi qızı”nda Aslan, Bəxtiyar Vahabzadənin “Fəryad”ında Zahid, “Yollara iz düşür” əsərində Şair, Cəfər Cabbarlının “Od gəlini”ndə Elxan, Anarın “Sizi deyib gəlmişəm”ində Sabir, “Adamın adamı”ında Tərs Tahir, Abdulla Şaiqin “Fitnə” əsərində Bəxtiyar, C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda Cinli Mustafa, H.Cavidin “İblis”ində İxtiyar və digər obrazları çox məharətlə oynamışdır. Ancaq M.Mirzə xarekterik obrazları – “Günahsız Abdulla” əsərində Abdulla obrazını, C.Cabbarlının “Aydın” pyesində Aydın obrazını daha böyük şövqlə oynayırdı. Mikayıl istedadlı rejissor kimi “Aydın” pyesini yeni ruhla, yeni quruluşda tamaşaya hazırladı.

Respublikanın Xalq artisti Əli Nur, Milli Məslisin deputatı Tahir Kərimli, Ağsu rayon Ağsaqqllar Şurasının sədri Seyfəddin Abdullayev də çıxışlarında Mikayıl Mirzənin çoxşaxəli istedadından, dostluğa, yoldaşlığa sədaqətindən bəhs edərək onunla bağlı maraqlı xatirələrini tamaşaçılarla bölüşdülər.

VIII Respublika Muğam Müsabiqəsinin laureatı Sabir Hüseynov, aşıq Amil Dadaşov öz ifaları ilə məclisə rövnəq verdilər. Məktəblilər Mikayıl Mirzənin qələmə aldığı şeirləri səsləndirdilər.

Tədbirdə Mikayıl Mirzənin rol aldığı Azərbaycan kinofilm studiyasında lentə alınmış “Uzun ömrün akkordları”, “Topal Teymur” filmlərindən epizodlar və vaxtilə sənətkarın ifasında lentə alınmış şeirlərdən bir neçəsi səhnədə qoyulmuş monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim edildi.

Məclisin sonunda ailəsi adından çıxış edən Xalq artistinin yadigarı Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə həmyerlilərinə, Ağsu rayon ictimaiyyətinə minnətdarlığını bildirdi və atasının dövlətçilik ideyalarına sadiq qalacağına söz verdi.

Tədbir Mətin Mirzənin çəkdiyi “Lider” filmindən bir epizodla sonlandı.