adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Fevral 2023 14:26
598
ƏDƏBİYYAT

XAN LAÇIN - İlhami Cəfərsoy yazır

Laçın yalnız Azərbaycanda bir şəhərin və bir neçə kəndin adı deyildir, Avrasiyada dövlətlər qurmuş, mədəniyyətlər yaratmış cəsur Türk nəslinin adıdır. Laçınlar Türkiyə ilə Suriya arasında Xan Laçın şəhərini salmış, Misirdə sultan olmuşlar. Bizim Koroğlu və dəlilərinin çoxu Sarı Laçın nəslindəndir. Koroğlu Nigara xitabən bir gəraylısında deyir:

Ərvahımız Sarı Laçın,

Fələk qoymur qəddim açım.

Qoy səni götürüm qaçım

Bizim ellərə-ellərə.

Laçın nəsillərindən qüdrətli qəhrəmanlarla yanaşı məşhur xalq ozanları, şairləri çıxmışdır. Farsdilli hind şairi kimi ədəbiyyat tarixinə daxil edilmiş Əmir Xosrov Dəhləvi Cürə Laçın nəslindədir. Onun atası monqollarla vuruşa-vuruşa Hind ilə Sind arasına Xəzər dənizinin şərqindən gedib çıxmışdı. Əmir Xosrov Dəhləvi yalnız şair deyildi, istedadlı bəstəkar idi. Onun bəstələdiyi təsnifləri Pakistanın müğənniləri indiyədək oxuyurlar. Əmir Xosrov Dəhləvi təxəllüsünü təsadüfən götürməmişdir. Dehli Təklə şəhər adının hindləşdirilmiş formasıdır. Laçınların qan qohumları olan Təklə xanları er.əv. 23-cü əsrdə Oğuz xanla birlikdə Misiri tutub Nil çayının şərqində Təklə şəhərini salmışdılar. Neyləyək ki, biz son yüz ildə öz tariximizi yox, özgələrin özləri üçün yazdıqları tarixiləri oxumuşuq. Ona görə də 250 ildə bir bayraq altında birləşə bilmədik. İndi yeni dünya düzəni başlayır. Turan günəşinin saçaqları buludlar arasından görünməyə başlamışdır. Bir gözümüz aydın olsun. 30 ildən sonra dolama yollarla Laçına gedə bildik. O biri gözümüz kəsə Ağdam-Şuşa yolu ilə Laçına gedə biləndə aydın olacaq.