adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyul 2022 14:27
1057
MƏDƏNİYYƏT

Təmir nə vaxt bitəcək?

Və yaxud aktyorların və tamaşaçıların bitməyən intizarı

Hər kəsə məlumdur ki, incəsənətin bir qolu olan teatr təkcə tamaşaçıları əyləndirmək üçün deyil, həm də onların maarifləndirilməsi, ziyalılığın artırılması, həmçinin maarifləndirmə istiqamətində böyük işlər görən bir yaradıcılıq vasitəsi, eləcə də məktəbidir. Birmənalı şəkildə demək olar ki, teatr həm aktyorlar vasitəsilə obrazı göstərir, həm də eşitdirir. Yəni tamaşaçı səhnədə qoyulmuş mövzu vasitəsilə məsələni canlı izləməklə bərabər, həm də səsləndirilən fikirlərin qulaq şahidi olur. Hələ sağlığında teatrla bağlı ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev demişdir:


Teatr müqəddəs yerdir! İnsanların mənəvi çəhətdən formalaşmasında teatr həmişə,çox böyük rol oynamışdır.
Bu mövzu ilə bağlı türk dünyasının böyük dühası Atatürk isə millət məclisində öz fikirlərini belə ifadə edib:
Əfəndilər onu bilin ki,hər biriniz nazir, millət vəkili hətta cumhurbaşkanı da ola bilərsiniz. Amma sənətçi ola bilməzsiniz.Gəlin həyatını bu müqəddəs işə qurban vermiş coçuqları sevək.


Biz, yəni mən və daha 7-8 nəfər gənc aktyor 1974-cü ildə yenicə teatra gəlmişdik. Həmin vaxt teatrın korifeyləri olan Məxfurə Ermakova, Məmmədağa Dadaşov, Susanna Məcidova, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov və başqaları deyirdilər ki, bu teatrın binası 1952-ci ildə inşa olunub. Həqiqətən də teatrın binası çox xoşagələn bir qurluşda tikilmişdi. Lakin az keçmədi ki, teatrın binasında "Ğöbələk" xəstəliyi aşkar edildi və bu səbəbdən də 1979-cu ildə binanı sökdülər ki, yeni bina tiksinlər. Təəssüf ki, bu tikinti 1989-cu ilə qədər, yəni düz 10 il biz cavanları və zavallı kollektivi gözlətdi. Peşəkar teatr şərtlərinə cavab verə bilməyən, müxtəlif səhnələrdə fəaliyyətimizi davam etdirməyə məcbur olduq. Axır ki, tikinti 1989-cu ildə başa çatdı. Ancaq tikinti başa çatsa da, kollektivin üzü doyunca gülməmiş, yeni problem ortaya çıxdı. Belə ki, az keçməmiş 1989-cu ildə hazır olan binanın texniki çatışmazlığı ucbatından, kollektiv gah TXİ-da, gah Kinostudiyada, gah da hansısa zavodun mədəniyyət evində çalışmalı oldu. Nəhayət ki, 2009-cu ildə bərpa olunan yeni binanı istismara verdilər...


Və kollektiv də 2019-cu ilə kimi şad-xürrəm öz yaradıcılıq işləri ilə məşğul oldu. Di gəl ki, 2019-cu ildə Covid-19 başlayandan bütün dünyada olduğu kimi biz də öz fəaliyyətimizi dondurmağa məcbur olduq.Və Şükürlər olsun ki, 2021-ci ildən teatrların fəaliyyətinə icazə verildi. Biz də işə başladıq. Lakin işə başlayan andan teatrda istilik sisteminin sıradan çıxması, tavandan axan yağış və qar, Gənc Tamaşaçılar Teatrında normal işləməyi mümkünsüz etdi. Kollektivin arzusu və Rəhbərliyin səyi ilə lazımı təşkilatlarla danışılıb, təmir və bərpaçılar dəvət olundular.
Doğrudur, bərpaçılar gəldilər və təmirə lazım olan taxta-tuxtaları quraşdırıb getdilər. Getdilər və günü bu ğünə kimi qayıtmaq bilmirlər. Niyə qayıtmırlar? Bax,bircə biz onu bilmirik! Və bilənlər də bizə heç nə demirlər...
Həqiqətən də maraqlı sualdı. Və bu suala cavab verə biləcək konkret bir ünvan varsa, o da hələlik ağlımıza gələn Mədəniyyət Nazirliyidi. Təəssüf ki, orda da susurlar. Deyən yoxdu ki, Gənc Tamaşaçılar Teatrının bəxtini kim bağlayıb və kim açacaqdı?!

Yasin Qarayev, Xalq artisti