25 Sentyabr 2024 10:55
264
ƏDƏBİYYAT

«Zəfər bizim zəfərimizdir" - kitabından yazdı Əbülfət Mədətoğlu

Azərbaycan oxucusu Salatın Əhmədli imzasını yaxşı tanıyır. Onun bir-birindən maraqlı və oxucu yaddaşına iz salan əsərləri dövrü mətbuatda, eləcə də kitab şəklində işıq üzü gördükcə təbii ki, oxucusunu soraqlayır və bu axtarış da həmişə uğurla nəticələnir. Yazıçının üslubu, mövzusu və bir də hadisələrə özəl baxışı oxucunun sözə olan və bədii ədəbiyyata olan sevgisini tamamlayır.

Salatın Əhmədli Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuş və ötən əsrin 80-ci illərindən başlayaraq hekayə və publisist yazıları ilə imzasını tanıda bilmiş, onun kitabları, eləcə də ayrı-ayrı əsərləri dünyanın 55 ölkəsində ingilis, rus, türk, ukrayna və digər dillərdə çap olunmuşdu. O, dəfələrlə Azərbaycan mediasının KİV işçilərinin, Həmkarlar İttifaqının mükafatlarına layiq görülmüşdür. Onun aldığı mükafatlar sırasında «Mahmud Qaşqarlı», «Cəfər Cabbarlı», «Əliağa Şıxlinski», eləcə də Türkiyənin, İranın və digər ölkələrin fəxri diplomları da var. Ölkə mətbuatındakı səmərəli fəaliyyəti ona «ustad sənətkar» adını qazandırmışdır. Salatın xanım bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Azərbaycan dili və pedaqoqiga» kafedrasının müdiri, həmçinin universitet YAP Qadınlar Şurasının sədridir.

Elə bugünlərdə işıq üzü görmüş «Zəfər bizim zəfərimizdir» hekayələr kitabı da bir oxucu kimi mənim üçün də diqqət çəkən oldu. Kitabda yer alan bütün hekayələrin qəhrəmanları xalqın istək və arzusunu gerçəkləşdirən Azərbaycan İNSANIDIR. Yəni bu qəhrəmanlar şəhidliyi ən uca mərtəbə kimi qəbul edən, ölümün gözünün içinə baxan və düşməni diz çökdürməyə qadir igidlərdi.  Bu hekayələrin təkcə adlarına nəzər salsaq onda görərik ki, fikrimizdə yanılmamışıq. Məsələn, «Bir əsgərin xatirəsi», «Ulduzları sayan əsgər», «Vətən «dəliləri»», «Kəşfiyyatçı qəni», «Şuşa uğrunda», «Yolumuz Xocavəndədir» və başqaları.

Mən müəllifin kitabının adını ehtiva edən «Zəfər bizim zəfərimizdir» hekayəsini xüsusi maraqla oxudum. Müəllif hekayədə təsvir etdiyi mənzərələri o qədər canlı və cəlbedici ifadələrlə, eləcə də bir coğrafi ərazi sevgisi ilə təqdim edir ki, cümlələri oxuduqca fikrin ətəyindən tutub onu sonluğa doğru daxilən can atırsan. İstəyirsən ki, nələr baş verəcəyindən daha tez xəbər tutasan. Yeri gəlmişkən xatırladım ki, elə digər hekayələrdə də bu nüans xüsusi olaraq diqqəti çəkir.

Adını qeyd etdiyim hekayədə kəşfiyyat komandiri ilə əsgərin dialoqu döyüş səhnəsinin real epizodudur. Burada düşmənə nifrətlə yanaşı həm də təmkinli taktika və strategiyaya uyğun qərar qəbul etmək, şəraiti qiymətləndirmək də ustalıqla qələmə alınıbdır. Ona görə də çalınan zəfər inamlı və həm də şərəfvericidir. Komandirin öz əsgərlərini qorumaq niyyəti və sevgisi, onlarla bir səngərdə dayanmaq istəyi oxucunun könlünü oxşayır, onu hətta kövrəldir də. Maqsudun «Qayıdacağam» deməsi o qədər inandırıcıdır ki, hətta o şəhid olanda da oxucu onun qayıtdığına, bizimlə birlikdə olduğuna inanır. Çünki şəhidlər əbədi yaşayırlar.

Maraqlıdır ki, bu hekayədə təkcə Suqovuşanın və digər bölgələrin yox, Xankəndinin də alınaraq oraya Azərbaycan bayrağının sancılması, qəti fikir olması hər bir əsgərin bu istək və daxili inamla döyüşə atılması çalınan zəfərin, yəni bu gün Azərbaycan reallığı olan bu zəfərin hamımıza aid olduğuna sübutdur. Bax, elə yazıçının da məharəti, ustalığı təkcə gerçəyi görmək yox, hamıya aid etməkdir.

Düşünürəm ki, hələ canından mətbəə qoxusu çəkilməmiş bu kitab Azərbaycan oxucularının, xüsusilə Vətən savaşının igidlərinin, onların valideynlərinin diqqət mərkəzində olacaq.