(əvvəli ötən sayımızda)
Bir sözlə, hərə öz yerini, öz işini bilirdi. Rəislik çox az hallarda dustaqların işinə qarışırdı. "Verx" aparanlar düşərgəni əməlli-başlı "zakona" salmışdılar. Klubda kino göstərilən zaman kim harda, hansı cərgədə oturacağını bilirdi. Bir həftədən sonra məni düşərgəyə buraxdılar. Beş otaqdan (biri kino zalı idi) ibarət klubu mənim ixtiyarıma verəsi oldular. Bir gün rəislə söhbət zamanı bildirdim ki, kluba televizor almaq istəyirəm. Rəis, Viktor Andreyeviç Belevsev əvvəlcə çaşdı, sonra gülümsəyib dedi ki, sən nə danışırsan, belə şeyə kim razı olar. Ona öz variantımı,televizor üçün necə icazə almağın yolunu təklif etdim.
Əvvəlcə razılaşmadı... Oktyabr ayının on üçündə (ciddi məsləhətlərdən, "sxodkadan" sonra) sübh tezdən düşərgədə bunt qaldırdıq... İnzibati işçilərdən heç kəsin düşərgəyə daxil olmasına yol vermədik. Bircə tələb irəli sürmüşdük. Vilayət islah-əmək düşərgələri idarəsinin rəisi Pakin və vilayət nəzarət prokuroru bir nümayəndə kimi düşərgəyə gəlsin. Saat ikidə hər ikisi artıq düşərgədə idi. Biz tərəfdən danışıqlarda üç nəfər iştirak edirdi: - mən, Boris Qurtsev və Saşa Vorobyov. Bir saatlıq mübahisədən sonra tələbimizə nail olduq - televizor almağımıza icazə verdilər. Üç gündən sonra Boris Qurtsevin Rıbinskdə yaşayan bacısı hədiyyə olaraq düşərgəyə bir televizor bağışladı. Həmin gün düşərgədə hökm sürən sevinc hələ də xatirimdədi, birinci günlər verilişlər sona yetənə qədər baxmağa icazə verirdilər.
Maraqlı kino, veriliş olanda növbə rəisini dilə tutub icazə alası olurduq. Televiziya verilişlərinə baxandan sonra hamının üz-gözündə qəm-qüssə görünərdi. Klubda, ekran qarşısında azadlığın ab-havasını udub bayıra, düşərgəyə çıxanda dustaqlığın yada düşər, dilxor olardın... Hər halda televizorun dustaq həyatında rolu müsbət idi. Bir dəfə kluba maraqlı bir kino gətirmişdilər: (Əksər hallarda inqilabdan danışan kinolar göstərilərdi və hamı bundan bezar idi). "Məni başa düş, ana" ("Poymi menya, mama") adlı polyak filmi idi. Sevgidən bəhs edən bu filmin maraqlı bir səhnəsi göstərilib sona çatanda fit səsləri klubu başına götürdü. Səs-küyə qaçıb gələn növbə rəisi və nazarətçilər özlərini itirmişdilər, nə baş verdiyini bilmək üçün kinonu saxlatdırıb, işıqları yandırdılar. Uşaqlar xahiş elədi ki, kino-mexanik həmin səhnəni (lenti geri hərləyib) yenə göstərsin. Lenti geri hərləyəsi oldular: "Lüt soyunmuş qızla oğlan ayaq üstə bir-birinə sarılıb öpüşürdülər, sonra bir addım kənardakı çaya girib çimdilər və sahilə çıxıb təzədən bir-birinə sarıldılar..."
Bu səhnəni düz altı dəfə təkrar elətdirdilər. Növbə rəisi və nəzarətçilər də bizə qoşulub baxası oldular... 78-ci ilin başlanğıcında məni böyük bir briqadaya başçı seçdilər və 81-ci ilin ilk ayında, azadlığa çıxana qədər bu işdə işlədim. Cəzamın üç il yarımını bu düşərgədə çəkdim. Qış ayları çox soyuq keçirdi. Şaxta bəzən qırx dərəcəni də ötürdü. Gecələr barakda bircə odeyalla bürünüb yatmaq bədəni qızdırmırdı. Şaxtadan adamın ağzında tüpürcək də donurdu. Yaz aylarında (Rıbinskdə aprelin sonu, mayın əvvəli) günlərimi körpə bir ağcaqayın ağacına sərf edirdim. Günaşırı dibini belləyib sulayırdım. Özüm əkmişdim. Boyu məni ötmüşdü. Yarpaq açanda çox gözəl görünürdü. Özünü nərmə-nazik bir qıza, nazik saçlarını isə qız saçlarına bənzədirdim. Hər gün onu tumarlayıb saçlarını əllərimlə oxşayırdım. O körpə ağcaqayına o qədər öyrəşmişdim ki, axşam yatağa uzananda onsuz darıxırdım, tez-tez yuxularıma girərdi...
Hər səhər yeməyə getməmişdən qabaq ona baş çəkərdim və bu zaman bütün briqada tamaşa edə-edə məni gözləyərdi, bundan xoşallanardı çoxları. Hər gün işdən sonra gəlib o ağcaqayınla üz-üzə dayanar, siqaret yandırıb dərindən bir qüllab vurar, sinə dolusu ah çəkərdim.
Xəyal məni aparardı ötən illərə. O ağcaqayını dəlicəsinə sevdiyim bir qıza bənzədərdim və mənə elə gələrdi ki, məhz bu sevgiyə görə dəlicəsinə sevdiyim üçün dəli deyə məni mühakimə edib dustaqxanaya salıblar. Əsas da onu tutublar ki, bəs sevməyin həddi var, sən öz sevginin həddini aşmısan... Bu hissə, düşüncəyə aldanıb bir qəzəl də yazmışdım və hər üz-üzə dayananda onu öz-özümə zümzümə edirdim...
Öpüb-qanadıb lalə üzün
qanə düşmüşəm,
Əğyarın işiymiş demə,
böhtanə düşmüşəm.
Dərya imiş hicran macərası
dolu eşqin,
Üzüb çıxa bilməm,
elə bir yanə düşmüşəm.
Vəslin qapısı bağlı qalıb,
yox açan üzə,
Hicran evində dustağam,
zindanə düşmüşəm.
Bir gecə yuxum ərşə çəkilmişdi. Çox o yan-bu yana çevrilsəm də gözlərimə yuxu getmədi. Odeyalı çiynimə atıb, bayıra çıxdım, bir siqaret yandırdım. Birdən gözlərim sataşdı o körpə ağcaqayına. Ağac ərşə çəkilmişdi, əvəzində qızım, Aynur anasının əllərindən tutub dayanmışdı. Gözlərimi, açanda eyni səhnəni gördüm, həqiqət idi... Soyuq tər basdı məni, üç dəfə bismillah dedim... O gündən şübhə məni bürüdü: - "dünyada bizə məlum olmayan şeylər çoxdu, Allah hər şeyə qadirdi, bəlkə elə bizə ailəvi cəza kəsilib, qızım da, anası da ağac şəklində mənimlə bərabər dustaqlıq çəkir, yəqin özümüz də bilməyən hansısa günahın sahibiyik..." Bu fikirlə heç cür razılaşa bilmirdim: - "tutalım mən günahkardım, bəs körpənin, ananın günahı nəydi? Axı şimalın bu soyuğunda onları məhbus saxlamaq ən azı allahsızlıqdı..." Fikirləşirdim ki, hissə, düşüncəyə qapılmışam. Gördüklərim də ki, gözümə görünür. Amma bununla belə çox vaxt yeməkxanada yemək boğazımdan keçməzdi, elə bilərdim ki, ana-bala ac-susuz qalıb mənim yolumu gözləyir... Azadlığa buraxılan gün o ağacı çıxarıb özümlə aparmaq istədim, amma icazə vermədilər. Elə onda başa düşdüm ki, o ağacı bir də ömür-billah içimdən çıxara bilməyəcəyəm. Çünki, özüm öz əlimlə onu dustaq eləmişdim. Bütün dərd-sərimi ona danışardım, o da lal-dinməz dayanıb məni dinləyərdi...
Nə isə, özüm azadlığa buraxıldım, o isə dustaqxanada qaldı. Kim bilir, bəlkə, elə bu günəcən, eləcə dustaqdır...
Anara məktub
Diksindim, yerimdəcə donub qaldım. İnanmadım qulaqlarıma, saz havası eşidirdim. On-on beş addımlıqdan, müşahidə məntəqəsində ("vışka") keşik çəkən əsgərin kiçik otağından gəlirdi səs. Saz havaları bir-birini əvəz etdikcə az qalırdı ürəyim köksümdən çıxa. Gözlərim doldu, yaman kövrəlmişdim, uzun müddət doğma musiqi eşitməmişdim, od olub məni alışdırdı bu saz. Deyəsən maqnitafonu vardı o əsgərin, yəqin azərbaycanlıydı. Burnumun ucu göynədi...
Qızım gəldi gözümün qabağına, amma necə ayaq açıb yeridiyini görə bilmədim, qızımın səsi gəldi qulağıma, amma necə dil açıb danışdığını eşidə bilmədim. Sonra anamı xatırladım. Və heç özüm də bilmədən yaddaşıma qoşulub harasa uzaqlara qeyb oldum. Ayılıb özümə gələndə acından içim göynəyirdi. Amma başa düşdüm ki, bu əhvalla günorta yeməyinə gedə bilməyəcəyəm. Unudub yadırğadığım azadlıq yenə bütün canıma hakim kəsilmişdi...
Dəli kimiydim, elə bil azadlığımı alan hakimin hökmü də indicə verilmişdi... "Vaxtda" keşik çəkən əsgərlərdən birini dilə tuta bildim,iki araq aldım ondan, 70 manata. Aparıb klubda (kiçik bir otağım vardı) gizlətdim. Marinkeviçdən xahiş etdim ki, növbə rəisindən mənə icazə istəsin, gecə yazı yazacağam, şikayət ərizələri yazacam hökumətə. Axşam bir az donuz salası, turşuya qoyulmuş kələm, çörək tapıb qayıtdım kluba. Şüşənin birini içəndən sonra kiçik pəncərədən (nəzarətçilər görməsin deyə) çıxdım bayıra, klubun arxasında bir müddət var-gəl elədim...
Üz-gözümə bir az qar sürtdüm. Dizəcən qar vardı, hələ də sakit-sakit yağırdı. Zəhrimara qalmış içkinin də elə bil bu boyda zülmün içində mənə gücü çatmamışdı. Təzədən otağa qayıtdım. Hardansa bu qaranlıq otağıma gəlib düşən şamın işartısıyla üz-üzə qaldım və qəflətən mənə elə gəldi ki, qanıb-qanmadığım gündən bu dünyada mənim yeganə pənahım elə bu şam olub. Şeir də belə doğulur, qaranlıqdan işığa, dustaqlıqdan azadlığa.
Ərk etdiyim dostlar da
üzümə durdular...
Sevdiyim qızlar da
sevgimi üzümə vurdular.
Körpə-körpə umuddarım
bu yollarda əldən salıb
məni tamam yordular.
Ömrün cırhacırında
qaldım üşüyə-üşüyə
Qaytar ana, qaytar məni beşiyə.
Avand işim tərs gəldi,
cüt səbr ötdü məndən,
gətirəndə nəhs gəldi...
Dilim gəlmədi təpinim
hər səhər yol üstü
qabağımdan keçən qara pişiyə,
Qaytar ana, qaytar məni beşiyə.
Göy üzünün karrığı,
görən gözlərin korruğu
keçdiyim yolun darrığı
oddadı, məni, oddadı
Mənə tuş gələsi sevinc
başım üstən addadı.
Bənd olmaya bilmədim
Hər ağıldan düşüyə...
qaytar ana, qaytar məni beşiyə.
Hər payız unutdu məni
tanışlar-bilişlər...
Üzümə-gözümə qonmağa
yer tapmadı gülüşlər
Ciyərim siqaretə alışanatək
üzüm-gözüm alışdı
qəm adlı bir nəşəyə.
Qaytar ana, qaytar məni beşiyə.
Çəkilmişəm özümə,
yığılmışam içimə.
Kədər məni səsləmir
səsləmir sevinc məni,
kimsə səsləməz məni
bu darısqallıqdan
bir hovur çıxam eşiyə,
Qaytar ana, qaytar məni beşiyə.
Şeiri yazıb qurtarandan sonra ikinci şüşəni açdım, bir az içəndən sonra başım deyəsən, axır ki, dumanlanmağa başladı.
Stolun üstündəki "Ulduz" jurnalı sataşdı gözümə. Əlimə alıb vərəqlədim (on dəfə oxumuşdum). Anarın "Yaxşı padşahın nağılı" povesti dərc olunmuşdu. Bu povesti nağıl edib rusca danışmışdım uşaqlara. Yadımdadı, güzgü məsələsində bərk mübahisə etmişdik. "Padşah güzgüdə özünü görərdi, ona baxıb daranardı".
Axırda mübahisə razılıqla bitmişdi, hərə bir söz desə də heç kəsin sözü bir-birinə çəp gəlmədi. Və birdən düşündüm ki, Anara məktub yazım, kömək istəyim, məni qurtarsın bu xarabadan. Amma tez də fikrimdən döndüm. Anarla heç bir şəxsi tanışlığım olmamışdı, axı məni hardan tanıyacaqdı... İstədim Brejnevə yazım, bu fikrimdən də yayındım, axı "Yaxşı padşahın nağılı"nı oxumuşdum. Ümidim yenə qarşımdakı o araq şüşəsinə qaldı, başladım o qalan arağı içməyə.
(ardı gələn sayımızda)