adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

«Bağışla» diləyi hələ bağışlanmaq deyil - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
558 | 2022-11-01 14:34

Bunu Akif Əhmədgillə dilə gətirdik

Hər bir insanın içində bir özəl məni var. Bu özəl mən insanın yalnız özü ilə və bir də Allahla söhbət edir. Bu təmasda ən böyük özəllik də bu söhbətin pünhanlığı, sirr olmasıdı. Çünki nə deyirsənsə, nə danışırsansa, özünlə deyib-danışırsan, Allahınla deyib-danışırsan və ortada üçüncü bir şəxs olmadığından o söhbət də sənin içində qalır. İstər ağrı kimi, istər sevinc kimi. Bütün hallarda insanın bu xüsusiyyəti onun üçün həm də bir təsəlli yeridi, bir sığınacaqdı və o özəl mənə sığınıb o zamana qədər dözüb dayanırsan ki, onun sahibi, onun güvəni, onun and yeri, onun qibləsi, onun Tanrısı  axır ki, gəlib çıxır və o həmin özəl mənin saydığım cizgilərə malik olan Tanrısının da adı bəlli olur. O ad SEVGİDİ!

Bəli, bu çaları – yəni bu bədii təkiyyəni ona görə önə çıxartdım ki, indi həmsöhbət olacağım şair Akif Əhmədgilin bir şeiri mənə ip ucu verdi. Şeiri oxuyanda, daha doğrusu onun «Ürəyimin sümüyü yoxdur...» kitabını layihəmə uyğun olaraq vərəqləyib həmin şeirə çatanda gördüm ki, insanın özəl məninin bir üstünlüyü də onun etirafıdı. Bu etiraf bəzən üzr istəmək, bağışla söyləmək ifadələrində də özünü büruzə verir. Əgər bağışlanmağını dilə gətirirsənsə, üzr istəməyi bacarırsansa, deməli sənin içində sevgi bütün mənalarında dipdiridi. Sevdiyinə qarşı da... həyata qarşı da... insanlara qarşı da... Bax, bu məqamda mən Akif Əhmədgilin «Bağışla»sına diqqət yetirirəm və istəyirəm ki, onun kimə və niyə bağışla dediyini sizinlə birlikdə çözək. Necə deyərlər, ələkdən keçirək:

 

Çoxdandır bir qızın saç oğrusuyam,

Saçından ayrılan telə bağışla.

Bu dəli sevginin nə suçu varsa,

Əlimdə tutduğum ələ bağışla.

 

 

Çox səmimi və necə deyərlər birbaşa mətləbə keçən şair yozumu, şair könlünün pıçıltısı. Məncə Akifin bu misraları öz ünvanına çatıbsa, artıq o bağışlanıb. Çünki şeirdəki səmimiyyət o qədər isti və içdən gələndir ki, necə deyərlər «Daşı da mum edər». O ki, qaldı sevən qəlbə onu da bu misralar yola gətirmək iqtidarındadı. Mən də elə Akifin bu ovqatında öz etiraflarımı xatırlayıram. Hardasa etdiyim günah və yaxud xəyalıma gətirdiyim mənzərələr məni də həmin o «bağışla»ya kökləyir. Elə kökləndiyim şeir havasında mən də «Bağışla...» yazmışam:

 

İstəyim

güc gəldi

İstəyimi gizlədə bilmədim...

İstəyim

Ürəyimi

gözlədə bilmədim –

Bağışla...

 

Bəli, insana ən çox güc gələn istəkdi və bir də nəfs. Allah bizi, ümumiyyətlə insanlığı nəfsdən nə qədər uzaq tutsa, dünyanın da xeyrinə olar, insanın da, yerin, göyün də, elə Allahın özünün də. Çünki nəfs qədər insanı hər şeyə vadar edən ikinci bir namərd hiss tanımıram. Heç ağlıma da gətirmirəm. Amma istək tamam fərqli bir nüansdı, fərqli bir duyğudu. O, ürəyin pıçıltısı, ürəyin tələbatı, ehtiyacı, ümumilikdə isə insanın yaşamı üçün, ayaqda qalması üçün zəruri sayılan və ödənilməsi də heç kimə xələl gətirməyən, heç kimin haqqına girməyən bir hisdir. İnsan belə məqamda hər şeylə barışır. Allahına şükürlər etməyi yadından çıxarmır. Çünki o da istəkdi. Həmin o istəyin böyük forması əlçatanı və əlçatmayanı isə ilahi sevda, ilahi sevgidi. Bunu öz istəyi və öz yozumu ilə Akif Əhmədgil bu cür misralayıbdı:

 

Sevda dediyimiz sədasız olmaz,

Sorğusuz, sualsız, nidasız olmaz,

«Sevinin qulları xatasız olmaz»

Sənə könül verən qula bağışla.

 

Görürsünüzmü, şair necə həssaslıqla, daxili bir istəklə, az qala pıçıltı formasında öz sevgisini, öz sevdasını dilə gətirir və onun bağışlanmaq istəyi yalnız sevdiyinə və bir də sevgi Allahına gedib çatan səslə söylənilir. Həmin qulun xatasızlığı əslində edilmiş günahın bağışlanmasını təsdiqləməkllə bərabər, həm də bağışlanması üçün bir minnətin, bir ricanın, bir yalvarışın bağışlanmaq səviyyəsinə gətirib çıxarılmasıdır. Bunu bacaran şair sözünün alt qatında həqiqi niyyətini gizlətmir, pərdələmir və mən də Akifin ovqatına qoşulan ovqatımla gözlərimin , ürəyimin, ruhunun nələr çəkdiyini, nələr yaşadığını və bunun əgər sənə iynə ucu boyda da olsa, ziyanı olubsa, bağışlanmağını diləmişəm:

 

Gözlərim

alışdı gözlərindən

Gizlədə bilmədim...

Gözlərim

gözlərinlə danışdı,

anlaşdı

Və bir-birinə qarışdı

Gözlərimi gizlədə bilmədim –

Bağışla...

 

Əslində indiki  anda   sevginin bütün parametrlərində (əgər eyni baxış bucağı altında diqqət yetirsək-Ə,M,), eləcə də  yazdığım misralarda bağışlanmaq üçün elə bir günahın mövcud olduğunu oxumaq, o günahla qarşılaşmaq kimi hallar yoxdur. Amma gözün dərinliyində çaxan şimşək, ürəyi dəli edən od, alov özü-özlüyündə könüldən-könülə hücum çəkir, axın edir. Bax bu da adamı – yəni aşiqi dilə gətirir. Onu «Bağışla» deməyə vadar edir. Baxmayaraq ki, həmin o yaşanan hiss özəl arzunun, özəl istəyin diktəsidi. Bunu Akif Əhmədgil də oxucuya, ən öncə isə şeirinin qəhrəmanına birbaşa çatdırır:

 

Bu da bir arzudu, bu da bir addım,

Arzumun dalınca bir yol başladım,

Mən sənin adına gül bağışladım,

Keçən günahları gülə bağışla.

 

Məncə bu misraları şərh etmək yox, onu ancaq yaşamaq, ruhunla, vücudunla duymaq lazımdı. Bax onda atılan bir addımın da, içdəki arzunun da, bağışlanan gülün də, keçilən yolun da hər biri ayrı-ayrılıqda bağışlanmağa, necə deyərlər təminatçı kimi boy göstərir. Onun – yəni aşiqin bağışlana biləcəyi təsdiqləyir. Deməli, şair dostum burda sözün şah damarını bağışlanmaq üçün sevdiyinin ixtiyarına veribdi. Seçim ixtiyarı, seçim anı sevilənin özündən, insafından asılı qalıbdı. Deməli, mənim də, elə hər birimizin də bağışlanmasının mümkün olduğunu bildiyimiz belə bir mənzərənin əks-sədası hər kəsin, o cümlədən də bir söz adamı olaraq mənim iç dünyamda da gün işığı kimi görünür. Yəni yolumun, səmtimin aydınlığı heç kimdən gizlədilmir, gizlənmir. Çünki bağışlanmaq üçün atılıb bu addımlar...bağışlanmaq üçün yazılıb bu misralar. Elə mən də həmin dediyim istəyi öz yozumumda oxucu qarşısına çıxarmışam. Mən də bağışlanmaq istəmişəm. Məhz günahım olan sevgiyə görə:

 

Əllərim

yarpaqtək əsdi

Barmaqlarımı

gizlədə bilmədim

Dözmək

məni sıxdı,

nəfəsimi kəsdi

Dözümsüzlüyümə

söz deyə bilmədim –

bağışla!

 

Adətən şairin, burda isə Akif Əhmədgilin istəyinin bir sonu olur, necə deyərlər bir akkordu olur. Bu yerdə də Akif Əhmədgil misra-misra mənə də, sənə də, sevdiyinə də ürəyini açıb çəkinmədən, necə deyərlər kişi kimi birbaşa ortaya qoyduğu istəyin mahiyyəti, məzmunu, məramı öz tamlığına qovuşur. Yəni bağışla deyən şairin bağışlanmaq üçün etdiyi cəhdlər şeirinin son bəndində bir qom bənövşə kimi təqdim edilir. Bu şair ürəyinin, bu şair ruhunun tər bənövşə qomudur. Onun hər ləçəyində bağışla yazılıb. Və şair məhz o ləçəklərində bağışla yazılmış gülə xatir bağışlanmasını o qızdan diləyir:

 

Nə vaxtsa eşqini dandı gül oldu,

Sən elə sanma ki, andı gül oldu.

Ürək də sinəmdə yandı gül oldu,

Barı heç olmasa gülə bağışla.

 

Bəli, Akif Əhmədgil də, elə mən də üzümüzü ONA tutub bağışlanmağımızı istədik. Bu bizim istəyimiz, bu bizim poetik diləyimiz idi. Bağışlayıb bağışlamamaq isə artıq ONUN ixtiyarındadı. O cümlədən də oxucuların!.. Amma hər halda bağışlamaq özü də dəyər verməkdi, böyüklükdü. Heç biriniz böyüklükdən əksik olmayasınız.

TƏQVİM / ARXİV