adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əfqan bataqlığı

MEHMAN CAVADOĞLU
131738 | 2021-07-01 13:22

Çıxış yolu olacaqmı?

 

May ayının 1-dən etibarən NATO (oxu: ABŞ) öz qoşunlarını Əfqanıstandan çıxartmağa başlayıb. 11 sentyabr 2001-ci il terror aktının intiqamını almaq məqsədilə 50-dən çox koalisiya ortağının dəstəyiylə  ölkəyə yeridilmiş hərbi kontingentin oranı tərk eləməsi də elə 11 sentyabrda, yəni, həmin simvolik tarixdə başa çatmalıdı. Pentaqonun məlumatına görə artıq qoşunların yarısı ölkəni tərk eləyib və proses nəzərdə tutulan qrafik üzrə davam edir. Ancaq son günlər məmləkətdə qoşunların çıxma sürətinə uyğun olaraq başqa bir mühüm hadisə də baş verir. Düz yarım əsrə yaxındı ki, başı müsibətlərdən açılmayan bu əzabkeş qövm məhz “nəzərdə tutulan qrafik” üzrə  yenidən öz təbii və ənənəvi stixiyasına qayıdır.

Xatırladaq ki, keçən il fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ hökumətiylə Taliban arasında imzalanmış sazişə əsasən Əfqanıstandakı xarici hərbi qüvvələr 14 ay ərzində ölkədən çıxarılmalıydı. Həmin tarixi sənədi NATO-nun Baş katibi Y. Soltenberq, ABŞ dövlət katibi Mark Pompeo və Rusiya prezidentinin xüsusi nümayəndəsi Zamur Kabulovun iştirakıyla Amerikanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Taliban hərəkatı liderinin müavini Abdulla Qəni Bəradər imzalamışdılar. Belə bir mühüm sənəd nəinki digər tərəfin – Əfqanıstan hökumətinin nümayəndəsiylə imzalanmamışdı, imza törənində, ümumiyyətlə, həmin hökumətin heç bir təmsilçisi iştirak etməmişdi.

Bayden öz Amerika sevdalısı sələfinin bir çox yanlış qərarlarının üstündən xətt çəksə də Əfqanıstan məsələsində nədənsə onunla həmrəylik nümayiş elətdirdi və bununla da ölkəni pis halda sonu görünməyən uçuruma, yaxşı halda qaramat bir gələcəyin ağuşuna yuvarladı. Hələ ABŞ qoşunları ölkədən tam olaraq çıxarılmasa da, artıq ekspert cameələrində ölkədəki hökumətin nə qədər duruş gətirə biləcəyi barədə proqnozlar səslənməyə başlayıb. Çünki onun dayanıqlı olacağına ümid yaradan heç bir siyasi-iqtisadi və hərbi zəmin mövcud deyil.

Monarxiyanın ləğviylə nəticələnən 1973-cü il inqilabından sonra bu ölkə sözün həqiqi anlamında özü boyda qan çanağına dönüb. Özü də təkcə əfqan xalqının yox, əlli il ərzində ona rəhbərlik edən liderlərin boğulduğu qan çanağına. Məhəmməd Dauddan bu yana ölkəni idarə edən çoxsaylı rəhbərlərin arasında başı üstündə postunu tərk edən tək-tük adam taparsan. Bütün kiçik və zəif ölkələr böyük himayədarların kölgəsinə sığınmağa məhkumdu. Amma Əfqanıstanın fenomenliyi bu ölkəyə patronajlıq eləmək istəyənlərin özlərinin naçar duruma düşməsindən qaynaqlanır. Onu nə siyasi-diplomatik yolla idarə eləmək olur, nə də müstəmləkəyə çevirmək.

Dünyanın iki fövqəlgücündən biri olduğu vaxtlarda Sovet imperiyası oranı işğal elədi, ancaq on ildən sonra biabırcasına tərk eləməyə məcbur qaldı. Yaratdığı rejim özündən sonra vur-tut üç il duruş gətirdi. Qərbin dəstəyiylə həmin rejimi yıxan “Şimal alyansı” dörd ildən sonra siyasi səhnəni biabırcasına tərk elədi.

ABŞ silahlı müdaxilə yoluyla Talibanı devirəndə dünyanın yeganə super gücüydü. Çinin dünyaya meydan oxumağına azı 10 il, Putinin məşhur “Münhen nitqi”nəsə ondan üç il az vaxt qalırdı. ABŞ qarışıq bütün Qərb hələ Fukoyamanın “Tarixin sonu” siyasi bestsellerinin laylasına qızınırdı. Amma onun da işğalı 20 ildən sonra artıq öz acı sonluğuna doğru yaxınlaşmaqdadı, “gözü çıxmış rus qardaşı kimi” dibi görünməyən əfqan bataqlığından çıxış yolu tapa bilmir.

 Sovetlərin on il ərzində qurduğu və “möhkəmləndirdiyi” rejim üç il tab gətirdisə, Vaşinqton rejimi qoşunların yarısı hələ ölkədəykən çat verməyə başladı. Taliblərin az qala hər gün yeni-yeni yaşayış məntəqələrini ələ keçirməsi barədə xəbərlər dünya KİV-lərinin səhifələrindən düşmür. Hökumət qüvvələri ölkənin Tacikistan və Özbəkistanla şimal sərhədlərindəki sərhəd-buraxılış məntəqələrini, sözün həqiqi mənasında, başlı-başına buraxaraq qonşu ölkələrə sığınır, həmin məntəqələr bir-birinin ardınca taliblərin əlinə keçir. BMT-nin rəsmi açıqlamasına görə hökumət artıq ölkənin 50 faizdən çox ərazisinə nəzarəti itirib. Düzdür, bəzi mənbələr fərqli rəqəmlər söyləyir və bildirirlər ki, hələlik 400 -ə yaxın rayonun yalnız 50-60-ı taliblərin ixtiyarındadı və bütün iri vilayət mərkəzləri hökumət qüvvələrinin  nəzarəti altındadır.

Bir sözlə, son günlər ölkə haqqında dünyanı dolaşan informasiyalar da məmləkətin durumuna uyğun olaraq qarışıq, ziddiyyətli, hörümşək toru kimi dolaşıqdı, nəyin düz, nəyin səhv, nəyin həqiqi nformasiya, nəyin təbliğat tryuku olduğunu ayırd etmək mümkün deyil.

Son yarım əsrin siyasi təlatümləri nəticəsində etnik dözümsüzlük, konfessional düşmənçilik elə bir həddə çatıb ki, bu ölkənin cənginə keçdiyi şər çevrəsindən nə vaxtsa qurtulacağı real görünmür. Böyük dövlətlərin kəsişən maraqları bir tərəfdən onun bütün faciələrinin qaynağıdırsa, digər tərəfdən hələ ki, bütövlüyünün qarantı olaraq qalır. Ölkədə kişili-qadınlı hamı döyüşçü olub. Əfqan dehqanının çuvalın bir gözündə kətmən, digərində avtomat daşımaq, gündüz çörəyini kətməndən, gecə avtomatdan çıxarmaq vərdişi hələ sovet işğalı dönəmində yaranmışdı.

Artıq ölkədə ayrı-ayrı etnik-dini-siyasi qrupların davası dövrü bitib, “hamının hamıya qarşı müharibəsi” adlı ölüm-dirim cəngi, sanki bir axirət savaşı gedir. Əsas məqsəd qalib gəlmək yox, sağ qalmaqdır. Döyüşən tərəflərin qalib və məğlub libasları permanent olaraq dəyişsə də, şüurlarına hakim kəsilmiş düşmənçilik yanğısından yaxa qurtara bilmirlər.

Yuxarıda dediyimiz kimi Amerikanın 20 illik hökmranlığı da, demək olar ki, nəticəsiz başa çatdı. İndi onlar da öz işğalçı sələfləri kimi adamları qədər relyefi də sərt olan bu diyarı əli ətəyindən uzun tərk edir. Ölkənin yenidən Talibanın cənginə keçəcəyi şübhə doğurmur. ABŞ işğalının ölkəyə gətirdiyi yeganə yenilik Talibanın legitimləşdirilməsi oldu. Bir vaxtların “ekstremist-terrorçu”, Budda heykəllərinin məhvinə görə “dünya sivilizasiyasının düşməni” yarlıqlarıyla damğalanmış bu təşkilat indi siyasi-diplomatik nizamlanmanın yeganə tərəfi kimi onunla eyni masa arxasında oturur. Moskvanın yarımgizli, İslamabadın yarımaçıq dəstəklədiyi bu qüvvənin yenidən hakimiyyətə qayıdacağı və ölkəni yenidən orta əsrlərin qaramatına qaytaracağı çox az adamda şübhə doğurur. 20 illik işğal yenidən devrilmiş qüvvənin geri qayıtması və yaxud qaytarılmasıyla nəticələnəcəkdisə bu qədər qan-qada nəyə lazım imiş? Ötən idarəçilik illərində asdıqlarını asmış, öldürdüklərini öldürmüşdülər. İndi ölüm maşını yenidən işə salınacaq, on minlərlə, yüzminlərlə “kafir” yenidən ölkənin hər guşəsində qurulacaq dar ağaclarına sürüklənəcək.

NATO ordusu ölkədən çıxır, amma türk əskərləri Kabul aeroportunu qorumaq üçün hələ ki, orda qalacaqlar. Türksevər ekspert cameələrində bu fakt bəzən böyük sevinclə qarşılanır, qardaş ölkənin dünya siyasətindəki mövqelərinin güclənməsi kimi şərh edilir. Türkiyənin dünya siyasətindəki, geopolitik çarpışmalardakı rolunun get-gedə güclənməsi, bundan nəinki onun düşmənlərinin, hətta müttəfiqlərinin də əndişələnməsi son illərin danılmaz gerçəkliyidi. Amma son NATO sammitindən, Ərdoğanla Baydenin Brüssel görüşündən sonra müttəfiqlərin rəsmi Anqaraya yönəlik ritorikasında xeyli yumşalmalar hiss olundu. İndi məlum olur ki, bütün bunlar məhz Türkiyənin üzərinə qoyulan bu yeni missiya ilə bağlıymış.

Kabul aeroportu ABŞ-a çox lazımdı. Qoşunlar çıxarılsa da əfqan hökumətindəki sayı bəlkə də mindən yuxarı olan müxtəlif ekspert və instruktorlar Qəni iqtidarının son günlərinə kimi orda qalacaqlar və dar-macalda onların ölkədən çıxarılması üçün aeroport yeganə vasitə olacaq. Odur ki, tək daimi əlaqə yox, həm də bu baxımdan hava limanı rəsmi Vaşinqton üçün mühüm strateji obyektdir.

Bir sözlə, Türkiyə qoşunlarının hələlik Əfqanıstanda qalması imtiyaz yox, məsuliyyətdi. NATO həmişə olduğu kimi indi də özünün hər fürsətdə qısnadığı bu ikinci ən güclü üzvündən çətin məqamda istifadə etmək qərarına gəlib. Odur ki, Türkiyənin ağır bir yükün altına girməsindən eyforiyaya qapılmaq, yumşaq desək, naşılıq əlamətidi. Unutmaq olmaz ki, heç müsəlman təəssübkeşi Taliban da NATO üzvü kimi Türkiyədən yana deyil. Rusiyaya ondan daha isti münasibət bəsləyir.

M. Cavadoğlu 

       

         

TƏQVİM / ARXİV