adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Ermənistan labirinti - Çıxış yolu riskli qərarların qəbulundan keçir

MEHMAN CAVADOĞLU
2027 | 2021-08-26 12:51

Srağagün yenə Ermənistan parlamentində it yiyəsin tanımırdı. Hökumətin beşillik planını deputatların müzakirəsinə təqdim eləməyə təşrif buyurmuş Nikol Paşinyan iclas zalına təhlükəsizlik xidməti əməkdaşlarının mühafizəsi altında girdiyinə görə hər fürsətdə onu təhqir eləməyə bəhanə gəzən müxalif millət vəkilləri baş naziri ağ yuyub qara sərdilər.

 Əsl qalmaqal “Şərəfim var” blokunun təmsilçisi Anna Mkrtıçyan “zati-aliləri”ni “təslimçi” adlandırandan sonra başladı. Bu “təslimçi” yarlığı Paşinyanı və tərəfdarlarını ən çox əsəbləşdirən məsələ olduğuna görə həmin sözdən sonra spiker Alen Simonyan deputatın iclas zalından çıxmasını tələb edir, ancaq xanım Mkrtıçyan bu tələbə tabe olmur. Mühafizə xidməti onu zorla çölə atmağa çalışanda mərəkə  qopur. “Şərəfim var”ın deputatlarına qoşulmuş “Hayastan” blokunun üzvləriylə hakim “Vətəndaş müqaviləsi” partiyasının təmsilçiləri arasındakı latayır söyüşlərlə müşayət olunan söz atışması əlbəyaxa davaya çevrilir və proses tamamilə məcrasından çıxır. Təbii ki, sonda hər şey parlament çoxluğu və ona dəstək verən güc strukturlarının istədiyi kimi yekunlaşır, Mkrtıçyan əvvəlcə zaldan çıxarılır, bir az sonra isə, ambulansla parlamentin binasından uzaqlaş(dırıl)ır.

 Erməni mətbuatı “üsyankar” xanımın sonrakı durumundan heç nə yazmadığından, bir az da konkret desək, bununla maraqlanmadığından belə anlaşılır ki, deputatın səhhəti qaydasındaymış, məqsəd Nuh əyyamından qalma üsulla vəziyyəti daha da dramatikləşdirməkdən başqa bir şey deyilmiş.

Parlamentdə savaşmayan millətin gec-tez küçə və meydanlarda savaşacağı barədə məşhur bir aforizm var. Amma bu aforizmin permanent olaraq həm parlamentdə, həm də küçədə savaşan, özü də təkcə söz və əl-qolla yox, həm də odlu silahlarla savaşan ermənilərə qətiyyən dəxli yoxdu.  Çünki onlar “mifik” erməni idealı uğrunda apardıqları bütün qanlı mübarizələrin məşum sonluğunda acıqlarını bir-birlərindən çıxmağa adətkərdə olublar. Necə deyərlər, bu yolla “stress” ataraq “yüngülləşir”, özlərini və yaxud gələcək nəsillərini yeni münasib dövrə hazırlayırlar.

Bu son parlament, əslində, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra vətəndaş savaşının bir addımlığına gəlib-çatmış proseslərin qarşısını almaq məqsədilə keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşmışdı. Ancaq onun ilk iclaslarında hökm sürən ovqat göstərir ki, təzə parlamentdə yenidən təmsil olunan köhnə siyasi qüvvələrin məqsədi heç də böhrandan çıxış yolu aramaq deyil, qisasçılıq və bir-birləriylə haqq-hesab çürütməkdi.

Belə qatı düşmənçiliyin davam edəcəyi təqdirdə hadisələrin yenidən küçə və meydanlara çıxacağı və bu dəfə artıq vətəndaş müharibəsiylə nəticələnəcəyi qaçılmaz zərurətə çevriləcək, daha doğrusu, barışmaz müxalifət zorakı üsullarla siyasi səhnədən birdəfəlik silinib atılacaq. Paşinyanı kimi demokrat, kimi danışığını və hərəkətlərini bilməyən düşük bir təlxək, kimi də “məxməri inqilab” dalğasında təsadüfən hakimiyyətə gəlmiş təcrübəsiz bir jurnalist adlandıra bilər. Amma onun məğlubiyyətdən sonrakı ağır durumda göstərdiyi siyasi perfomanslar sübut etdi ki, adam o qədər də sadə birisi deyil, kənək qozdu. Üstəlik,  yeni küçə qarşıdurmasında o, xalqdan təzəcə aldığı mandatın gücüylə daha qətiyyətli davranacaq, özünü bir neçə ay əvvəlki tək məğlubiyyətin isti izlərinin təsirindən yaranmış kompleksli birisi kimi ürkək aparmayacaq.

Bundan ötrü onun hələ ki, çat verməyən  siyasi dayaqları da var. Birincisi, hakimiyyətə gəldiyi qısa müddət ərzində korrupsiyaya qarşı apardığı effektli mübarizə, ikincisisə, ölkədə Ermənistanlı – Qarabağlı qarşıdurmasının getdikcə daha yüksələn xətt üzrə inkişafı və açıq düşmənçilik müstəvisinə keçməsidi. İrəvan erməniləri Paşinyandan əvvəl ölkəni 20 il idarə eləmiş Qarabağ klanını təkcə korrupsiyanın yox, həm də ölkəni bürümüş bir çox bəlaların baiskarı kimi görür. Maraqlıdı ki, bu gün parlamentdə ona qarşı olan müxalif azlıq da məhz həmin klanın nümayəndələridi. İndi onlar daha çox Köçəryanın başına yığılıblar,çünki  Serj-Sərkisyanın “xaç atası” olduğu və son iclasdakı mərəkəni törədən, ceçkilərdə bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi belə aşa bilməyən, 5,2 faiz səslə yalnız seçki qanunvericiliyinin verdiyi imtiyazlar sayəsində parlamentə düşən “Şərəfim var” blokunu ciddi siyasi qüvvə saymaq gülünc olardı.   

Parlamentdəki qalmaqallara və isterik vurnuxmalara baxmayaraq Paşinyan hər halda öz beşillik planınını deputatlara təqdim eləməyə imkan tapıb. Bu plan daha çox onun əvvəlki açıqlamalarının məcmusu olsa da içində pozitiv məqamlar da var. Baş nazir öz çıxışında Ermənistanın iqtisadi blokadadan çıxarılmasının vacibliyini qeyd edib və bundan ötrü Türkiyə və Azərbaycanla əlaqələr qurulmasının tərəfdarı olduğunu bildirib. Bunun Ermənistanın təhlükəsizliyi üçün risk olduğunu vurğulamaqla, güman ki, opponentlərinin  hücumlarını önləmək məqsədi güdüb. Əslində, sözü gedən ölkələrdən Ermənistana heç bir təhlükənin olmaması daimi təbliğatla qorxudulan obıvateldən başqa ağlı başında olan bütün ermənilərə gün kimi aydındı. Sadəcə, söhbət yalanla yoğrulmuş bir erməni ideologiyasından getdiyinə görə heç kim bunu dilinə gətirməyə ürək eləmir. Əks təqdirdə, ermənilərin dünya birliyini, əsl həqiqəti onlardan da yaxşı bilən dünya birliyininsə Türkiyəni və yeri gələndə Azərbaycanı  şantaj eləmək fürsəti qaçırılar. Bu, ermənilərdən ötrü tezis deyil, onu dəyişmək olmaz, bu tabudu, ona biət eləmək lazımdı.

 “Beşillik plan”da  Naxçvanla kommunikasiyaların açılmasının qarşılıqlı əhəmiyyəti vurğulanır və dərhal bunun dəhliz anlamına gəlmədiyi bildirilir. Olsun! Bizə kommunikasıyaların açılışı lazımdı və Zəngəzur yolu hansı status daşıyacaqsa, gələcəkdə Laçın yolunun da eyni statusda olacağı heç kimdə şübhə doğurmasın.

Planın ən maraqlı, maraqlı olduğu qədər də ziddiyyətli hissəsi beynəlxalq güclərin prosesdə iştirakıyla bağlıdı. O öz avantürüst niyyətlərini gerçəkləşdirmək üçün eyni zamanda həm Qərbi, həm də onun ən qatı rəqibi olan KTMT-ni (oxu: Rusiyanı) nizmlanma prosesinə çəlb edir. KTMT ona sərhədlərin öz xeyrinə demilitasiya və demarkasiyası üçün, Qərbsə Dağlıq Qarabağın gorbagor olmuş statusunu diriltmək üçün lazımdı.

Minsk qrupunun hər üç üzvünün birmənalı şəkildə ermənilərin tərəfində olması heç vaxt heç kim üçün sirr olmayıb. İndi fəaliyyətsizlikdə və amorf qurum olmaqda ittiham edilən bu qrup əslində, vaxtilə münaqişənin nizamlanması üçün xeyli təkliflər irəli sürmüşdü. “Madrid prinsipləri”, “Kazan nizamlanması” nə bilim, daha hansı dürlü-dürlü adlarla masaya çıxarılmış həmin nizamlanma variantlarının hamısı mahiyyətcə Dağlıq Qarabağın 20 kilometrlik Laçın dəhliziylə birlikdə Ermənistana verilməsini nəzərdə tuturdu.  Təklifləri Ermənistan özü bloklayırdı. Çünki Dağlıq Qarabağdan kənar 7 rayonun işğalıyla başa çatmış Birinci Qarabağ Müharibəsindən sonra yaradılmış ststus-kvo onları qane edirdi. Hələ üstəlik, Gəncə, Tərtər, Bərdə sevdasına da düşmüşdülər.

İndisə Minsk qrupunu çıraqla axtarırlar. Anlamaq lazımdı ki, bu qurum artıq tarixin arxivinə gömülüb. Onu ən azından indiki həmsədrlər formatında diriltməyə Azərbaycan heç vaxt razı ola bilməz və razı olmamalıdı. Çünki Fransa bu prosesdə iştirak üçün həm siyasi, həm də mənəvi hüququnu birdəfəlik itirib, onun ordan uzaqlaşdırılması rəsmi Bakıdan ötrü prinsip məsələsidi. Ermənistan müstəqillik qazandıqdan sonra Moskvanın vassalı olub, fakriki olaraq, onun bir əyalətinə çevrilib. Amma Moska bu münaqişədə ermənilərin xeyrinə altdan-altdan yüz iş görsə də, üzdə heç vaxt rəsmi Fransa qədər açıq-saçıq həyasız mövqe sərgiləməyib.

Rusiya Ermənistanı havayı və yaxud heç vaxt ödənilməyəcək yüngül kreditlər hasabına silahlandırır, sərhədlərini qoruyur, ardıcıl olaraq humantar yardım göndərir, daxili bazar qiymətləriylə enerjiylə təmin edir, amma ermənilər yenə ondan narazıdılar. Daha artığını istəyirlər. Birinci Qarabağ müharibəsində olduğu kimi yenə də rus əsgərinin onların əvəzindən vuruşmasını tələb edirlər. Ruslar vuruşmalı, erməni hərbıçılərisə yaxalarına dürlü-dürlü orden-medallar taxaraq özlərinə məğlubedilməz xalq adı qoyub şellənməlıdilər.

Özgə ətəyindən sallanan yarı yolda qalar. Erməni xalqının ən azından son iki əsrlik tarixi bunun parlaq nümunəsidi. Odur ki, Paşinyan Azərbaycanla münasibətlərdə ikibaşlı oyun oynamamalı, şərtlə danışmamalıdı. Başa düşürük ki, həssas məqamdı, belə məqamlarda qeyri-populyar qərarlar qəbul eləmək siyasətçidən böyük iradə və risk tələb edir. Amma öz ölkəsinin və xalqının mifik yox, real gələcəyi naminə o bu addımı atmalıdı. Özü də bunu xalqın etimadına sahib olduğı indiki məqamda eləməsə sonra mümkün olmayacaq, necə deyərlər, it də gedəcək, ip də. Çünki daxili siyasətdəki perfomanslar Azərbaycan müstəvisində keçməyəcək, “Dəmir yumruğ”un ikinci zərbəsindən sonra vəziyyət daha da ağırlaşacaq.

Sülh şərtlərinin hər yeni məğlubiyyətdən sonra daha da ağırlaşması haqqında müharibələrin tarixi qədər qədim olan diplomatik formul hələ də öz qüvvəsini itirməyib.

M. Cavadoğlu

TƏQVİM / ARXİV