adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: MƏNİM DƏRDLƏRİMİN AYAQLARI VAR....

FAİQ QİSMƏTOĞLU
690 | 2022-04-04 12:15

...Dünyada elə bir insan yoxdu ki, dərdi olmasın. «Qurani-Kərim»də də buyurulur ki, bütün canlılar ölümü dadacaqlar. Əlbəttə, istər padşah ol, istərsə də nökər. Günlərin birində qapın döyüləcək və Allahın mələklərindən biri olan Əzrail gəlib səni aparacaq yaradanın dərgahına. Amma baxır biz onun dərgahına hansı əməllərə gedəcəyik. Ev yıxmışıqsa, qan tökmüşüksə, kiminsə haqqına girmişiksə, təmiz və namuslu adamlara şər-böhtan demişiksə, kasıb və yetimlərin başına qapaz vurmuşuqsa, bax, günahımız xirtdəyə qədərdi. Özü də elə-belə günah deyil, böyük günahdı. Böyük günahlar isə bağışlanılmır. Ən yaxşı halda yaxşı əməllərinə görə nəsə sənə bir güzəşt edilə bilər...

Ancaq yaxşı işlər görən yetimə, yesirə arxa duran, kimsəsizləri sevindirən, qazandığı var-dövlətdən hər dəfə kimlərəsə pay verən insanlar Allah-Təalanın yanında üzü ağdılar. Başqa sözlə demiş olsaq, onların sağ əlinə verilən əməl dəftəri bir daha təsdiq edəcək ki, bu insanlar Allahın qoyduğu yolla gediblər. Amma əməl dəftəri sol əlinə verilənlərin vəziyyəti çox ağır olacaq. Ən azından sorğu-sual zamanı günahları bir-bir üzünə deyiləcək. Hər halda biz Ulu yaradanın işinə qarışmaq istəmirik. Hər şeyi onun ixtiyarına buraxırıq. Vaqif Bayatlı Odərin təbirincə demiş olsaq, «Yer üzü həqiqətləri Allahın yanında puç olacaq və hər şey Ulu yaradanın hüzurunda bərqərar ediləcək». Yəni, haqq-ədalət də, insanın əməlinə mükafat da böyük yaradanın hüzurunda veriləcək.

Yazımızın əvvəlində demişdik ki, dünyada dərdsiz adam yoxdur. Elə bir adam yoxdur ki, çəkə biləcəyi dərddən ağır qəm görməsin. Elə burda böyük Musa Yaqubun bir beyt şeiri yadıma düşür.

 

Mənim dərdlərimin ayaqları var -

Harda olsa gəlib tapacaq məni...

 

...Dərd də belədir. Kimliyindən asılı olmayaraq həmişə onu axtarıb-tapır, güclü adamlar o dərdə tab gətirir, zəiflər isə bu qəmin, bu ələmin içində boğulurlar. Amma Allah-Təala adama dərd verdiyi kimi, həm də böyük bir səbir də verir. Ümumiyyətlə, qurban olduğum Ulu Yaradan öz bəndəsinə həmişə mərhəmətli olur. Başqa sözlə demiş olsaq, bəndəsi onu unutsa da, yaradan onu yaddan çıxarmayıb və unutmayıb.

İnsanları bu dünyada yaşadan onun yaxşı və pis əməlləridi. Və biz insanlar bunu çox vaxt anlamırıq və başa düşmürük. Anlamırıq ona görə ki, çox vaxt özümüzü dərk edə bilmirik. Ən yaxşı halda qəbiristanlıqda kimisə dəfn edəndə bir anlıq çox şeyi xatırlayırıq və həyatın faniliyini hiss edirik. Həmin anda içimiz təmizlənir, şeytan və qara qüvvələr ürəyimizdən çıxır, ora mələklər və nur gəlir. Elə ki, qəbiristanlıqdan uzaqlaşırıq, yenidən oluruq həmin əvvəlki adam və deyirik ki, əşşi, dünya beş gündür, beşi də qara. Qoy öz işimizi görək...

...İnsan həm də ağır günlərində, dərdli anlarında onunla çörək kəsən, onunla yaxınlıq edən, «qardaş» - deyib yada salan adamları yanında görmək istəyir. Elə ki bu adamlardan kimisə görmürsən, bax, onda düşünürsən ki, bu adam başdan ayağa saxta və qeyri-səmimi imiş. Üç-dörd dəfə ağır anında, kədərli günlərində, yası düşəndə yanında olduğun adam sənə telefonla başsağlığı da vermək istəmir. Heç onun başsağlığına da ehtiyac yoxdur. Sadəcə olaraq insanlar ağır günlərində «dost» dediyi adamları daha dərindən tanıyır. Kimlər isə onun yanında olursa, demək o, əsl dostdur. Yoxsa, yeyib-içəndə, yüz-yüz vuranda bir-birinə «can» deyən adamlar bir də görürsən ki, o dostunun ən çətin anında, daha doğrusu, yası düşəndə yanında olmur. Dünya belədir və belə də olacaq. Və bəzən güvəndiyin dağlara görürsən ki, qar yağıb. Elə güvəndiyin bəzi adamlar o qar yağan dağlara bənzəyir...

...Dünyanın hər üzünü görmüşük. Sevincdən çox dərdimiz olub. Mənim ağır günlərimdə, qardaşım Elxanı itirəndə bir daha insanların məni necə çox istədiyini gördüm. Bax, həmin adamların qarşısında baş əyib deyirəm: «Allah sizi qorusun!»...

Dedim axı, həyatın hər üzünü görmüşük. Bu da bir sınaqdır. Qardaşımın birini 22 il bundan əvvəl 48 yaşında itirdim, balaca qardaşım Elxanı isə 60 yaşında, yəni martın 22-də anadan olduğu gündə. Şükür bu günə də! Çünki mənim qardaşım Allahın dərgahına yaxşı əməlləri ilə dönüb. Bəhmənlidə «məmə deyəndən pəpə yeyənə» qədər hamı onun itkisinə kədərləndi. İynə atsan yerə düşməzdi. Onu sevənlərin hamısı son borcunu verməyə gəlmişdi. Qapımızdan düz qəbiristanlığa qədər maşınlar dalbadal düzülmüşdü. Yəni maşının bir ucu qapımızda idi, bir ucu da qəbiristanlıqda. 4 km məsafəni o maşının hər biri qət elədiyi və avtomobilin sükan arxasında olanlar qardaşıma son borcunu ödədilər.

...Mənə təsəlli olan odur ki, Elxan atamın yolunu davam elətdirirdi. Bəhmənlidə hamıya arxa dururdu. Bir adamın xeyrindən, şərindən qalmırdı. Çətin ki, mən onu əvəz edə biləm. Çünki hər ay bir dəfə, iki dəfə kəndə xeyirə, şərə gedərdi. Vaxtında çatdırmadığı yas yerlərinə isə molla apartdırıb Quran oxutdurardı.

Şükür Allaha ki, savadlı və istedadlı, atalarını əvəz edən oğul var – Qismət və Ozal! Allah onları qorusun! Onlara baxıb qardaşımın qoxusunu alıram. Və istər-istəməz Allahın hökmü ilə razılaşıram. Üstəlik də, üç nəvəsinə baxıb bir az da təsəlli alıram. Və təsəlli mənim qəlbimə bir rahatlıq, bir sakitlik, bir dinclik gətirir və bir daha Allahımdan özümə səbr diləyirəm...

TƏQVİM / ARXİV